İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub: «Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala». Bu səbəbdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır. Biz bunların bəzisini nəzərinizə çatdırırıq.
Ramazan ayının gecələrində yerinə yetirilən əməllər:
1. İftar etmək. Yaxşı olar ki, (müstəhəbdir) iftar şam namazından sonra edilsin. Ancaq oruc tutan şəxs çox zəifləsə və ya onu yemək üçün gözləsələr, əvvəl iftar edilməli, sonra isə namaz qılınmalıdır.
2. Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək. Yaxşı olar ki, iftar xurma və ya su ilə açılsın.
3. İftar vaxtı dua oxumaq. Hər kim bu duanı oxusa, Allah ona bu gündə oruc tutanların savabını verər: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu» (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim.) Və hər kim birinci tikəni ağzına qoyarkən bu sözləri desə, Allah onun günahlarını bağışlayar: «Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli» (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla.)
4. İftar vaxtı «Qədr» surəsini oxumaq: «Bismillahir rəhmanir-rəhim. İnna ənzəlnahu fi leylətil qədr. Vəma ədrakə ma leylətulqədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr» (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən, biz Quranı qədr gecəsi nazil etdik. (Ya Peyğəmbər) Qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələklər və Ruh (Cəbrail) Rəbblərinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır.)
5. Əgər mümkün olsa, iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək. Peyğəmbərdən (s) rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir.) .
6. Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar. «Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Qur'an vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam» (Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Qur'anı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.)
7. Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rəkət namaz qılına və hər rəkətdə bir dəfə «Həmd» və üç dəfə «İxlas» surəsi oxunar. Namazın salamını verdikdən sonra bu dua oxunur: «Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yə'cəl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu» (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, əzab verməkdə tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır.) Bu duadan sonra 7 dəfə təsbihati-ərbəə deyilir (Yəni, «Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər».) Sonra deyilir (1 dəfə): «Subhanəkə, subhanəkə, subhanəkə ya əzim iğfirliyəz-zənbələzim» (Paksan Sən, paksan Sən, paksan Sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla.) Və bu duadan sonra da 10 dəfə salavat deyilir: Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allah bu iki rəkət namazı qılanın 70 min günahını bağışlayar.
8. Ramazan ayı ərzində min rəkət namaz qılınır. Qılınma qaydası müxtəlifdir. Daha yaxşısı bu qayda ilədir: Ramazan ayının 20-ci gecəsinə qədər hər gecə iyirmi rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, on iki rəkəti isə xiftən namazından sonra qılınır). Ramazan ayının 21-ci gecəsindən sonra isə hər gecə otuz rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, iyirmi iki rəkəti isə xiftən namazından sonra qılınır). Bu cəmi yeddi yüz rəkət edir. Qalan üç yüz rəkət isə Qədr gecələrində (Ramazan ayının 3 gecəsində) qılınır. Beləliklə? bu üç gecə 300 rəkət namaz qılınmış olur. Bütün bu min rəkət namaz «iki rəkət-iki rəkət» qılınır, hər iki rəkətdən sonra təşəhhüd və salamlar deyilir və bundan sonra qalxıb təkbir (Allahu Əkbər) deyilib namaza davam edilir. Hər rəkətdə «Fatihə» və «İxlas» surələri oxunur.
Ramazan ayının gündüzləri yerinə yetirilən əməllər:
1. Səhur (o başdanlığı) yemək. Bir xurma və ya bir içim su ilə olsa da belə, səhuru yemək lazımdır (müstəhəbdir).
2. Səhur yeyən vaxt «Qədr» surəsini oxumaq. İftar edən vaxt və səhuru yeyəndə «Qədr» surəsini oxuyana, bu iki vaxt arasında (iftar və səhur), Allah yolunda öz qanına bulaşanın savabı yazılar.
3. 6-cı gecə əməlində qeyd olunan duanı gündüz də oxumaq müstəhəbdir.
4. Hər gün 100 dəfə salavat demək.
5. «La ilahə illəllah», «əstəğfirullah» (Allahdan bağışlanma istəyirəm) zikrini bu ay çox demək müstəhəbdir (Ən azı hər gün yüz dəfə «La ilahə illəllah», yetmiş dəfə «Əstəğfirullah» deyilməlidir). Həmçinin, bu ayda Quran çox oxunmalıdır. Çünki bu ay Quran nazil olan aydır.
Bütün bu deyilənlər hər gün və hər gecə deyilməlidir.
Qədr gecəsinin əməlləri
Qədr gecələrinin əməlləri iki qismdir. Birinci qism o əməllərdir ki, Qədr gecəsi ehtimal olunan hər üç gecədə (Ramazanın 19, 21 və 23) yerinə yetirilir. İkinci qism isə o əməllərdir ki, onlar ancaq bir gecəyə məxsusdur (Yəni bu əməl, ya ancaq Ramazanın 19-cu gecəsinə və ya ancaq 21-ci gecəsinə və s. məxsus əməllərdir). Qədr gecəsi elə bir gecədir ki, bütün ildə yaxşılıq və üstünlükdə heç bir gecə bu gecəyə çata bilməz. Bu gecədə yaxşı əməl etmək, min ayda əməl etməkdən daha yaxşıdır. İlin işləri bu gecədə müqəddər olur və bu gecədə mələklər və mələklərin ən əzəmətlisi olan Ruh Rəbbinin izni ilə yerə enib, İmam Zaman (ə)-ın xidmətinə təşrif gətirirlər və hər kəs üçün müqəddər olan ona (ə) təqdim olunur.
Birinci qismə aid olan əməllər:
1. Qüsl
2. İki rəkət əhya gecəsinin namazını qılmaq. Hər rəkətdə bir «Həmd» və 7 dəfə «İxlas» surəsi oxunur. Namazdan sonra 70 dəfə deyilir: «Əstəğfirullahə və ətubu ileyh» (Allahdan bağışlanmağımı istəyirəm və ona tövbə edirəm.)
3. Qurani-Kərimi açıq vəziyyətdə qarşında tutub bu duanı oxu: «Allahummə inni əs'əlukə bikitabikəl-münzəli və ma fihi və fihis-mukəl əkbəru və əsmaukəl hüsna və ma yuxafu və yurca ən təc'ələni min ütəqaikə minənnar» (İlahi, içərisində Sənin ən böyük ismin və gözəl adların olan, qorxudan və ümid olunan nazil etdiyin bu kitaba xatir Səndən istəyirəm ki, məni cəhənnəm odundan azad etdiklərindən qərar verəsən.) Duadan sonra diləyini Allahdan istəyirsən.
4. Quranı başına qoyub bu duanı oxu: «Alahummə bihəqqi hazəl Qur'an və bi həqqi mən ərsəltəhu bihi və bihəqqi kulli mu'minin mədəhtəhu fihi və bihəqqikə əleyhim fəla əhədə ə'rəfu bihəqqikə minkə» (İlahi, bu Qurana xatir və o kəsə xatir ki, bu Quranı onunla birgə göndərmisən və bu Quranda tərif etdiyin hər bir möminə xatir və Sənin onların üzərində olan haqqına xatir, belə ki, Sənin haqqını Səndən daha yaxşı bilən yoxdur.) Sonra 10 dəfə deyirsən: bikə ya Allah, 10 dəfə bi Muhəmmədin, 10 dəfə bi Əliyyin, 10 dəfə bi Fatimətə, 10 dəfə bil Həsəni, 10 dəfə bil Huseyn, 10 dəfə bi Əliyyibnil Huseyn, 10 dəfə bi Muhəmməd ibni Əliyy, 10 dəfə bi Cəfər ibni Muhəmməd, 10 dəfə bi Musəbni Cəfər, 10 dəfə bi Əliyyibni Musa, 10 dəfə bi Muhəmməd ibni Əli, 10 dəfə bi Əliyyibni Muhəmməd, 10 dəfə bil Həsən ibni Əli, 10 dəfə bil Huccəti (İlahi, Səni özünə and verirəm, İlahi, səni Peyğəmbərə (s) and verirəm, İlahi səni Əliyə (ə) and verirəm, İlahi, səni Fatiməyə (ə) and verirəm...) Sonra dilək və hacətini Allahdan istə.
5. Əhya (Səhərə qədər oyaq qalmaq). Rəvayətdə var ki, hər kim qədr gecəsini əhya saxlasa, günahları bağışlanar.
Bu əməlləri hər üç gecədə yerinə yetirmək lazımdır. Aşağıdakı əməllər isə hər gecənin özünə məxsusdur.
19-cu gecənin əməlləri:
1. 100 dəfə deyilir: «Əstəğfirullahə rəbbi və ətubu ileyh» (Rəbbim olan Allahdan bağışlanmaq istəyib, ona tövbə edirəm.)
2. 100 dəfə deyilir: «Allahumməl'ən qətələtə Əmiril mu'minin» (İlahi, Həzrət Əlinin qatillərini rəhmətindən uzaqlaşdır.)
21-ci gecənin əməlləri:
21-ci gecənin duası uzun olduğu üçün yazmadıq. İstəyənlər «Məfatihul-cinan» və sair dua kitablarına müraciət edə bilərlər.
23-cü gecənin əməlləri:
1. «Ənkəbut» və «Rum» surələrini oxumaq. İmam Sadiq (ə) buyurur: «Bu gecədə bu iki surəni oxuyan cənnət əhlindəndir».
2. «Duxan» surəsini oxumaq.
3. İmam Zamanın fərəc duası: «Bismillahir-rəhmanir-rəhim. Allahummə kunli vəliyyikəl höccət ibnil Həsən səlavatukə əleyhi və əla abaihi fi hazihis saəti vəfi kulli saəh. Vəliyyən və hafiza, və qaidən və nasira, və dəliynən və əyna. Hətta tuskinahu ərzəkə təuən vətuməttiəhu fiha təvila. Birəhmətikə ya ərhəmər-rahimin» (Rəhimli və mərhəmətli Allahın adı ilə. İlahi, öz dostun Hoccət ibni Həsən (ə) üçün bu saatda və hər bir saatda vəli, hifz edən, rəhbər, köməkçi və dəlil ol və onu Öz nəzərin altında saxla. Ta o vaxta qədər ki, onu yer üzərində uzun müddət məskunlaşdırıb, orada nemətlərinlə faydalandırasan.)
4. Bu duanı oxumaq: «Allahumməm-dud li fi umri və ausi li fi rizqi və əsihhə li cismi və bəlliğni əməli və in kuntu minəl əşqiyai fəmhuni minəl-əşqiya vəktubni minəs-süədai fə innəkə qultə fi kitabikəl münzəli əla nəbiyyikəl mursəli salavatukə əleyhi və alihi yəmhullahu ma yəşau və yüsbit və indəhu ummulkitab» (İlahi, mənə uzun ömür ver, mənim ruzimi genişləndir, cismimi sağlam et, məni öz arzuma yetir. Əgər mənim adım bədbəxtlər dəftərindədirsə, mənim adımı oradan sil və məni səadət əhlindən qərar ver. Çünki sən mürsəl Peyğəmbərinə - sənin rəhmətin ona və ailəsinə olsun - nazil etdiyin kitabda demisən: «Allah istədiyini silər, istədiyini sabit saxlayar və kitabın əsli onun yanındadır».)
Ramazan ayının ilk və son gecəsində ayı görərkən oxunan dualar
Ramazan ayının ilk gecəsi hilalı gördükdə üzünü qibləyə tutub əlləri səmaya qaldırıb aya xitabən belə deyirsən: «Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Allahummə əhilləhu əleyna bil-əmni vəl iman vəs-səlaməti vəl-islam vəl musarə'əti ila ma tuhibbu və tərza. Allahummə barik ləna fi şəhrina haza vərzuqna xeyrəhu və aunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəhu» (Mənim və sənin rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, əmniyyət və imanla, salamatlıqla, İslamla və sənin sevib razı olduğun işlərə tələsməklə bu ayı bizlərə yeniləşdir. İlahi, bu ayımızı bizlər üçün bərəkətli edib, onun xeyri və köməyini bizlərə nəsib et və onun ziyan, şərr, bəla və fitnəsini bizlərdən uzaqlaşdır.)
Ramazan ayının son gecəsində aşağıdakı dua ilə ayla vidalaşırlar: «Allahummə la təc'əlhu axirəl-əhdi min siyami lişəhri ramazan və əuzu bikə ən yətluə fəcru hazihilleyləti illa və qəd ğəfərtə li» (İlahi, bunu mənim Ramazan ayında tutduğum orucların axırıncısı qərar vermə. İlahi mən sənə pənah aparıram ki, bu gecənin sübhü açıldıqda məni bağışlamış olasan.) Sübh açılmamışdan Allah onun günahını bağışlayar.