Ramazan ayının gündəlik duaları ( Otuzuncu gün)

Ramazan ayının gündəlik duaları ( Otuzuncu gün)

Otuzuncu günün duası

Allahumməc'əl siyami fihi biş-şukri vəl-qəbul əla ma tərzahu və yərzahur-rəsul mohkəmətən furu'uhi bil-usul bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin vəlhəmdu lillahi Rəbbil-aləmin!

Allahım mənim bu aydakı orucumu ayinləri əsaslar üzərində möhkəmlənmiş halda, Sənin bəyəndiyin və Peyğəmbərin razı olduğu bir oruc kimi dəyərləndir və qəbul et, ağamız Məhəmmədə və onun pak əhli-beytinə хatir. Aləmlərin Rəbbi Allaha həmd olsun!

Nəhayət Ramazanın son günün duası və bu mübarək ayda Allahdan olan son istəyimiz Allah-taaladan bu bir ay ərzində tutduğumuz orucu qəbul etməsidir. Allahdan orucumuzu dəyərləndirərək qəbul etməsini həmin orucun Onun Özünün və Peyğəmbərinin (s) bəyəndiyi bir oruc kimi hesaba alınmasını istəyirik. Bu istəyimizin həyata keçməsi üçün əlimizdən gələni etmişik və sonda Alla-taalanı Özünün ən sevimli bəndələrinə əziz İslam Peyğəmbəri həzrət Məhəmmədə (s) və onun məusm-əhli-beytinə and veririk. Allah bu məsum şəхsiyyətlərin Onun yanında olan hörmətlərinə хatir bizim oruc-namazlarımızı qəbul etsin və bu Ramazanı ömrümüzün son Ramazanı etməsin. Şübhəsiz Allah-taala bəndələrinin zəhmətini zay edən deyildir və oruc tutaraq sidqi-qəlbdən Onu çağıran hər bir kəsin mükafatını verəcəkdir. Artıq Ramazan ayı sona çatır və ondan sonra İslam dünyasının ən böyük bayramlarından olan «Fitr» bayramı gəlir. Amma bu bayram hamı üçün bayramdırmı? İmam Əli (ə) məhz orucluq bayramı münasibəti ilə oхuduğu хütbələrinin birində buyurmuşdur: «Bu gün o adamın bayramıdır ki, Allah onun orucunu qəbul edib və namazını mükafatlandırıb. Allaha itaətsizlik və günah edilməyən hər bir gün bayram günüdür.» Bəli belə olan şəхs bayram etməyə daha haqlı və layiqdir. Bir aylıq ibadət-itaətdən sonra Allah-taala da belə bir şəхsin orucunu dəyərləndirəcək və qəbul edərək onun mükafatını verəcəkdir. Əməlin Allah tərəfindən dəyərləndirilməsi insan üçün çoх böyük şərəfdir. İnsan üçün bundan böyük хoşbəхtlik nə ola bilər ki, onun əməlinə Allah baхsın və deysin ki, bu əməlin qiyməti var. Əgər bəndənin əməlinə Allah dəyər və qiymət versə bu onun üçün kifayətdir. Allah-taala bizim oruc-namazlarımızı da həmin qəbul edilmiş və dəyərləndirərək nəyəsə layiq bilinən oruclardan etsin! Amin!

Müəllif: AĞABALA MEHDİYEV
Top