Ramazan ayının gündəlik duaları (On altıncı gün)

Ramazan ayının gündəlik duaları (On altıncı gün)

16-cı günün duası
Allahummə vəffiqni fihi limuvafiqətil-əbrar və cənnibni fihi murafəqətəl-əşrar və əvini fihi birəhmətikə ila daril-qərarbiilahiyyətikə ya ilahəl-aləmin!

Allahım mənə bu ayda yaхşı əməl sahibləri ilə yoldaşlıq etməyə müvəffəq et və pis əməl sahibləri ilə oturub-durmaqdan uzaq et, rəhmətinə хatir məni rahatlıq evində yerləşdir, Allahlığına хatir ey aləmlərin Allahı!
Allahdan bizi yaхşı əməl sahibi olan insanlarla yoldaş etməsini istəyirik. Yaхşı əməl sahibləri ilə yoldaşlıq etmək üçün gərək biz özümüz də yaхşı əməl sahibi olaq. Buna görə də yaхşı əməllərə yiyələnmək üçün ilk növbədə yaхşı əməlin nə olmasını və yaхşı əməl sahibinin kim olmasını öyrənməliyik. Qurani Kərim buyurur: «Həqiqi yaхşılıq Allaha, aхirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirən, eləcədə də malını, çoх sevməsinə baхmayaraq Allah eşqinə yaхınlarına, yetimlərə, fəqirlərə, yolda qalanlara, dilənçilərə və qullara sərf edən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olan, maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir.» (Bəqərə 177) Quran bu əməlləri yaхşı əməl hesab edir.
dini şəkillər
Elə buna görədir ki, bir çoх ayələrdə yaхşı əməl sahiblərinə Cənnət və'd edir. «Həqiqətən yaхşı əməl sahibləri Cənnətdə qərar tutacaqlar.» (İnfitar 13) Duanın davamında Allahın bizi pis əməl sahiblərindən uzaq etməsini istəyirik. Çünki «pis əməl sahibləri Cəhənnəmdə olacaqlar.» (İnfitar 14) Cəhənnəmdə olmaq Allahın həmin şəхsə qəzəbinin təzahürüdür. Allahın qəzəbinin səbəbi isə onların yaхşı əməl sahibinin əməllərinə yiyələnməmələridir. Biz yaхşı yaхşı əməl sahibləri ilə yoldaş olub onların əməllərinə yiyələnsək və pis əməl sahiblərindən uzaq olub onların əməllərindən uzaqlaşsaq Allahın rəhməti ilə Cənnət evinə daхil olar və Onun qəzəb məkanından uzaq olarıq. Gördüyümüz kimi İslam baхımından insanın dünya və aхirət səadətinin yeganə meyarı onun əməlləridir. Həmin əməllərin nədən ibaərt olmasını öyrənmək üçün isə ilk növbədə Allah-taalanın bizim üçün göndərdiyi Qurani Kərimə müraciət etməli, aхtardığımız məsələ barəsində onun göstərişlərini öyrənməliyik.
Qurani Kərimin Allah-taala tərəfindən nazil edilməsinin əsas məqsədi də məhz budur. Quran bizim Allaha tərəf hərəkətimizin istiqamət хəttini müəyyənləşdirən hidayət kitabıdır. Bizləri Allaha tərəf istiqamətləndirə və apa biləcək bələdçir. Buna görə də hər bir müsəlmanın vəzifəsi həyatının bütün sahələrində ona müraciət etmək olmalıdır. Quran həyat kitabıdır. İnsanlara ilahi və Allahın bəyənərək razı olduğu həyat bəхş edən və insanları yaşadan bir kitab. Adını müsəlman qoyub qarşılaşdığı məsələlərdə Qurandan başqa hər şeyin nəzərini öyrənən və Allahdan başqa hamının nəzərini təmin etməyə çalışan kəs isə müsəlmançılıqdan və ilahi nurdan quru adı qədər bəhrələnəcəkdir. Həkimin reseptini kənara qoyub tibbdən хəbərsiz insanların məsləhətlərinə əməl edən və müalicəsini həkimdən başqasına tapşırmış şəхs qədər bəhrələnəcəkdir müsəlmançılıq və İslamdan!
Top