Cümə namazı və onun əhəmiyyəti

Cümə namazı və onun əhəmiyyəti

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın kərəmindən ruzi diləyib axtarın! Və Allahı çox zikr edin ki, bəlkə, nicat tapıb səadətə qovuşasınız!» (Cümə surəsi, 9-10).


Cümə, İslam dinində çox əhəmiyyətli qəbul edilən həftəlik ictimai ibadət günüdür. Müxtəlif hədislərdən də göründüyü kimi, cümə günü əvvəllər yəhudi və xristianlar üçün həftəlik ibadət günü olaraq təyin olunmuş, lakin bunu dəyişdirərək yəhudilər şənbəni, xristianlar bazarı həftəlik toplantı və ibadət günü olaraq qəbul etmiş, sonda cümə günü müsəlmanlar üçün yenidən həftəlik ibadət günü təyin edilmişdir.
məscid

Cümə gününün fəziləti

Müsəlmanlar üçün çox əhəmiyyətli olan bu günə Allah Təala böyük dəyər vermiş, müxtəlif hədislərə görə bəşəriyyət üçün önəmli olan bir çox hadisələr bu gündə baş vermişdir. Hədislərdə bildirildiyinə görə, Allah Adəm əleyhissəlamı cümə günü xəlq etmiş, onu cənnətə cümə günü daxil etmiş, cənnətdən cümə günü xaric etmiş, onu Yer üzünə yenə cümə günü endirmiş, tövbəsini də cümə günü qəbul edərək bağışlamışdır (Muslim). Başqa bir hədisə görə Qiyamət də cümə günü qopacaqdır (Əbu Davud). Cənnətdə insanların öz Rəblərini görəcəyini iddia edən alimlər öz kitablarında belə bir rəvayət edirlər ki, cənnət əhli cümə günləri öz Rəblərinin üzünü görəcəklər (Təbərani). Başqa bir hədisdə bildirilir ki, Allah elçisi (s.ə.s.) cümə gününü nəzərdə tutaraq demişdir: «Bu gündə elə bir saat vardır ki, həmin vaxt müsəlman olan şəxs namaza durub, uca və böyük Allahdan istədiyini diləsə, onda hökmən buna nail olar». Sonra o, əli ilə həmin dəqiqələrin azlığına işarə etmişdir (Buxari, Muslim).

Qurban bayramında ərəfat günü cümə gününə təsadüf edəndə xalq arasında o il edilən həccin «həcci əkbər» (böyük həcc) olaraq adlandırılması da cümə gününə verilən dəyərə işarə edir.

Bir şeyi də qeyd etmək lazımdır ki, xalq arasında cümə axşamı gününün xüsusi dəyər qazanması və ümumiyyətlə «cümə axşamı» termininin yaranması da əslində cümə gününün «sayəsində» olmuşdur. Belə ki, qəməri təqvimə görə növbəti gün axşam gün batandan sonra başlayır. Cümə axşamı gününün adından da bu açıq aydın görünür. Amma bəzi yerlərdə cümə axşamı gününün fonunda cümə gününün öz əhəmiyyətini sanki itirdiyi müşahidə olunur.

Cümə günü müsəlmanlar üçün böyük əhəmiyyət kəsb etdiyi və sanki bir bayram günü qəbul edildiyi üçün, cümə axşamı günü axşamdan başlayaraq maddi və mənəvi təmizliyə hər zamankından daha çox diqqət etmək lazımdır. Bu işlərin içində əsas yeri qüsl almaq tutur ki, cümə günü üçün qüsl almaq alimlərin çoxuna görə sünnət, bəzilərinə görə isə hətta fərzdir. Bundan başqa, cümə günü namaza getməzdən əvvəl dırnaq kəsmək, dişləri təmizləmək kimi gigiyenik qaydalara əməl etmək, təmiz paltarlar geyinmək, başqalarını narahat etməyən, əksinə ətrafdakılara xoş gələn gözəl ətirlərlə ətirlənmək sünnət olan əməllərdəndir. Hz. Peyğəmbərin (s.ə.s.) tövsiyəsinə əsasən cümə günü soğan, sarımsaq kimi kəskin qoxulu şeylər yeyib məscidə getmək olmaz. Mömin belə dəyərli və əhmiyyətli bir günün mənəvi havasına girməli, çoxlu Quran oxumalı, zikrlə məşğul olmalı, Rəsulullaha (s.ə.s.) salavat gətirməli və səmimi bir qəlb ilə uca Allaha dua və istiğfar (Allahdan günahların bağışlanmasını diləmək) etməlidir.

müqəddəs Kəbə,Həcc ziyarəti
Cümə namazının dindəki yeri və hökmü

Quran, sünnə və icmaya əsasən cümə namazı fərzdir. Fərz olduğu, Cümə suəsinin yuxarıda qeyd etdiyimiz ayəsində də göstərilmişdir. Hədis kitablarında istər cümə namazının fəziləti, istər fərz olduğu, istərsə də bu namazı səbəbsiz olaraq tərk etməyin böyük günah sayıldığı haqda səhih hədislər vardır. Əbu Hureyrənin Hz. Peyğəmbərdən (s.ə.s.) rəvayət etdiyi bir hədisdə belə deyilir: «Hər kim cümə günü qüsl alıb cümə namazı qılmaq üçün məscidə gəlsə, imam xütbəni bitirənəcən sussa və sonra da onunla birgə camaat namazı qılsa, növbəti cümə gününədək və ondan əlavə üç gün onun günahları bağışlanar» (Muslim). Başqa bir hədisdə isə bildirilir ki, cümə gününə əhəmiyyət verməyərək üç cümə namazını buraxan şəxsin qəlbi möhürlənər (Əbu Davud).

Rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s.) cümə namazını ilk dəfə hicrət əsnasında Mədinə yaxınlığındakı Ranuna vadisində Salim ibn Avf qəbiləsinə baş çəkməyə gedərkən qıldırmışdır. Bununla bərabər cümə namazının nə zaman fərz qılındığı xüsusunda iki müxtəlif görüş ortaya çıxmışdır. Birinci görüşə görə cümə namazı Məkkədə fərz qılınmasına baxmayaraq müşriklərin təzyiqi nəticəsində orada qılmaq mümkün olmamışdır. İkinci görüşə görə isə, cümə namazı hicrət əsnasında fərz qılınmışdır və ilk cümə namazını yuxarıda qeyd etdiyimiz kimi Hz. Peyğəmbər (s.ə.s.) Ranuna vadisində qıldırmışdır.

Cümə namazı Hz. Peyğəmbərin (s.ə.s.) dövründə dini, ictimai, siyasi bir çox dəyərlərə sahib idi. Bayram ab-havasında qılınan bu namaz, müsəlmanların bir-birinə daha da isinişməsinə, bir-birilərinin problemlərindən xəbərdar olmalarına, yeniliklərin yayılmasına da xidmət edirdi. Ona görə də bu namazı başqa namazlardan fərqləndirən bir sıra xüsusiyyətləri mövcuddur. Əvvəla bu namazda müsəlmanların birliyi əsas alındığı üçün hər yerdə qılına bilməz. Bir çox görüşə görə bunun üçün rəhbərin də icazəsi əsas alınaraq müəyyən məscidlərdə qılınmalı, dövlət tərəfindən rəsmi təyin olunmuş nümayəndə isə həm xütbə oxumalı, həm də namazı qıldırmalıdır (Bu sonuncu müddəaya görə İslam qaydaları ilə idarə olunmayan ölkələrdə cümə namazının vacib olub-olmaması məsələsi mübahisəlidir). Hətta bir çox alimlərin görüşünə görə əgər kənddə və ya qəsəbədə birdən artıq məscid varsa, zərurət olmadığı halda yalnız birində cümə namazı qılınmalıdır.


Cümə namazının qılınışı və xütbə

Cümə namazı zöhr (günorta) namazının vaxtında qılnır və o namazı əvəz edir. Yəni cümə namızını qılan şəxs günorta namazını qılmır. Namazın əsas şərti iki rükətdən ibarət namaz və xütbədir. Fərz namazdan əlavə iki sünnət namazı da vardır ki, birincisi (dörd rükət) fərz namazdan əvvəl, ikincisi isə (iki və ya dörd rükət) namazdan sonra qılınır. Cümə namazında iki əzan (biri xarici, biri daxili), bir iqamə gətirilir. Birinci əzan ucadan verilir və bundan sonra sünnət namazı qılınır. Bunun ardından nisbətən alçaqdan, məscidin içi üçün ikinci əzan verilir. Bu vaxt imam minbərə çıxaraq xütbə söyləməyə başlayır. Xütbə bitdikdən sonra iqamə gətirilir və camaat halında iki rükətlik fərz namazı qılınır. Bu namazdan sonra isə yenə də sünnət namazı qılınır.


Xütbənin mahiyyəti

Yuxarıda da qeyd etdiyimiz kimi cümə namazının əsas şərtlərindən biri xütbədir. «Xütbə» sözü kiməsə xitab etmək, bir şey söyləmək deməkdir. Xütbə İslamın ilk dövrlərindən çox mühüm xüsusiyyətə malik olmuşdur. Hz. Peyğəmbər (s.ə.s.) öz xütbələrində yeni gəlmiş vəhylərdən, təzə əmr olunmuş ibədətlərdən danışardı. Lakin dini mövzulardan başqa dünyəvi mövzulara da öz xütbələrində yer vermiş, ictimai münasibətlərdən, görüləcək işlərdən, döyüşlərdən, bu döyüşlərdə əldə olunmuş qənimətlərin bölüşdürülməsindən, müxtəlif tədbirlərdən də danışmışdır. Xüləfai-Raşidin dövrünün sonlarından başlayaraq cümə namazının xütbələri yavaş-yavaş daha çox siyasi məzmun almağa başlamışdır. Bəzi yerlərdə və dövrlərdə Həzrəti Əliyə, bəzi yerlərdə və dövrlərdə isə Müaviyəyə lənət oxunduğu tarixi faktlardır.

Dövrümüzdə dini maarifləndirməyə böyük ehtiyacın olduğunu nəzərə alsaq xütbələrdə əsasən dini mövzulardan, İslamın əsaslarından bəhs etmək daha məqsədəuyğundur. Çünki xütbə, həftədə bircə gün bir yerə yığılmış möminlərə savadlı bir şəkildə qısa zaman içərisində nələri isə öyrətmək üçün bir fürsətdir. Xütbə əsasən bu məqsədlə, müsəlmanların bilmədikləri xüsuslarda maariflənməsi üçün nəzərdə tutulmuşdur. Bu səbəblə camaatın bildiyi dildə və başa düşüləcək bir tərzdə söylənməlidir. Namaza gələn hər bir müsəlman xütbəni diqqətlə dinləməlidir. Xütbə söylənən zaman danışmaq və ya danışan adamı danlamaq, namaz qılmaq, ehtiyac olmadığı halda bayıra çıxmaq kimi əməllər məkruhdur və yolverilməzdir.



Aqil Hacıyev ([email protected])
Top