ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ- Əgər insan qəsdən orucu batil edən işlərdən görsə, orucu batil olur. Amma qəsdən olmasa eybi yoxdur. Bu hökmdə Ramazan ayının orucu ilə başqa oruclar arasında heç bir fərq yoxdur. Amma boynunda qüsl olan şəxs yatsa, sübh azanına qədər qüsl etməsə, orucu batildir.
- Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını güman edərək o işlərdən yenə də görsə, orucu batildir.
- Əgər bir şeyi zorla oruc tutanın boğazına töksələr və ya başını zorla suya batırsalar, orucu batil olmaz. Amma əgər (özünün) orucunu batil etməyə məcbur etsələr (məsələn, "orucunu yeməsən mal-dövlətinə, canına zərər yetirəcəyik",- desələr) və zərərin qarşısını almaq üçün özü orucunu yesə, orucu batildir.
- Oruc tutan şəxs boğazına bir şey töküləcəyini bildiyi yerə, yaxud onu orucunu özünün yeməsinə məcbur edəcəklərini bildiyi yerə (gücə və zora məruz qaldığı yerlərə) getməməlidir. Amma getməyi məqsədində tutub getməsə, yaxud gedəndən sonra ona bir şey yedizdirməsələr, orucu düzgündür. Əgər çarəsizlik üzündən orucu batil edən bir iş görsə və əvvəldən də məcbur olunduğunu bilsə, orucu batildir.
ORUC TUTAN ŞƏXSƏ MƏKRUH OLAN ƏMƏLLƏR
Bir neçə şey oruc tutana məkruhdur, o cümlədən:
- gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğazına çatarsa)
- zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək)
- burunotu çəkmək (əgər boğaza çatacağını bilməsə; amma əgər bilsə caiz deyildir)
- ətirli gülləri, bitkiləri iyləmək
- qadının suda oturması
- qeyri maye şeylərlə imalə etmək
- bədəndəki paltarı islatmaq
- diş çəkdirmək, ağızdan qan gəlməsinə səbəb olan bütün işlər, yaş çubuqdan diş fırçası kimi istifadə etmək məkruhdur.
Həmçinin şəhvətini təhrik edən bir iş görsə və adəti də bu kimi işlərdən məninin çölə gəlməsi olmasa, məkruhdur. Amma bunun əksi olsa, orucu batildir.
ORUCUN QƏZASI VƏ KƏFFARƏ VACİB OLAN YERLƏR
Əgər bir şəxs ramazan ayının orucunda qəsdən qussa, təkcə o günün qəzasını tutmalıdır. Əgər gecə cünub olub üç dəfə oyanıb yatsa və sübh azanına qədər oyanmasa, yaxud qəsdən imalə etsə, ya başını suya batırsa, yaxud Allah və Peyğəmbərin (s) adından yalan danışsa, ehtiyat vacibə görə kəffarə də verməlidir. Amma bunlardan başqa orucu batil edən sair işləri qəsdən görsə, bu halda o işin orucunun batil etdiyini bildiyi halda həm qəza, həm də kəffarə vacibdir.
Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini görsə, bu halda məsələni öyrənə bilərdisə, ehtiyata görə kəffarə ona vaacibdir. Amma məsələni öyrənə bilməzdisə, ya ümumiyyətlə məsələdən agah deyildisə, yaxud hansısa bir işin orucu batil etmədiyinə yəqini var idisə, orucu batil deyil.
ORUCUN KƏFFARƏSİ
Ramazan ayının orucunun kəffarəsi vacib olan bir şəxs ya bir qul azad etməli, ya sonrakı məsələdə deyilən göstərişə uyğun olaraq 2 ay oruc tutmalı, ya da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 750 qr.) təam (yəni, buğda, arpa və bu kimi şeylər) verməlidir. Əgər bir şəxs üçün bunlar mümkün olmasa, 17 gün oruc tutmaqla mümkün olan qədər fəqirə təam vermək arasında ixtiyar sahibidir. Əgər verə bilməsə, hətta bir dəfə "əstəğfirullah" deməklə də, istiğfar etməlidir. Ehtiyat vacib budur ki, hər vaxt imkanı olsa kəffarəsin versin.
Ramazan ayının orucunu 2 ay kəffarəsini tutmaq istəyən şəxs 31 gününü ardıcıl (arada fasimlə olmadan) tutmalıdır, amma yerdə qalan günlər (29 gün) ardıcıl olmasa eybi yoxdur.
Ramazan ayının orucunu 2 ay kəffarəsini tutmaq istəyən şəxs ardıcıl tutmalı olduğu 31 günü elə gündə başlamalıdır ki, bu 31 günün içində orucu haram olan günlərdən (Qurban bayramı kimi) olmasın.
Ardıcıl oruc tutmalı olan bir şəxs arada üzrsüz səbəbə görə bir gün oruc tutmasa, yaxud tutduğu oruc günlərin arasında orucu vacib olan bir günə çatsa (məsələn, oruc tutmağı nəzir etdiyi günə təsadüf etsə) gərək orucları əvvəldən başlasın.
Əgər ardıcıl oruc tutmalı olan günlər əsnasında heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan qalxandan sonra günlərin əvvəldən başlaması vacib deyil, yerdə qalanlarını üzrü aradan qalxdıqdan sonra tutmalıdır.
Mənbə parlaq.org