İQ-ümün neçə olduğunu bilmirəm. Məncə bununla yalnız uğursuzlar maraqlanır.
Mənim məqsədim sadədir; Bütün kainatı anlamaq istəyirəm. O, niyə belədir, necə qurulub və biz niyə buradayıq?
Bərabərlik riyaziyyatın ən maraqsız hissəsidir. Mən şeylərə həndəsənin gözüylə baxmağa çalışıram.
Biz xüsusi görkəmi olmayan bir ulduzun balaca planetinin meymundan törəmiş, inkişaf etmiş varlıqlarıyıq. Amma bizim kainatı öyrənmək şansımız var. Bizi özəl edən budur.
Biz kainatın həyata yararlı olmasına təəccüblənməməliyik. Axı bu, o demək deyil ki, kainat həyat üçün düşünülmüşdür.
Deyə bilmərəm ki, fiziki məhdudiyyətli olmağım mənə işimdə kömək edir, amma o mənə araşdırmalara fokuslanmağa, darıxdırıcı konfranslardan qaçmağa kömək edir.
Əgər harasa getmək istəsəm bu yer kosmos olar. Bill Qeytsin yerinə olsam kosmik gəmi alardım.
Elmi araşdırmanın pul qazanmaqdan daha çox həzz verdiyinə əminəm.
Bir zamanlar mən yalnız belə ünsiyyət qura bilirdim-kimsə mənə əlifbanı göstərəndə qaşlarımı qaldırırdım. Mən söhbət edə bilmirdim, əlbəttə ki, elmi iş yaza bilməzdim. İndisə xoşbəxtlikdən əlimin düyməni basmağa gücü var. Bu düymə kompüterə birləşdirilib, kompüterinsə ekranı daim hərəkət edir. Oradan lazım olan sözü seçirəm. Cümləni bütöv seçəndən sonra isə onu səs sintezatoruna göndərirəm. Sintezatorumun 13 yaşı var və ona çox öyrəşmişəm. Ona görə ki, onunla assosiasiya olunuram və o, elə də monoton deyil, az qala insan kimi intonasiyalar verə bilir, amma heç kim soruşmur ki, maşın ya da Mikki maus necədir.
Həyat olan yerdə ümid var.
Mənim böyük arzum hava limanı piştaxtalarında satılacaq kitab yazmaqdır. Amma əlbəttə kitabın üstünə gərək çılpaq qadın şəkli vurulsun.
Allaha inanıram, çünki siz Allah deyəndə kainatı idarə edən qüvvələri nəzərdə tutursunuz.
Eynşteyn kvant mexanikasını qeyri sabitliyinə və təsadüfiliyinə görə heç vaxt qəbul eləmədi. O deyirdi ki, Tanrı aşıq-aşıq oynamır. O iki dəfə səhv edirdi. Qara dəliklər göstərdi ki, Tanrı nəinki aşıq –aşıq oynayır, hətta istəyəndə onları o qara dəliklərə atır və heç kim onları görmür.
Sizi əmin edirəm ki, bizi gələcəkdən olan turistlər hələ ziyarət etməyib.
Elmi fantastika faydalı ola bilər-o, təxəyyülü inkişaf etdirir və gələcək qarşısında qorxunu aradan qaldırır. Özü də elmi faktlar bəzən elmi fantastikadan da artıq heyrətləndirici olur. Elmi fantastika qara dəlik kimi şeyləri təsəvvür belə etməmişdi.
İnsanlığın qarşılaşdığı ən böyük problem aqressiv instinktlərdir. Mağara dövründə bu instinktlər sağ qalmaq üçün vacib idi. Bu bizim beynimizdə genetik kod kimi qaldı, Darvin bunu təbii seçmə adlandırırdı. İndisə əlimizdə nüvə silahı ilə gözləyə bilmərik ki, təkamül bizi öz instinktlərimizdən azad edəcək. Qorxuram ki, bununla mübarizə üçün gen mühəndisliyinə müraciət etməliyik.
Kosmosa uçana qədər insan nəslinin min il yaşaya biləcəyinə inanmıram. Bu bapbalaca planetdə hər şeyin məhv olması haqda onlarla ssenari var. Amma mən optimistəm. Biz ulduzlara çatacağıq.
İnternetdə gəzmək TV kanallarını durmadan dəyişmək kimi ağılsız bir ideyadır.
Həyat çox faciəvi olardı, əgər belə məzəli olmasaydı…