Vavilov Sergey İvanoviç

Vavilov Sergey İvanoviç

S.İ. Vavilov görkəmli Sovet fiziki, elm xadimi və akademikidir. Vavilov Moskvada ticarət qulluqçusu ailəsində anadan olub. O, ticarət məktəbini qurtardıqdan sonra kamal attestatı imtahanı vermək üçün müstəqil hazırlaşıb.
1909-cu ildə Vavilov Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. Bu dövrdən Vavilov elmi yaradıcılığa başlayır və elmi mövzu götürmək üçün P.N. Lebedevə müraciət edir. Lebedev Vavilovu öz köməkçisi P.P. Lazarevə həvalə edir. P.P.Lazarev ona fotokimya sahəsində işləməyi məsləhət görür.
S.İ.Vavilov 1914-cü ildə universiteti bitirir. Birinci dünya müharibəsi ona ardıcıl iş aparmasına mane olur. O, dörd il müharibədə iştirak edib. 1918-ci ildə ordudan tərxis olduqdan sonra P.P.Lazarevin təşkil etdiyi biofizika institutuna gəlir. Burada Vavilov nəinki optika sahəsində elmi iş aparıb, o eyni zamanda institutun fiziki optika şöbəsinə rəhbərlik edib.
Elmi işlə yanaşı Vavilov pedaqoji fəaliyyətə başlayır. O, Ali Zootexnik institutunda, Moskva universitetində, Ali texniki məktəbdə müəllim işləmişdir. O, 1929-cu ildə Moskva universitetinin fizika kafedrasına rəhbərlik edib.
Vavilov Nikolay İvanovichVavilovun elmi yaradıcılığı işığın təbiətini öyrənmək, lüminessensiya və fiziki optika sahəsindədir. O, lümines­sensiya hadisəsini öyrənmiş, onun şüalanma təbiətini izah edən qanun kəşf etmişdir. O, göstərib ki, udulan enerjinin hamısı lüminessensiya şüalanmasına çevrilir. Udulan enerjinin hansı hissəsinin lüminessensiya şüalanmasına çevrilməsini xarakterizə etmək üçün lüminessensiyanın faydalı iş əmsalı anlayışı qəbul edilir ki, bunu 1924-cü ildə Vavilov öyrənmişdir.
1920-ci ildə Vavilovun apardığı tədqiqatlar göstərmişdir ki, lüminessensiya şüalanması müəyyən polyarlaşmaya malikdir. Lüminessensiya polyarlaşmasının nəzəriyyəsi Vavilov tərəfindən verilmişdir.
Yüksək elmi nüfuzuna görə Vavilov 1931-ci ildə SSRİ EA-nın müxbir üzvü seçilir. Bir ildən sonra S.İ.Vavilov Akademiyanın həqiqi üzvü seçilib və Optika institutuna rəhbərlik etməyə başlayıb.
1934-cü ildə Vavilov SSRİ EA-nın fizika institutuna rəhbərlik edib. Həmin ildən aspirantı P.A.Çerenkovla lüminessensiyanın təbiətini öyrənməyə başlayıb.
S.İ.Vavilovun böyük ixtiralarından biri də /1934-1937/ Çerenkovla birlikdə yeni növ şüalanmanı kəşf etməsidir.
Vavilovun rəhbərliyi altında P.A.Çerenkov radiumun y — şüalarının təsiri ilə məhlulların şüalanmasını öyrənərək, mayelərin lüminessensiyadan fərqli şüalanmasını müşahidə edib. Vavilov göstərmişdir ki, bu işıqlanma adi lüminessensiya olmasa da sərbəst elektronların hərəkətinin nəticəsidir.
Bu hadisənin səbəbini Vavilov düzgün izah etdiyinə görə fizikada bu hadisə Vavilov-Çerenkov effekti adlanır. Bu kəşfə görə 1946-cı ildə Vavilov SSRİ Dövlət mükafatı alıb. Gündüz işığı saçan lüminessent lampaların işləmə prinsipi S.İ.Vavilov tərəfindən verilmişdir. Vavilov və onun əməkdaşları «Gündüz işığı»nın konstruksiyasını işləyib hazırlamışdır. Bu işlərinə görə Vavilov və V.A.Fabrikant 1951-ci ildə SSRİ Dövlət mükafatı almışlar.
Vavilov qeyri-xətti optikanın banilərindən biridir.
Fotolüminessensiya hadisəsindən gündüz işığı lampalarında istifadə olunur. S.İ.Vavilov boşalma borusunun daxili səthini, qaz boşalması zamanı yaranan qısadalğalı şüalanmanın təsiri ilə parlaq işıqlana bilən maddələrlə örtməyi təklif etmişdir.
S.İ. Vavilov elm və texnikanın tarixini öyrənməyə daha geniş əhəmiyyət verirdi. Onun təklifi ilə «elmin klassikləri» barədə əsərlər yaradılmağa başlanıb.
Vavilov görkəmli alimlər barədə bir sıra gözəl monoqrafiyalar, «İşığın təsiri», «Günəş və göz», «İsti və soyuq işıq barədə» və s. əsərlər yazmışdır.
Vavilovun İsaak Nyutonun anadan olmasının 300 illiyi münasibətilə yazdığı «İsaak Nyuton» adlı monoqrafiyası daha maraqlı əsərlərindən biridir.
S.İ.Vavilov gözəl fizik olmaqla yanaşı eyni zamanda böyük ictimai xadim və təşkilatçı olmuşdur. O, fizikanın müxtəlif sahələrinə aid elmi məktəb yaratmış, 1947-ci ildə Ümumittifaq Siyasi və Elmi Bilikləri yayan Cəmiyyətin ilk sədri olmuş, Böyük Sovet Ensiklopediyasının 2-ci nəşrinin baş redaktoru olmuşdur.
1945-ci ildən həyatının son gününə kimi Vavilov SSRİ EA-nın Prezidenti olmuşdur.
O, iki dəfə Lenin ordeni və Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilmişdir. SSRİ EA Fizika Problemləri İnstitutuna, Leninqrad Dövlət Optika İnstitutuna S.İ.Vavilovun adı verilib.
Vavilovun elmi xidmətlərinə hörmət əlaməti olaraq fizika sahəsində görkəmli işlər üçün 1951-ci ildə Vavilov adına qızıl medal təsis edilib.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top