Georq Simon Om alman fizikidir. Om Almaniyanın Erlangen şəhərində anadan olub. Om gimnaziyanı bitirdikdən sonra Erlangen universitetinə daxil olur. Universiteti bitirdikdən sonra orta məktəbdə müəllim işləməyə başlayır və eyni zamanda doktorluq dissertasiyasına müstəqil olaraq hazırlaşır. 1811-ci ildə o, Erlangen universitetində doktorluq dissertasiyası müdafiə edir və Almaniyanın müxtəlif məktəblərində fizika-riyaziyyat müəllimi işləyir. Orta məktəb müəllimi işləyərkən Om 1820-ci ildə cərəyan şiddəti ilə gərginlik arasındakı asılılığı öyrənmək üçün eksperiment aparmağa başlayır.
Öz tədqiqatlarında Om, təcrübədən nəzəriyyəyə, nəzəriyyədən isə yoxlamaq üçün, yenidən təcrübəyə keçmişdir: təcrübə-nəzəriyə-təcrübə bu ən yaxşı elmi metoddur. Bu metoddan istifadə etməsi alimə fizikanın mühüm qanununu kəşf etməyə imkan verdi.
Onun əsas tədqiqatları elektrik, akustika, optika, kristallar optikası sahələrinə aiddir.
Om 1820-ci ilin ortalarında eksperimental yolla müəyyən edir ki, sabit cərəyan dövrəsində elektrik cərəyanı naqilin uzunluğundan en kəsiyindən və dövrəyə qoşulan elementlərin sayından asılıdır.
Cərəyan şiddətini ölçmək üçün OM sadə qalvanometrdən - sapla maqnit əqrəbi asılmış burulma tərəzisindən istifadə etmişdir. O, fikirləşib tapır ki, cərəyan axan naqilin üstündə maqnit əqrəbi asılarsa, əqrəbin dönmə bucağı cərəyanın qiyməti barədə məlumat verə bilər. Ona görə Kulona oxşar olaraq Om burulma tərəzi düzəldir. Tərəzidə olan maqnit əqrəbi dəqiq və həssas qalvanometri xatırladır. Naqildən cərəyan keçərkən onun yaratdığı maqnit sahəsi sapdan asılmış maqnit əqrəbinə təsir edərək burulma momenti yaradır. Om bu qüvvə momentini ölçərək müəyyən etmişdir ki, qüvvə momentinin qiyməti cərəyan şiddətinin qiyməti ilə mütənasibdir.
Əvvəlcə Om cərəyan şiddətinin dövrəyə birləşdirilən naqilin uzunluğundan asılılığını tədqiq etmişdir. Cərəyan mənbəyi olaraq o mis və bismutdan ibarət termoelement götürmüşdür.
Om öz qanununun riyazi ifadəsini x = k ω a/l şəklində vermişdir. Burada x - cərəyan şiddəti, a - naqilin uclarındakı gərginlik, ω - en kəsiyinin sahəsi, l - uzunluq, k - naqilin keçiriciliyidir. Bu düstur dövrə hissəsi üçün Om qanununun indiki (İ = U/R) düsturu ilə eynidir. A = B/Om
Elmdə alimin xidmətlərini qiymətləndirmək üçün onun yaşadığı dövrü, iş şəraitini nəzərə almaq lazımdır. O dövrdə Almaniyada əsas fəlsəfi təlim Heygelin idealist sistemi idi. Onun təcrübi metodu bu sistemə zidd idi. Ona görə Omu ali məktəbə işləməyə qoymayıblar. O, hərbi məktəbdə riyaziyyatdan dərs deməyə başlayır, sonra isə Nyuriberqdə Politexnik məktəbin direktoru (1833) işləyir. 22 ildən sonra, onun «Qalvanik dövrə» adlı kitabı çapdan çıxdıqdan sonra Om dünyada məşhurlaşdı.
«Müqavimət» termini Oma məxsusdur. Müqavimət vahidi alimin şərəfinə «Om» qəbul edilib.
Elmdəki xidmətlərinə görə Om Berlin EA-ya müxbir üzv (1839) və London Kral cəmiyyətinə üzv seçilmişdir.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı