Albert Eynşteyn, Nils Bor kimi nəhəng fiziklərlə eyni sırada adı çəkilən akademik, Nobel, Lenin və üç dəfə Stalin mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Danimarka və Niderland Elmlər Akademiyalarının, Amerika Elmlər və İncəsənət Akademiyasının, Fransa Fizika Cəmiyyətinin, London Fizika Cəmiyyətinin və London Kraliça Cəmiyyətinin üzvü, XX yüzilliyin əfsanəvi fiziki Lev Davidoviç Landau. Xanımı Koranın və dostlarının “Dau” deyə çağırdıqları bu insanı hər kəs sevir, gözlənilməz hərəkətlərinə göz yumur və bunlara dahinin şıltaqlığı kimi baxırdılar.
Bakılı balasıyam…
Landau Davidoviç 1908-ci ildə Bakıda yəhudi ailəsində anadan olub. Deyilənə görə, o, öz doğum tarixi barədə belə deyərmiş: “Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam”. Anası Lyubov Velyaminovna şəhərdə məşhur ginekoloq-həkim, atası David Landau isə Azərbaycanın neft sənayesində tanınan mühəndislərdən idi.
Övladlarının təhsil almaları üçün 1913-cü ildə Landaular ailəsi Bakı şəhərinə köçür və indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişdiyi tində yerləşən binada (üzərində L.D.Landaunun xatirə lövhəsi asılıb) mənzil alırlar. Lev Davidoviç Landau 1924-cü ilə kimi həmin mənzildə yaşayır. Qeyd edək ki, hazırda Bakıdakı küçələrdən birinə alimin adı verilib.
Stendal Landaunu necə xilas etdi?
Atası onu süd içməyə, saatlarla royalı “döyəcləməyə” məcbur etsə də, 6 yaşlı uşağa tövlənin divarında tabaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi. Arıq, çəlimsiz olsa da, o, yaxşı oxuyur, hətta 12-13 yaşında mürəkkəb riyazi əməliyyatları yerinə yetirirdi. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa etdi: “İşsizlikdən insan məhv ola bilər”.
İntihar haqqında düşündüyü bu dövrdə Stendalın “Qırmızı və qara” kitabı əlinə keçir və gənc Landau anlayır ki, insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.
13 yaşında orta məktəbi bitirən Landau universitetə daxil olmamış artıq ali riyaziyyatı bilirdi. Lakin yaşı az olduğundan o, universitetə qəbul olmaq üçün sənədlərini verə bilmir. Ailəsinin məsləhəti ilə bir il Bakıda İqtisad Texnikumunda oxuyur. 14 yaşı olanda istedadlı gənc Landau Azərbaycan Dövlət Universitetinə daxil olur, eyni zamanda iki fakültədə təhsil alır: fizika-riyaziyyat və kimya.
1924-cü ildən etibarən Landau öz təhsilini Leninqrad Dövlət Universitetində davam etdirir, 19 yaşında fizika fakültəsini bitirir. 1927-ci ildə o, Leninqrad Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olur və 1929-cu ildə bir çox xarici ölkələrdə (Almaniya, İsveçrə, Hollandiya, İngiltərə, Belçika, Danimarka) ezamiyyətdə olur. Həmin dövrlərdə Landau bu ölkələrin adlı-sanlı alimləri ilə bilavasitə görüşür, onların tədqiqat işlərinə böyük maraq göstərir.
Avropanın əsas elmi mərkəzlərində olarkən Lev Landau sərbəst elektronların maqnit xassələrinə dair vacib tədqiqatlar aparır və 1930-cu ildə diamaqnetizm haqqında elmi əsərlər çap etdirir. Sonralar bu təzahür “Landau diamaqnetizmi” adlandırılır və onu görkəmli dünya alimləri ilə bir sıraya qaldırır.
Landau 1931-ci ildə vətənə qayıdaraq geniş tədqiqat işlərinə başlayır və dövrün problemli məsələləri üzərində işləyir. 1932-ci ildən 1937-ci ilə kimi Landau Xarkov Fizika-Texnika İnstitutunun nəzəri fizika şöbəsinə rəhbərlik edir. Burada o, bərk cisimlərin nəzəriyyəsinə aid bir sıra fundamental işlərlə məşğul olur. 1937-ci ildə Lev Davidoviç P.L.Kapitsa tərəfindən təşkil olunmuş Fizika Problemləri İnstitutunda çalışmağa başlayır. O, burada aşağı temperaturlar fizikası sahəsində mühüm tədqiqatlar aparır və müxtəlif kəşflər edir.
Lev Landaunun yaratdığı fundamental nəzəriyyələrdən biri də maddənin faza dəyişkənliyidir. 1936-1937-ci illərdə alim “Fazaların ikinci növ dəyişmələri” nəzəriyyəsini və “Yüksəkkeçiricilərin aralıq vəziyyəti” nəzəriyyəsini yaradır, bu problemlərə həsr olunmuş elmi məqalələrlə çıxışlar edir.
Dahi sevərsə…
Alimin arvadı Kora onun ölümündən sonra “Biz necə yaşamışıq?” adlı xatirələr kitabını çıxarır. Kitabda onların ailə həyatı ilə bağlı Kora bir xatirəsini bölüşür: “Daunka otağa uça-uça girdi: məni bərk-bərk qucaqlayıb, burnumdan öpdü və dedi: “Koraçka, sənə şad xəbərim var! Bu gün axşam saat doqquzda evə canlar alan bir qız gətirəcəm. Ona demişəm ki, sən bağdasan – ya evdə səssizcə oturarsan, ya da çıxıb gedərsən. Üz-üzə gəlməməlisiniz. Bu, onu hürküdə bilər”.
O gün Kora elə həmin şkafdaca gizlənir. Amma qadını otaqda görəndə dayana bilmir, birdən-birə ortaya çıxır. Bu, sadiq qadının birinci və axırıncı etirazı olur. Sonrakı belə axşamlarda o, otağında səssiz oturardı. Çünki onun divanə əri qısqanclığı vəhşi və ibtidai duyğu hesab edirdi.
Bəli, fizika-riyaziyyat dahisi Lev Landau hələ cavanlığından – Xarkovda barmaqla göstərilən Kora ilə evlənəndə qadınla şərt kəsmişdi ki, onun azadlığını əlindən almağa cəhd göstərməsin.
Xatirə kitabına gəlincə, illərdir ki, Koranın bu kitabının əlyazmaları barədə söz-söhbətlər kəsilmək bilmir. Artıq o, dərc olunub, əldən-ələ gəzir. İnternetə də yayılıb. Amma sən demə, onun bəzi hissələri incik düşmüş akademiklər və Landaunun xanımları tərəfindən “yoxa çıxarılıb”.
Bakılı alimin qəribəlikləri
İfrat keçiriciliyin təbiətini aydınlaşdırmaqda müvəffəqiyyət qazanan ilk alim məhz Landau olub. O, bütün dünyada məşhur olan “Nəzəri fizika” kitabının və başqa dəyərli kitabların müəllifidir. Onun əsərləri ABŞ, Yaponiya, Çin, İngiltərə, Polşa və başqa ölkələrdə çap olunur. Onun ən çox maraqlandığı sahə isə kvant mexanikası olub.
Landaunun heyrətamiz iş qabiliyyəti vardı. O, saatlarla kabinetindən çıxmaz, telefon zənglərinə cavab verməzdi. İçəri girənlər onu yarıuzanmış vəziyyətdə görərdilər. Dostları zarafatlaşardı ki, “Başın bədəninə ağırlıq etdiyi üçün uzanırsan”.
Fizikayla məşğul olmağa nəsə mane olardısa, o, əsəbdən xəstələnərdi. Landau yaradıcılığı insanın ən ali, ən böyük həyat sevinci sayırdı. Ona görə də heç kim onu pis əhvalda, depressiyada görə bilməzdi.
Alim repressiyanın hədəfində
1938-ci il həbslər dalğası Landaudan da yan keçmir. Alim həmin ərəfədə maye heliumun tədqiqatı ilə məşğul idi. Gələcəkdə məhz bu işinə görə ona Nobel mükafatı veriləcəkdi. Fizika Problemləri İnstitutunun direktoru P.Kapitsa və müasir fizikanın patriarxı Nilson Bor Landaunun azad olunması üçün Stalin və Beriyaya məktub yazırlar.
Nəhayət, səylər bəhrəsini verir. Molotov Stalinin tapşırığı ilə Kapitsanı söhbətə çağırır. Saat yarımlıq görüşdən sonra “xatakar” Lev akademik Kapitsaya zaminə verilir. Azadlıq sənədində yazılır: “SSRİ Xalq Daxili İşlər Komissarlığının 1938-ci il 28 aprel tarixli qərarı ilə Lev Davidoviç Landau barəsində cinayət işinə xitam verilsin”.
Onu da deyək ki, Landau həyatının sonuna qədər Kapitsaya səcdə edib. Hamını, hətta özündən yaşca böyükləri belə dolamaqdan çəkinməyən Lev Landau Kapitsaya münasibətdə yalnız ehtiram nümayiş etdirib. Təsadüfi deyil ki, illər sonra Kapitsa da vəzifəsindən uzaqlaşdırılanda Dau heç nədən çəkinmədən onun yanına gedib-gəlirmiş.
Azadlığa çıxandan sonra Landaunun dediklərindən: “Əvvəla, mən orada tutulacağımdan qorxmurdum. İkincisi, ürəyim istəyən qədər Stalini ucadan söyə bilirdim. Mən orada əylənirdim də, növbəti sorğu-sualdan sonra “Yaşasın Stalin” deyənlərə baxıb o qədər gülürdüm ki. Bizi bankaya yığılmış siyənəklər kimi üst-üstə qalayanda da mən narahatlığa fikir vermir, beynimdə hesablamalar aparırdım. Orada 4 işimi tamamlamışam”. Məzəli də olsa, Stalin öləndə Dau sevindiyindən ortaya atılıb xeyli oynayıbmış.
“Qırmızı terror”dan sonra
Kapitsa onu həbsdən xilas edəndə Landau bir dəri, bir sümük qalmışdı: onu təcili surətdə həyata qaytarmağa başladılar. O isə sonsuz nikbinliyi ilə özünə də, başqalarına da sataşa-sataşa deyib-gülürdü.
Sovet İttifaqında yalnız Landau atom bombası yaradılmasının nəzəri hesablamasını apara bilərdi. Hətta bu cür vacib məsələnin həllində belə o, öz şərtlərini qoyurdu: “Bombanın texniki hesabatını aparacam, amma sizin iclasların birinə də gəlməyəcəm. Bütün rəsmi kağızları imzalamaq səlahiyyətini də Zeldoviçə verəcəm. Bomba yaratma texnikadır, mənim işim elmdir”.
Alim 1943-cü ildə aldığı ilk “Şöhrət ordeni”nə görə daha çox sevinirdi. Çünki onun hərbi sahədəki zəhməti hədər getməmişdi. Hətta məşhur “katyuşa”nın yaranmasında onun da əli olub. Nəticədə o, bir Sosialist Əməyi Qəhrəmanı ordeni, Zeldoviç və Saxarov isə üç orden alır. Fiziklər hamısı bir nəfər kimi təsdiqləyirlər ki, Landaunun ən azı 7 işinin hər biri ayrılıqda Nobel mükafatına layiqdir.
Nobelli bakılı
Soyuq gecələrdən birində Dau avtomobil qəzasına düşür. Demək olar ki, onu ölümün pəncəsindən xilas edirlər. Sağalmasına sərf edilən bir neçə il ərzində alimin tamamilə itmiş əzələ örtüyü yenidən canlanmağa dbaşlayır, lakin məsuliyyətsiz həkimlər ona yanlış diaqnoz qoyurlar. Gecə qarabasmaları Landaunu rahat qoymur. Dau bu həkimlərdən heç birini inandıra bilmədi ki, hər dəfə nəfəsini çəkəndə qarnında dözülməz ağrı əmələ gəlir. Onu uşağa başa salan kimi inandırırdılar ki, əslində, onun qarnı heç ağrımır.
Təbiətcə davakar olmayan bu insan dözməyə üstünlük verir. 6 illik zülmdən sonra ölümündən bir həftə əvvəl qarnında travmadan əmələ gələn şişləri kəsən həkim etiraf edir: “Başın travması həkimləri yanıltdı. O vaxt heç məni qoyardılar ki, Landaunun qarnına əlimi vurum?!”
1962-ci ildə Landaunun yatdığı xəstəxanaya məktub gəlir. Məktubda yazılmışdı: “Moskva, Elmlər Akademiyası, professor Lev Landauya, 1 noyabr 1962-ci il. İsveçin Kral Akademiyası Sizi “Kondensasiyalı, xüsusən maye helium mühitində nəzəri işlərinizə” görə Nobel mükafatına layiq görüb. Daimi katib Erik Rudber”.
Ancaq alim xəstəxanada olduğu üçün Nobel mükafatını özü ala bilməzdi. Ona görə də Nobel fondu tarixində ilk dəfə çoxillik ənənəsinə qarşı çıxır və mükafatı alimə xəstəxanada təqdim edir. Bu, Lev Landauya olan hörmətin və ehtiramın göstəricisiydi. Beləliklə, 1962-ci il dekabr ayının 10-da 54 yaşlı dahi Landauya diplom və 250 min İsveç kronu məbləğində çek təqdim olunur. Landau mükafatı təqdim edən İsveçin SSRİ-dəki səfiri Rolf Sulmana ingiliscə deyir: “Sizə təşəkkür edirəm, cənab səfir. Nobel Komitəsinə, həmçinin İsveçin kralına mənim təşəkkürlərimi çatdırın. Ümid edirəm ki, sağalan kimi Sizin gözəl ölkənizə səyahət edəcəyəm”.
Gözlənilməz ölüm
Bakılı alim heç kimin gözləmədiyi bir vaxtda vəfat edir. Zarafatcıl Lev Landau daxili orqanlarında aparılan əməliyyatdan sonra ayılmır və 1968-ci il aprelin 1-də dünyasını dəyişir.
Lev Landaudan sonra arvadı Kora xeyli yaşadı. Deyirlər, ölümünə bir az qalmış o etiraf edib: “Mənim dünyada ən böyük səadətim, ən böyük uğurum Dauya rast gəlməyim idi”.
Mənbə: "Discovery Azerbaijan" jurnalı