Edison Tomas Alva

Edison Tomas Alva

1098 ixtıra!!! Bütün ömrü boyu gündə 18-20 saat işləyən Edison 84 il yaşamışdır.
Bəşəriyyət tarixində Edisondan məhsuldar ixtiraçı olmamışdır.
Görkəmli Amerikan ixtiraçısı Tomas Alva Edison Ohayo ştatının Maylan şəhərində anadan olub. O, ilk təhsilini müstəqil olaraq evdə almışdır. Edison uşaqlıqdan kitab oxumağa həvəs göstərirmiş. Kimya və fizikaya aid kitabları daha çox sevərmiş. Eyni zamanda kitablardan öyrəndiklərini təcrübədə yoxlayırmış. Təcrübələr üçün vəsaiti çatmadığından 12 yaşlı Edison qatarlarda qəzet satmağa başlayır. İşlədiyi qatarın baqaj vaqonunda laboratoriya düzəldib, boş vaxtlarında orada təcrübələr apararmış. Bir dəfə laboratoriyada yanğın baş verdiyindən onu işdən qovurlar. Qabiliyyətli insan olan Edison tezliklə teleqraf işlərini öyrənib, teleqrafçı olur. Qazandığı pullarla o, çoxlu kitablar, cihaz və kimyəvi maddələr alarmış. Tezliklə Edison ixtiralara başlayır və 1868-ci ildə ABŞ parlamentində səsləri konqresdə hesablamaq üçün elektrik hesablama maşını ixtira edir. İxtiraçılıqdan qazandığı pula Edison Menlo-parkda torpaq sahəsi alıb, zəngin laboratoriya düzəldir və bütün əməyini ixtiraçılığa həsr edir.

Tomas Alva EdisonEdison daim oxuyar, elm və texnikanın bütün nailiyyətlərindən və tələblərindən xəbərdar olardı. O, 1869-1876-cı illərdə bir sıra orijinal cihazlar ixtira edib, patent almışdır.
1877-ci ildə Edison səsləri plastinkaya yazan fonoqrafı və sonra yazılmış səsləri yenidən canlandıran cihazı ixtira edir.
Bu ixtirasına görə onu «Menlo-parklı sehrbaz» adlandırırlar. Edisonun bu ixtirası indiki səs texnikasının əcdadı olub.
1879-cu ildə Edison Lodıginin lampasını təkmilləşdirərək onu praktika üçün yararlı edir, lampaya sokol, patron əlavə edib, müasir səviyyədəki şəklə salmışdır. O, öz dövrünün ən güclü generatorlarının layihəsini yaratmışdır.
Edison 1882-ci ildə dünyada birinci ola¬raq istilik elektrik stansiyasını qurmuş və ictimaiyyətin istifadəsinə vermişdir.
Edison teleqrafı təkmilləşdirərək bir cüt məftillə eyni vaxtda iki, hətta dörd teleqram vermək üsulunu ixtira edib. O, Bille telefonunu təkmilləşdirib, səsin telefonda təmiz, aydın və uca olmasına nail olmuşdur. Dünyada birinci elektrik dəmir yolunu o, çəkib, qələvili akkumulyatoru ixtira edib, dəmir filizin maqnitlə seperasiyası üsulunu vermişdir.
Elektrik enerjisinin hər evdə sərf olunmasını miqdarca hesablamaq üçün Edison dünyada ilk sayğac qurmuşdur. O əriyən qoruyucu ixtira etmiş, radio lampaları yaratmağın əsası olan termoelektron hadisəsini «Edison effekti» 1883-cü ildə kəşf edib, kino sahəsində bir çox mühüm ixtiraların müəllifidir. Edison həyatı boyu öz laboratoriyasında minlərlə təcrübələr aparmış və ixtiralarını praktikaya, məişətə çıxartmaq üçün iri zavodlar yaratmışdır. İxtiraçı-kapitalist olan Edisonun əməyi bütün bəşəriyyətə xidmət edib. Onun kimya, mədən işləri, hərbi texnika sahəsində də mühüm kəşfləri vardır.
Edison haqqında maraqlı söhbətlər çoxdur. Onlardan ikisi barədə məlumat vermək istərdim.
1. Edisonun yaxşı bağ-bağçası varmış. Yanına gündə çoxlu adamın gəlib getdiyini görən Edison bağını suvarmaq üçün onların enerjisindən istifadə etməyi qərara alır.
O, quyudan suyu çıxaran mexanizmi darvaza ilə əlaqələndirir. Darvaza açılanda və örtüləndə quyudan suyu çıxarıb bağçaya axıdarmış. Bir gün dostlarından biri Edisonun yanına gələrkən darvaza çətin açıldığından ona deyir: bu qədər ixtira sahibisən, dünyada ən məşhur ixtiraçısan, yaxşı olar ki, öz darvazanı da təkmilləşdirəsən. Cavabında Edison deyir: mənim darvazam son dərəcə məhsuldardır, hər sizi kimi dostlar gəlib gedəndə bağçam sulanır.

2. Edison elektrik lampasının üzərində yüzlərlə təcrübə apardıqdan sonra lampanı parlaq yandıra bilmir və belə qənaətə gəlir ki, bu həll edilməz problemdir. Bir gün Edison çəkdiyi əziyyətlərə görə dostlarından birinə şikayətlənir. Dostu: — Sənin başın boşdur, bacardığın iş deyil, başqa iş ilə məşğul ol — deyir. Bu söz Edisona sanki yeni bir
ideya verir. Onun ağlına belə bir fikir gəlir: bəlkə lampaların içinin havasını boşaldım! Edison içərisinin havası boşalmış lampa düzəldir və lampanı şəbəkəyə qoşduqda gözlərinə inanmır. Lampa parlaq işıq saçır, özü də uzun müddət xarab olmadan yanır. Dostunun zarafatla dediyi söz Edisonu öz məqsədinə çatdırır, fizika tarixinə isə yeni bir ixtira bəxş edir.
Tomas Edison 1927-ci ildə Milli ABŞ EA-nın, 1930-cu ildən isə SSRİ EA-nın üzvüdür.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top