Coul ingilis fiziki olub, enerjinin saxlanması qanununu ilk kəşf edənlərdən biridir. Ceyms Coul (24.12.1818-11.10.1889) Böyük Britaniyanın Solforu şəhərində anadan olub. O, təhsilini evdə aldıqdan son¬ra onun ilk fizika müəllimi C.Dalton olub və onun təklifi ilə də eksperi¬mental təcrübələr aparıb. O, əvvəlcə elektrik sahəsində tədqiqatlar aparıb, bəzi elektrik cihazlarının konstruksiyası ilə əlaqədar məqalələri ilə jurnallarda sistematik çıxış etmişdir.
Coulun əsas elmi işləri elektromaqnetizm, istilik və qazların kinetik nəzəriyyəsinə aid olub.
Coul əvvəlcə naqildən cərəyan keçərkən istilik ayrılmasının tədqiqinə başlamışdır. O, 1841-ci ilin oktyabrında çap etdirdiyi «Elektrik cərəyanının istilik effekti» adlı məqaləsində göstərir ki, elektrik cərəyanının metal naqildə ayırdığı istilik miqdarı naqilin müqaviməti və cərəyan şiddətinin kvadratı ilə mütənasibdir. Lentsdən asılı olmayaraq Coul 1841-ci ildə elektrik cərəyanının naqildə ayırdığı istilik miqdarını hesablamağa aid (Coul-Lents) qanun müəyyənləşdirmişdir.
Coul enerjinin saxlanması və çevrilməsi qanununun təcrübi yolla əsaslandırılmasında böyük rol oynamışdır.
Enerjinin çevrilməsi və saxlanması qanununun böyük metodoloji əhəmiyyəti vardır. Bir çox hadisələr təhlil edildikdə bu qanunun həmişə tətbiq edilməsi, bütün təbiət hadisələrinin dəyişməz qanunlarına yəqinlik yaradır və fikrin elmi istiqamətdə inkişafına yardını edir.
Coul, dünyada birinci olaraq /1840-cı ildən 1849-cu ilə qədər/ eksperimental yolla isti¬liyin mexaniki ekvivalentini də¬qiq təyin etmişdir. O, 1843-cü ilin avqustun 21-də istilik və iş üçün ümumi ölçünün müəyyən edilməsi haqqında öz nəticələrini elan etmişdir. Müəyyən etmişdir ki, 1 kq suyun 10s. qızdırılması, 1 kq-ın 460m hündürlüyə qaldırılması ilə eyni hüquqludur.
İstiliyin mexaniki ekvivalentini təyin etmək üçün Coul öz məşhur təcrübəsini apararkən müxtəlif mayelərdən isti¬fadə edərək həmişə eyni nəticə almışdır. Coul belə nəticəyə gəlir ki, 4,19 coul iş görəndə meydana çıxan temperatur artımı, cismə 1 kalori istilik verəndə ortaya çıxan temperatur artımına bərabərdir. 4,19 c/kal ədədi istiliyin mexaniki ekvivalenti adlanır.
Coul termodinamik temperaturlar şkalası qurmuş, bir neçə qazın istilik tutumunu nəzəri hesablamışdır. O, istiliyə zərrəciklərin hərəkətinin nəticəsi kimi baxmış və qazlarda təzyiqin əmələ gəlməsini qaz zərrəciklərinin qabın divarlarına zərbəsi hesab etmişdir
19-cu əsrin 50-ci ilində Vilyam Tomson Coulun təcrübəsi ilə maraqlanmağa başlayır və onunla birlikdə, qazın genişlənməsi zamanı onun temperaturunun dəyişməsi hadisəsini kəşf etmişdir /Coul-Tomson effekti/.
Coul qazların kinetik nəzəriyyəsini də işləmişdir. O, hidrogen molekulunun orta sürətini hesablamış və 6225 fut/san (1850 m/san) nəticə almışdır. Onun şərəfinə olaraq iş, enerji və istilik miqdarı vahidinə Coul adı verilmişdir. O, 1850-ci ildən London Kral cəmiyyətinə üzv seçilmişdir.