Lents Emili Xristianoviç

Lents Emili Xristianoviç

Rus fiziki E.X.Lents elektrotexnikanın əsasını qoyanlardan biridir. O, Estoniyanın Tartu şəhərində anadan olub. Lents (24.2.1804-10.2.1865) yerli universitetdə oxuyarkən əvvəlcə filologiyanı, sonra isə təbiətşünaslığı öyrənməyə başlayır. Öz elmi yaradıcılığına o, fiziki coğrafiya sahəsindən başlayır və bir fizik kimi ekspedisiyalarda fəal iştirak edir.
1828-ci ildə Lents Peterburq EA-da işləməyə başlayır və 1830-cu ildə fiziki coğrafiya sahəsindən uzaqlaşaraq elektromaqnetizmi öyrənməyə başlayır.
Lentsin əsas tədqiqat işləri elektromaqnetizm və elektrotexnika sahəsinə aiddir. Lents Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya hadisəsini ətraflı tədqiq etmiş, 1833-cü ildə İnduksiya cərəyanının istiqamətini təyin etmək üçün qayda (Lents qaydası) müəyyənləşdirir. Həmin qaydaya əsaslanaraq elektrotexnika üçün əhəmiyyətli prinsip olan elektromaqnitli maşınların dönərliyini müəyyən edir. Öyrənir ki, əgər sarğacı maqnit qütbləri arasında fırlatsaq cərəyan yaranır; əksinə sarğaca cərəyan versək o fırlanar. Deməli, elektrik mühərriki dönüb generator olur.
Lents öz qaydası ilə eyni zamanda avtoinduksiya cərəyanın istiqamətini təyin edib.
Lents 1836-cı ildə Peterburq universitetində fizika və fiziki coğrafiya kafedrasının müdiri, 1840-cı ildə fizika-riyaziyyat fakültəsinin dekanı olub.
Lents akademik Yakobi ilə birlikdə elektromaqnitin qaldırma qüvvəsini və onun asılı olduğu kəmiyyətləri müəyyən etdikdən sonra güclü elektromaqnit hazırlamışdır.
Onun mühüm işlərindən biri də metalların müqavimətinin temperaturdan asılı olduğunu öyrənməsidir.
Lents müəyyən edir ki, makarada yaranan E.H.Q. naqi¬lin diametrindən asılı olmayıb, sarğılar sayı ilə mütənasibdir.
Lentsin kəşflərindən biri də cərəyanın istilik təsirini öyrənməsidir. O, ingilis fiziki Couldan xəbərsiz olaraq 1842-ci ildə eksperimental yolla kəşf etmişdir ki, cərəyanın naqildən ayırdığı istilik miqdarı, cərəyan şiddətinin kvadratı, naqilin müqaviməti və zamanın hasilinə bərabərdir.
Lentsin başqa elmi əsərləri fiziki coğrafiyaya aid olub. Həmin əsərlər onun «dövr-aləm» ekspedisiyasında iştirak etdiyi zaman yazılmışdır. Lents eyni zamanda Xəzər dənizinin səviyyəsinin əsrlik dəyişməsini birinci olaraq öyrənmişdir.
Elmi fəaliyyəti ilə yanaşı o, uzun müddət universitetdə mühazirə oxumuş, orta məktəblər üçün fizikadan dərs kitabı yazmışdır. Lents, Peterburq EA-nın 1830-cu ildən həqiqi üzvü olmuş. 1863-cü ildə Peterburq Universitetinin rektoru olmuşdur.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top