Sklodovskaya - Küri Mariya

Sklodovskaya - Küri Mariya

Radioaktivlik haqqında elmin yaranmasında və inkişaf etdirilməsində Mariya Sklodovskaya-Kürinin böyük xidmətləri və əməyi olmuşdur. O, uran filizini analiz etmək üçün klassik üsul təklif etmiş, radioaktiv izotopları öyrənmişdir.
Mariya Sklodovskaya Varşavada gimnaziya müəllimi ailəsində anadan olub. Mariya 16 yaşından gimnaziyanı qızıl medalla bitirdikdən sonra təhsilini davam et¬dirmək fikrinə düşür. Atasının maaşı az olduğundan Mariya ailəsi üçün çörək pulu qazanmağa məcbur olur.
Mariya xüsusi dərslər verməyə başlayır və boş vaxtlarında kimya, biologiya və astronomiya ilə məşğul olur.
1891-ci ildə Mariya Parisə gedir və Sorbonna universi¬tetinin fizika-riyaziyyat fakültəsinə daxil olur. O, 1894-cü ildə məktəbi bitirir və «su verilmiş poladda maqnit xassəsi» mövzusunda birinci elmi işini yazır.
Mariya, 1895-ci il iyul ayının 2-də Pyer Küri ilə evlənir, fizika və kimya institutunun laboratoriyasında Pyer ilə birlikdə işləməyə başlayır.
Sonra, Mariya Küri radioaktivlik hadisəsinin tədqiqinə başlayır və Pyeri də həmin sahənin öyrənilməsinə cəlb edir.
1898-ci ildə Mariya və Pyer Kürilər uran filizində yeni bir radioaktiv element kəşf etmişlər. O, uran filizi qatranının natrium əsası ilə qarışdırdıqdan sonra, həll olmayan hissəni xlorid turşusunda həll edərək məhlul hazırlamışdır.
Alınan çöküntü ayrıldıqdan sonra aydın olur ki, hər iki fraksiyada radioaktivlik xassəsi vardır. Ona görə Mariya güman edir ki, uran filizində radioaktivlik xassəsinə malik olan iki yeni element mövcuddur. Barium konsentratı olan fraksiyadakı element radium, bismut konsentratı olan fraksiyadakı element isə polonium idi. Onların birgə gərgin tədqiqatları gözəl nəticə vermişdir. 1898-ci ilin iyulunda aşkar etdikləri yeni elementi Mariyanın vətəni Polşanın şərəfinə Polonium adlandırdılar. Həmin ilin dekabrında isə kəşf etdikləri ikinci elementin güclü şüalanma qabiliyyətinə malik olduğunu yoxlayıb adını radium qoydular. Radioaktivlik terminini elmə Mariya Küri daxil edib.
Sklodovskaya Küri Mariya (07.11.1867-04.07.1934)
Radium almaq üçün onlarda kifayət qədər uran filizi olmayıb. Fransa hökuməti onlara lazımi qədər uran filizi vermədiyindən Mariya-Küri Vyana EA-ya müraciət edərək bir qədər uran filizi almağa müvəffəq olurlar və hesablayırlar ki, 7t uran filizində 1q radium vardır.
1899-1904-cü illərdə onlar 32 elmi əsər çap etdirmiş və 1903-cü il 25 iyunda Mariya Küri doktorluq dissertasiyası müdafiə etmişdir. Onun yazmış olduğu əsərlərdən aşağıdakıları göstərmək olar: «Radium şüasının kimyəvi təsiri barədə» /1899/. «Bariumun atom çəkisi barədə»/1900/, «Yeni radioaktiv maddələr və onların şüa buraxması» /1900/, «Radioaktiv cisimlər haqqında» /1901/, «Radiumun atom çəkisi barədə» /1902/, «Radioaktiv maddələrin tədqiqi» /1903/.
1903-cü il 10 dekabrda Mariya və Pyer Küriyə Nobel mükafatı (Radioaktivliyin kəşfinə görə, fizika üzrə) verilir.
13 may 1906-cı ildə Sorbannda birinci professor qadın Mariya Küri olur və dünyada birinci olaraq radioaktivlikdən mühazirə oxuyur.
1911-ci ildə Mariya kimya sahəsində ikinci dəfə Nobel mükafatı alır:
Mariya Sklodovskaya-Küri-«Radium və polonium elementlərinin kəşfinə, radiumun bölünməsinə, bu gözəl elementlərin təbiəti və birləşmələrinin öyrənilməsinə görə». O, dünyada iki dəfə Nobel mükafatı alan yeganə alimdir.
Birinci dünya müharibəsi dövründə Mariya hərbi xəstəxanalar üçün 220 rentgen qurğusu düzəltmişdir.
1926-cı ildən Mariya Küri SSRİ EA-nın fəxri üzvü seçilmişdir.
Radioaktiv şüanın təsirinə məruz qalan Mariya ağ qanın miqdarının artmasına görə 4 iyul 1934-cü ildə vəfat edib.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top