Stoletov Aleksandr Qriqoryeviç

Stoletov Aleksandr Qriqoryeviç

İstehsalatın bir çox sahələrində fotoelementlər insanın əvəzedilməz köməkçilərinə çevrilmişdir. Fotoele¬mentlər detalları sayır, keyfiyyətini yoxlayır, müxtəlif maşınları və mexanizmləri idarə edir. Fotoeffekt hadisəsinin ətraflı tədqiq edilməsində Stoletovun böyük əməyi vardır.
Rus fiziki A.Q.Stoletov 1839-cu ildə Vladimir şəhərində anadan olub. Onun anası savadlı qadın olmuşdur. Ona görə o, ilk təhsilini ailədə almış və uşaq ikən fransız, alman və ingilis dillərini öyrənmişdir.
Gimnaziyada oxuduğu son illərdə fizika və riyaziyyat onun ən sevimli fənləri olub. O, məktəbdə dərslərini sinifdə diqqət verməklə öyrənərmiş, evdə isə fizikaya aid cihazlar düzəldib təcrübələr apararmış. O, fizik olmağı qarşısına məqsəd qoyur. Orta təhsilini qızıl medalla tamamlayan Stoletov 1856-cı ildə Moskva universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Burada oxuyarkən ona görkəmli alimlər dərs demişdir: tətbiqi riyaziyyatı N.D.Braşman, tərbiyəsi ilə P.L.Çebışev, astronomiyanı F.A.Bredixin, ali riyaziyyatı N.E.Zernov, fizikanı isə görkəmli alim M.F. Spasskiy tədris etmişdir. Stoletov 1860-cı ildə universiteti bitirir və yaxşı oxuduğundan universitetdə saxlanılır. İki il işlədikdən sonra təhsilini davam etdirmək üçün Almaniyaya gedir və orada məşhur fiziklərlə (Maqnus, Veber, Helmholts) görüşür və vaxtının çox hissəsini Qeydelberqdə Kirxhovla işləyir. Ezamiyyətdən qayıtdıqdan sonra Stoletov 1866-cı ildən Moskva universitetində müəllim işləməyə başlayıb riyazi fizikadan mühazirə oxuyur. Öz elmi işi üzərində inadla işləməsi sayəsində o, 1869-cu ildə dissertasiya müdafiə edir.
İki il işlədikdən sonra Stoletov aydın hiss edir ki, Rusiyada fizika elmini inkişaf etdirmək və gənc fiziklərə rəhbərlik etmək üçün laboratoriya lazımdır. Ona görə də Stoletov laboratoriya təşkil etmək fikrinə düşür.
Stoletov ikinci dəfə Qeydelberqə öz müəllimi Kirxhovun yanına gedib laboratoriyasında tədqiqat aparmağa icazə verilməsini xahiş edir. 1871-ci il may ayından Kirxhovun laboratoriyasında tədqiqatlar aparıb öz elmi işini tamamlayır və hazır eksperiment materialı ilə Moskvaya qayıdır. Həmin materiallar əsasında Stoletov 1872-ci ildə «Yumşaq dəmirin maqnitləşmə funksiyası haqqında tədqiqatlar» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bundan sonra o, Moskva universitetinə professor təsdiq olunur, yaxşı fizika laboratoriyası təşkil edir və rus fiziklər məktəbinin əsasını qoyur. O, laboratoriyasının qapısını gənc fiziklərin üzünə geniş açdığına görə Rusiyanın çox şəhərlərindən onun yanına oxumağa gəlirlər.
Stoletovun elmi işləri elektromaqnetizm, optika, molekulyar fizika və s. aid olmuşdur.
Stoletov Aleksandr (10.08.1839-27.05.1896)
Ferromaqnit materiallarının maqnitlənməsini ilk dəfə ətraflı tədqiq edən Stoletov olmuşdur. O, ilk dəfə qapalı dəmir halqanın ona dolanmış məftillərindən keçən cərəyan vasitəsilə maqnitləndirilməsi üsulundan istifadə etmişdi. Də-mirin maqnitlənməsi işini öyrəndikdən sonra onun adı xarici ölkələrdə də tanındı. Bu kəşfə görə 1874-cü ildə onu Kembric  universitetinin fizika laboratoriyasına dəvət edirlər.
1888-ci ildə Stoletov öz laboratoriyasında fotoeffektin tədqiqinə başlayır. Xarici fotoeffekt  hadisəsini tədqiq edər¬kən o, müəyyən etmişdir ki, (təcrid edilmiş, lakin elektrikləndirilməmiş cismi işıqlandırdıqda (qövs fanarı ilə) cisim müsbət yüklə yüklənir. O, eyni zamanda müəyyən edir ki, qövs lampasının işığı mənfi yüklənmiş cismin səthinə düşdükdə ondan mənfi yüklər qoparır. Belə elektriklənməyə o, fotoelektrik hadisəsi adı verir.
1888-1890-cı illərdə fotoeffekti ətraflı tədqiq edən Stoletov çox mühüm nəticələr alır. O, öz nəticələrini ümumiləşdirib aşağıdakı qanunları müəyyən edir:
1. İşığın təsiri ilə katoddan yalnız mənfi yüklər qopur.
2. Fotocərəyanın şiddəti elektrod üzərinə düşən işığın intensivliyi ilə düz mütənasibdir.
3. Ultrabənövşəyi şüaların təsirindən alınan fotoeffekt hadisəsi daha effektlidir.
Fotoeffekt hadisəsinin kəşfi fotoelementin ixtirasına səbəb oldu. Fotoeffektin tədqiqi Stoletova dünya şöhrəti qazandırdı. Stoletov 1889-cu ildə Parisdə çağırılan fiziklərin 2-ci beynəlxalq konqresində iştirak etmiş və onun təklifi ilə müqavimət vahidi «Om» qəbul edilmişdir.
Rusiyada fizikanın inkişafında Stoletovun xidməti böyükdür. O, öz kəşfləri ilə, fizika elmini zənginləşdirmiş, istedadlı rus alimlərinin (N.A.Umov, İ.F.Usagin, A.P. Sokolov, P.N.Lebedev, N.E.Jukovski və başqaları) tam bir nəslini yetişdirmişdir.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top