Evancelista Torriçelli İtalyan fiziki və riyaziyyatçısı olub, Faentsedə anadan olmuşdur. Uşaq ikən atadan məhrum qalan Torriçelli əmisinin himayəsində qalmış və onun təklifi ilə dini-yezuit məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra o, riyazi təhsilini davam etdirmək üçün 1626-cı ildə Romaya gəlir, Qalileyin tələbəsi və dostu B.Kastelli (1577-1644) ilə tanış olur. Kastelli öz dövrünün qabaqcıl alimi olmuş və tələbəsi Torriçellini də elmi ideyalarla, xüsusən Qalileyin əsərləri ilə tanış etmişdir.
Qalileyin «iki elm haqqında müsahibə» əsərini Torriçellinin oxuması onun yaradıcılığına böyük təsir etmişdir. Bu əsərin təsiri altında o, «Təbii təcilli hərəkət haqqında» adlı əsərini yazmış və Kastelliyə göstərmişdir. Kastelli Romadan Venesiyaya gələrək bu əsəri Qalileyə göstərir. Həmin əsər Qalileyin xoşuna gəldiyindən Torriçellini yanına dəvət edir və 1641-cı ildən Torriçelli Qalileyin yanında işləyir.
Fizikada olan başqa kəşflər kimi atmosfer təzyiqinin kəşfi də insanların müəyyən praktik ehtiyacları ilə əlaqədardır. O dövrdə nasosla suyu yuxarı qaldırdıqda görürlərmiş ki, su porşenin arxasınca yuxarı qalxır, porşenlə su arasında boşluq qalmır. Bunun səbəbi hamını düşündürür. Lakin həmin vaxtlar Aristotelin «təbiət boşluqdan qorxur» ideyası hökm sürürdü.
Rəvayətə görə, Florensiyada Toskan hersoqunun bağı üçün suyu 10 metrdən çox yüksəkliyə qaldırmaq lazım gəlir. Lakin nasos suyu 10 m-dən yuxarı qaldıra bilmir. 10 m-ə qədər su porşenin arxasınca qalxmış, sonra isə porşendən aralanmış, su ilə porşen arasında boşluq yaranmışdır.
Florensiyada nasosla suyu 10 m-dən yuxarı qaldırmağın mümkün olmaması elmin qarşısında bunun səbəbini öyrənmək məqsədi qoyur.
Bu problemi həll etmək üçün Qalileyə müraciət edirlər. Lakin Qaliley həm qocalmış, həm də məhkəmədə öz elmi ideyalarından və ixtiralarından əl çəkməyə məcbur edilmişdir. Ona görə bu işi axıra çatdıra bilmir. Qaliley öləndən sonra onun tədqiqatlarını şagirdi Torriçelli davam etdirir.
Torriçelli 1643-cü ildə öz tarixi təcrübəsini aparır: bir ucu bağlı olan 1m uzunluğunda şüşə borunu civə ilə doldurur. Borunun açıq ucunu möhkəm qapayıb başıaşağı çevirir və içərisində civə olan çanağa batırıb, civənin içərisində borunun ucunu açır. Borudakı civənin bir hissəsi çanağa töküldükdən sonra 76 sm hündürlükdə civə sütunu qalır. Bunun səbəbini Torriçelli izah edir ki, atmosfer çanaqdakı civənin səthinə təzyiq edərək borudakı civə sütununun ağırlığını tarazlaşdırır. Lakin borunun yuxarı hissəsində hava yoxdur — boşluqdur /bura Torriçelli boşluğu adlanır/.
Havanın çəkisinin olmasının Qaliley tərəfindən isbat olunmasını Torriçelli bilirdi. Ona görə istedadlı alim belə bir məntiqi mühakimə yürüdür ki, çanaqdakı civə səthinə havanın etdiyi ağırlıq, borudakı civə sütununun oturacağa etdiyi təzyiqə bərabərdir.
Torriçelli müşahidə edir ki, borudakı civənin səviyyəsi dəyişir, o müxtəlif günlərdə gah artır, gah azalır. Bununla o, belə nəticəyə gəlir ki, atmosfer təzyiqi dəyişəndir.
Torriçelli civə sütununun üstündə boşluğun mövcud olduğunu göstərməklə Aristotel və onun tərəfdarlarının «təbiət boşluqdan qorxur» ideyasının əsassızlığını sübut etdi.
Atmosfer təzyiqinin mövcudluğunu əyani sübut edənlərdən biri də alman fiziki Otto Herik olub. 1654-cü ildə Maqdeburq şəhərində Otto Herik sahəsi 2800 sm2 olan metaldan hazırlanmış iki yarımkürəni birləşdirərək içərisində olan havanı sorub çıxardıb. Atmosfer təzyiqi yarımkürələri bir-birinə elə böyük qüvvə ilə sıxıb ki, səkkiz cüt ata qoşulub əks tərəflərə dartılmasına baxmayaraq yarımkürələr aralanmayıb.
Atılan cisimlərin hərəkətinə dair Torriçellinin tədqiqatı xarici ballistikanın əsasını qoydu.
Torriçellinin açıq qabdakı deşikdən mayenin axmasına aid kəşfləri hidrodinamikanın əsasını qoyaraq bu elmin indiki böyük nailiyyətlərə çatmasına səbəb olmuşdur.
Torriçellinin verdiyi düstur — dir. Burada h-mayenin səthindən deşiyə qədər olan hündürlükdür. Torriçellini ən çox məşhur edən onun atmosfer təzyiqini kəşf etməsi /1643-cü il/ və 1644-cü ildə civəli barometr qurmasıdır. Torriçellinin bu kəşfi hava nasosunun qurulmasına təkan verdi və bununla da indiki vakuum texnikasının yaranmasına kömək etdi.
Torriçelli mikroskopun konstruksiyasını təkmilləşdirmiş və indiki texnika səviyyəsində teleskopun linzasını ən yüksək səviyyədə şəffaflaşdırmağa nail olmuşdur.