Dünyanın görkəmli fizikləri içərisində şərəfli yer tutan Volta - böyük mütəfəkkir və məşhur ixtiraçı olmuşdur. Bacarıqlı və qeyri-adi eksperimentator olan Volta demək olar ki, bütün həyatını elektrik haqqında təlimin inkişafına sərf etmişdir.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Volta (18.2.1745-5.3.1827) məşhur İtaliyan fiziki, kimyaçısı və fizioloqudur. O, İtaliyanın kiçik Komo şəhərində anadan olmuşdur. Gənc Volta məktəbdə oxuyarkən əməksevərliyi ilə böyük istedada malik olduğunu büruzə verər, elektrik hadisələri ilə daha çox maraqlanardı. Volta L.Qalvaninin «Heyvan elektriki» nəzəriyyəsini təcrübədə yoxlayıb səhv olduğunu göstərmişdir.
Volta qəribə təcrübələr müəllifidir. O, müxtəlif metaldan olan iki pulun birini dilinin üstünə, o birisini isə dilinin altına qoyur. Sonra məftillə pulları birləşdirəndə turş dad duyardı. Belə dada səbəb dildən keçən elektrik cərəyanı olduğunu bilirdi. Volta elektrikin dadını duyan ilk alimdir.
Bir-birinin üstünə yüzdən artıq pul qoymaqla 1800-cü ildə Volta elektrik cərəyanı mənbəyi düzəldir ki, bu «Volta sütunu» adlandırılırdı. Sonra o, içərisində turşu məhlulu olan şüşə qaba mis və sink lövhə salmaqla cərəyan mənbəyi «Qalvanik element» düzəltmişdir. Düzəltdiyi cərəyan mənbəyi barədə 1800-cü ildə mart ayının 20-də London Kral cəmiyyətində məruzə oxuyur. Bundan sonra dünya fizikləri onun qurduğu cərəyan mənbəyinə oxşar mənbələr düzəldib təcrübələr aparmağa başladılar. Cərəyan mənbəyinin Volta tərəfindən yaradılması elektrik haqqındakı təlimin inkişafına güclü təkan verdi. Bu dövrlərdən başlayaraq elektrik cərəyanı və cərəyanın təsirləri öyrənilməyə başlanıldı. Volta elektrik induksiyasını öyrənəndən sonra 1777-ci ildə öz məşhur cihazmı- elektroforu, evdiometri, elektrik pistoletini ixtira edir. O, 1779-cu ildə Paviya universitetinin fizika professoru olur. Voltanın birinci elmi əsəri «Leyden bankası» və elektrik maşınına həsr olunub.
O, həssas vərəqli elektroskopu 1781-ci ildə ixtira edib, 1782-ci ildə isə elektroskopa kondensator birləşdirməklə öz cihazını təkmilləşdirib ən kiçik gərginlikləri ölçməyə nail olub. Volta birinci olaraq başa düşdü ki, elektrometr cihazı ilə gərginliyi ölmək olar. O, bir dəfə elektrometrləri elektriklənmiş cisimlərə birləşdirdikdə müxtəlif nəticə alındığını görür. Bunun səbəbini düşünərək elektrikə yeni elektrik tutumu anlayışını daxil edir. /Gərginlik terminini də elmə Volta daxil etmişdir/.
Volta eyni zamanda havanın istidən genişlənməsini tədqiq etmiş, diffuziya hadisəsini müşahidə edib (1790), alovun elektrik keçirməsini (1787) öyrənmişdir. Elektrik miqdarı, gərginlik və elektrik tutumu arasında müəyyən əlaqənin olduğunu birinci dəfə Volta bilmişdir. O, öz cihazı ilə ən kiçik elektrik yükünün ölçülməsinin mümkün olduğunu göstərib.
Volta elektrofiziologiyaya aid təcrübələr apararaq, heyvan sinirlərində /əzələlərə nisbətən/ bağırsaqların saya əzələlərində (skelet əzələlərinə nisbətən) və mədədə böyük elektrik oyanıcılığı olduğunu müşahidə etmişdir.
Volta öz kəşfləri barədə Fransa EA-da iki dəfə məruzə etmişdir. Onun 1801-cı ildə ikinci məruzəsində Napoleon Bonapart iştirak etmiş və alimin ixtiralarını çox yüksək qiymətləndirmişdir. Bu kəşflərə görə Volta Akademiyanın medalı, böyük pul mükafatı və s. ilə təltif olunmuşdur. Görkəmli fizik Araqo onun barəsində belə demişdir: «Cəsarətli və zirək dərrakə, böyük və sədaqətli fikirlər, yumşaq və səmimilik, məşhur professorun əsas keyfiyyətlərindəndir. Heç bir zaman özünü üstün tutmamaq, pula olan ehtiraslıq onun hərəkətlərinə mane ola bilməzdi. Onun yeganə zövqü elmə olan məhəbbəti idi. O, qərq olmuş fikirlərdən onu heç kim çıxarda bilməzdi, başqa fikirlər bu zaman onun üçün sönmüş olardı».
Volta qaz yanacağının tədqiqi ilə məşğul olub, metan qazını kəşf edib (1776), xassəsini öyrənmiş, hidrogen lampası hazırlamış, fizika və kimya sahəsindəki böyük kəşflərə aid poema yazmışdır. O, London Kral cəmiyyətinin və Paris EA-nın üzvü olmuşdur.