Robert Huk (Robert Hooke) görkəmli ingilis fiziki və ixtiraçısıdır. O, Uayt adasında anadan olub. Huk Oksford universitetində oxumuş və Robert Boylun assistenti olmuşdur. O, London Kral cəmiyyətinin (1663) üzvü və 1677-83-cü illərdə katibi olmuşdur.
Onun ən böyük elmi xidməti 1660-cı ildə təcrübi yolla yayın elastiklik qüvvəsinin onun uzanması ilə mütənasib olduğunu öyrənməsidir. Lakin qanun 1678-ci ildə elan edilmişdir. Huk qanununun riyazi ifadəsi F=-kx; x-uzanma, k- mütənasiblik əmsalıdır.Huk 1662-ci ildə Kral cəmiyyətinin eksperimentçisi olmuş və R.Boylla birlikdə Herikin hava nasosunu təkmilləşdirmişdir. O,1665-ci ildə Hüygenslə birlikdə termometrin sabit nöqtələrini-buzun ərimə nöqtəsi və suyun qaynama nöqtəsini təyin etmişdir.
O, istilik haqqında yalan nəzəriyyə-flogistonun əleyhinə çıxış etmiş və istiliyə cismi təşkil edən zərrəciklərin mexaniki hərəkətinin nəticəsi kimi baxmışdır. Mikroskopda bir sıra təkmilləşdirmələr apardıqdan sonra (1665), bitkilərin hüceyrə quruluşunu öyrənmiş, «hüceyrə» terminini elmə Huk daxil etmişdir. O, 1665-ci ildən London universitetinin professoru olmuşdur.
Robert Huk öz dövrünün fiziki cihazlarında (barometr, güzgülü teleskop və s.) çoxlu təkmilləşdirmələr aparmış, bir sıra cihazları isə konstruksiya etmişdir (hava nasosu, küləyin sürətini təyin edən cihaz və s.)
1668-ci ildə Huk göstərib ki, bütün cisimlər üçün ərimə və qaynama nöqtələri sabitdir. Nyutonun korpuskulyar nəzəriyyəsinə inanmayıb ona qarşı çıxan Huk, işığın dalğa xassəsinə malik olduğunu müdafiə edirdi. O, izah edirdi ki, durğun suya daş düşəndə dalğa ətrafa necə yayılırsa işıq da mənbədən çıxdıqda eninə dalğa şəklində elə yayılır. Huk eyni zamanda Nyutonun nəzəri və təcrübi yolla izah etdiyi kimi — ağ işığın yeddi sadə rənglərin cəmindən əmələ gəlməsi barədə fikrinə də etiraz edib.
1672-ci ildə Kral cəmiyyətindəki məruzəsində Huk işığın eninə dalğa formasında yayıldığını söyləmişdir. Qeyd etməliyik ki, bu O, Frenelin işığın eninə dalğa olduğunu izah etməsindən 150 il qabaqdır.
Huk 1674-cü ildə planetlərin hərəkətlərini müşahidə edərək belə nəticəyə gəlmişdir ki, bütün cisimlər arasında, o cümlədən planetlərlə Günəş arasında cazibə qüvvəsi təsir göstərir.
Robert Huk öz «Mikroqrafiya» əsərində işığın interferensiya və difraksiya hadisəsini təsvir etmiş, istiliyin təbiətinin geniş şərhini vermiş və işığın difraksiya hadisəsini müşahidə etmişdir.
Huk yaradıcılığı çox sahəlidir. O, yaşadığı əsrin aktual problemlərini duymuş və onları həll etməyə çalışmışdır. Hukun adı optika, cazibə qanunu, saatın təkmilləşdirilməsi, elastiklik, göy mexanikası, işığın dalğa nəzəriyyəsi, istilik hadisəsi və s. O, fiziki optikanın əsasını qoyanlardan biri olmuşdur.
1679-cu ildə Huk belə bir fikir söyləyir ki, əgər cazibə qüvvəsi məsafənin kvadratı ilə tərs mütənasib olarsa onda planet ellips boyunca hərəkət etməlidir. Huk «Yerin hərəkəti haqqında traktat» əsərində (1674) özünün dünyanın quruluş sistemini vermiş və ümumdünya cazibə qanununun ideyasını söyləmişdir
1680-ci ildə Robert Huk planetlərin hərəkətlərini müşahidə edərkən belə nəticəyə gəlir ki, cazibə qüvvəsi məsafənin kvadratı ilə tərs mütənasibdir. Onu da qeyd etmək lazımdır ki, Nyuton ümumdünya cazibə qanununu «Başlanğıclar» əsərində şərh edərək əlyazmasını 1686-cı ildə Kral Cəmiyyətinə təqdim etdikdən sonra R. Huk da eyni ilə həmin qaydada qanunun kəşfi barədə məlumat verib. Lakin Nyuton elan edir ki, Hukun kəşfi artıq gecikmişdir, çoxdan hər yerə ümumdünya cazibə qanununun kəşfi barədə məlumat verilib və bu barədə Xristian Hüygensə də məktub göndərilib.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı