Robert Boyl görkəmli ingilis kimyaçısı, fiziki və filosofudur. O, İrlandiyanın Lismar şəhərində dövlət katibi Riçard Boylun ailəsində anadan olub. Bu ailənin 14 uşağından R.Boyl yeddinci oğlu olub. Uşaqlıq illərindən Boyl xarici dilləri öyrənməyə başlayıb. 8 yaşında olanda fransız və latın dillərində sərbəst danışırmış. Boyl olduqca sadə, intizamlı, alicənab və çox nəzakətli adam, güclü dindar olmuş və evlənməyib. O, 1654-cü ildən Oksfordda yaşayıb, universitetin bir çox görkəmli professorları ilə dostluq edib, öz laboratoriyasını yaradıb.
Boylun tədqiqat işləri molekulyar fizikaya, işıq və elektrik hadisələrinin öyrənilməsinə, hidrostatika, akustika, istilik və mexanikaya aid olmuşdur.
Boyl 1660-cı ildə «hava yayına aid yeni təcrübələr» adlı əsərini yazır. O, təcrübələr aparıb müəyyən edir ki, qaz özünü sıxılmış yay kimi aparır. Havanın elastikliyinin Boyl tərəfindən öyrənilməsi hava nasoslarının ixtirasına səbəb oldu. Boyl öyrənir ki, havanı sorub çıxartdıqda oradakı civə sütunu aşağı enir, yəni təzyiq azalır. O, eyni zamanda təzyiqi azaltdıqda suyun tez qaynadığını /qaynamanın təzyiqdən asılılığı/ müəyyən edir.
Boylun kimya sahəsində də xidmətləri olmuşdur. O, kimyaya eksperimental metodu daxil edir və 1661-ci ildə «Kimyaçı-skeptik» adlı əsər yazır. Bu əsərdə o, kimyəvi elementin ilk dəfə tərifini vermiş və kimyanın müstəqil elmə çevrilməsinin təşəbbüsçüsü olduğunu bildirmişdir. Boylun fikrincə element-maddədir, cismin tərkib hissəsidir.
Boyl kimyada vəsfi analizin əsasını qoymuş, eyni zamanda çoxlu sayda rəngarəng fiziki-kimyəvi təcrübələr apararaq hər iki elm sahəsində çox dəyərli kəşflər etmişdir. 1661-ci ildə kimyəvi elementləri təyin etməyin metodunu vermiş, havanın fiziki və kimyəvi xassəsini öyrənmiş,1662-ci ildə isə qaz qanununu kəşf etmişdir.
Boyl sabit temperaturda havanın təzyiqinin həcmdən asılı dəyişməsini tədqiq edərkən müəyyənləşdirir ki, qaz kütləsinin həcmi ilə təzyiqi bir-biri ilə tərs mütənasibdir.
R.Boyl müəyyən edir ki, maddənin sıxlığı onun mühüm xarakteristikasıdır, ona görə şkalalı areometr düzəldərək bir çox mayelərin sıxlığını hesablayıb.
Eksperimental fizika ilə məşğul olarkən Boyl bir sıra sadə cihazlar /termometr, barometr, areometr, hiqrometr və s./ qurmuş, su donarkən həcmini genişləndirməsini müəyyən etmişdir.
Boyl nasosu təkmilləşdirərək «böyük pnevmatik maşın» qurmuş və Otto Herikenin /1654-cü ildə Maqdeburqda apardığı/ tarixi təcrübəsini böyük məharətlə təkrar etmişdir. «Barometr» adını Boyl elmə daxil edib (1662). R.Boyl «Pnevmatik maşın»ın köməyi ilə 25 mm. c.s. tərtibində təzyiq almağa nail olmuşdur ki, bu XVII əsr elmində ən böyük nailiyyət hesab edilir.
R.Boyl İngiltərənin təbii sərvətləri ilə çox maraqlanmış, mineralları və filizləri öyrənmiş, sənayedə onlardan istifadə olunması ilə məşğul olmuşdur.
Boylun əsərlərinin təxminən üçdə biri teologiyaya həsr olunmuşdur. Bibliyanın türk, ərəb, malayya dillərinə tərcümə olunmasını Boyl şəxsi pulu hesabına etmişdir.
O, 1663-cü ildə London Kral cəmiyyətinin üzvü seçilmişdir. Boyl 1668-ci ildə Londona köçüb. 1680-ci ildə London Kral cəmiyyətinin prezidenti seçilmiş, lakin bu vəzifəni daşımaqdan imtina etmişdir.
Mənbə Görkəmli fiziklər kitabı
Müəllif Fərhad Hacıyev