Demokrit qədim Yunanıstanın görkəmli materialist filosofudur. O, Aralıq dənizinin Frakiya sahilindəki Abderdə anadan olmuşdur. Demokritin müəllimi Qədim Yunanıstanın filosofları olan Anaksaqor və Levkipp olmuşlar. Bundan başqa o, fars kahinlərindən də dərs almışdır.
Mənbə Görkəmli fiziklər kitabı
Demokrit hadisələri müşahidə edərək belə nəticəyə gəlmişdir: bizə belə görünür ki, cisimlər bütövdür. Əslində isə onlar çoxlu zərrəciklərdən təşkil olunmuşdur, cisimlərdəki zərrəciklər formaca müxtəlifdir. Çox kiçik olduğundan onları görmək olmur. Bölünməyən zərrəcikləri o "atom" adlandırmışdır. Atom sözü yunanca «bölünməz» deməkdir. O, materialist atomizm nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Demokrit materiyanın quruluşu haqqında dahiyanə bir ehtimal irəli sürmüşdür. Onun fikrincə: «Kainatın başlanğıcı- atomlar və boşluqdur, yerdə qalanlar isə fikirlərdə mövcuddur. Dünyalar sonsuz qədər çoxdur, onlar zamana görə başlanğıca və sona malikdirlər. Heç nə yoxdan əmələ gəlmir və yox olmur. Atomlar da ölçüləri və çoxluğu etibarı ilə saysız-hesabsız olub, kainatın burulğanlarında fırlanaraq hərəkət edir, beləliklə bütün mürəkkəb şeylər: od, su, hava, torpaq yaranır. Sonuncular bəzi atomların birləşməsinin nəticəsidir. Atomlar möhkəmlikləri nəticəsində dəyişilmir. Atomlar dəyişilməz və əbədidir, bölünməz və nüfuz edilməzdir, daim hərəkətdədir».
Demokrit dövrünün demək olar ki, bütün elm sahələri (etika, astronomiya, riyaziyyat, fizika, tibb, musiqi nəzəriyyəsi və s.) ilə məşğul olmuş və Misir, Babilistan, İran, Ərəbistan, Hindistan, Həbəşistan dövlətlərinə səyahət etmişdir.
Demokritin elmin bir çox sahələrinə - riyaziyyat, fizika, fəlsəfə və s. aid yazmış olduğu əsərləri zəmanəmizə gəlib çatmayıb. Onun haqqında məlumatları başqa müəlliflərin kitablarından bilirik.
Demokrit həm də görkəmli riyaziyyatçı olub, piramidanın həcminin prizma həcminin üçdə birinə, konusun həcminin isə silindr həcminin üçdə birinə bərabər olması onun riyazi isbatlarındandır.
Deməliyik ki, alimlər atomların mövcud olmasını Demokritin yaşadığı vaxtlardan başa düşmüşlər. Lakin atomun həqiqətən mövcud olduğunu sübut edənə kimi çox vaxt keçmişdir. XİX əsrin axırlarında gördülər ki, atom adı səhv verilib. Atomlar Demokritin təsəvvür etdiyi kimi bölünməz deyildir: onlar daha xırda zərrəciklərdən ibarətdir. Alimlər bu zərrəcikləri elementar zərrəciklər adlandırdılar.
O dövrdə Demokritin dediklərinə hamıdan əvvəl onun müasiri dahi Aristotel inanmırdı. O, Demokritin dediklərinin əksini təlim edirdi. Demokritə görə daim hərəkətdə olan atomlar toqquşur, birləşir və bunun nəticəsində maddələr, cisimlər və həyat yaranmışdır. Demokritin fikrincə həqiqət hissi qavrayış və müşahidə prosesində əldə edilmiş biliklərin zəka vasitəsilə ümumiləşdirilməsi yolu ilə dərk edilir.
Müəllif Fərhad Hacıyev