Xristian Hüygens

Xristian Hüygens

Xristian Hüygens görkəmli mexanik, fizik, astronom və riyaziy­yatçı kimi tanınır, O, Hollandiyanın Haaqa şəhərində zadəgan ailəsində anadan olmuşdur. Atası Konstantin Hüygens məşhur şair və dövlət xadimi olub. O, oğluna əvvəlcədən riyaziyyata və mexanikaya aid mükəmməl təhsil vermişdir.
Hüygensin 16 yaşı olanda atası oğlunu hüquqçu etmək fikrinə düşür və bu məqsədlə onu Leyden universitetinə göndərir. Universitet həyatında Hüygens hüquq elmini yaxşı oxuması ilə yanaşı riyaziyyat, mexanika, astronomiya və tətbiqi optika ilə də maraqlanmışdır. O, mahir sənətkar kimi optik şüşələri cilalamış, astronomiya borusunu təkmilləşdirmişdir. Hüygens düzəltdiyi teleskopla 1655-cı ildə Saturn planetinin Titan peykini, Saturn halqasını kəşf etmiş, peykin planet ətrafında fırlanma periodunu hesablamış və halqanın Saturn planetinə heç yerdə toxunmadığını öyrənmişdir.
O, birinci dəfə olaraq mexanikanın bir çox məsələlərini həll etmiş, rəqqasın rəqs qanunlarını tapmış, mərkəzəqaçma təcilini və qüvvəsini hesablamaq üçün düstur müəyyən etmiş, hərəkət miqdarının saxlanması qanununu kəşf et­mişdir. Rəqqasın hərəkətini öyrənməklə Hüygens riyazi rəqqasın periodunu hesablamağa aid düsturunu vermişdir.
Hüygens fiziki rəqqasın rəqs mərkəzini təyin etmək məsələsini həll etmiş, fiziki rəqqasın rəqs periodunu hesab­lamaq üçün də düstur vermişdir.
O, zərbə nəzəriyyəsinin əsasını qoymuş, 1657-ci ildə rəqqaslı saat ixtira etmişdir. İlk saatı qurarkən hiss edir ki, Qalileyin öyrəndiyi rəqslərin izoxronluq qanunu dəqiq deyil. O, müəyyən edir ki, rəqqasın meyl bucağının kiçik qiymətlərində izoxronluq yaxşı dəqiqliklə ödənilir, lakin meyl bucağının 60° qiymətində izoxronluğun olmadığı hiss edilir. Birinci saatı qurduqdan sonra Hüygens elə saat qurmaq istəyir ki, o çox dəqiq işləsin, dənizçilik üçün etibarlı olsun.
1663-cü ildə Hüygens London Kral cəmiyyətinə, 1666-cı ildə isə Fransa Elmlər Akademiyasına üzv seçilmişdir.
O, 1668-ci ildə İsland şpatında işığın ikiqat sınmasının səbəbini izah etmiş, «Kristalın Hüygens oxu» anlayışını elmə daxil etmiş və işığın polyarizasiyasını kəşf etmişdir (1678). İşıq haqqında ilk nəzəriyyə - Nyutonun korpuskulyar nəzəriyyəsi verildikdən bir az sonra 1678-ci ildə Hüygens işığın dalğa nəzəriyyəsini irəli sürür.
Hüygensə görə işıq, bütün fəzanı dolduran və hər bir cismin daxilinə nüfuz edən xüsusi hipotetik mühitdə-efirdə yayılan elastiki dalğalar selidir.
1665-ci ildə Hüygens Parisə dəvət olunur ki, yenicə təşkil edilmiş Kral Akademiyasına rəhbərlik etsin. O, 1665-ci ildən 1681-ci ilə kimi Parisdə yaşamış, sonra isə vətəninə qayıtmışdır. Parisdə olarkən o, məşhur astronom Ryomerlə tanış olmuş işıq sürətini təyin edərkən müşahidələr aparmaqda Ryomerə fəal köməklik etmişdir. Hüygens işığın dalğa nəzəriyyəsini verdikdən sonra dalğaların hərəkətini təsvir edən ümumi prinsip irəli sürmüşdür: «həyacanlanmanın çatdığı mühitin hər bir nöqtəsinin özü, ikinci dalğa mənbəyi olur». O, dalğa nəzəriyyəsinin əsaslarını 1690-cı ildə yazdığı «İşıq haqqında traktat» əsərində vermişdir.
Riyaziyyat sahəsində Hüygensin işləri konus kəsikləri, sikloidlər və başqa əyrilərin tədqiqinə aiddir.
1675-ci ildə yaylı saat qurmaq ideyasını Hüygens təklif etmişdir. Saat texnikası haqqında onun son işləri 1693-cü ildə çap edilmişdir.
Hüygens öz müasiri R.Hukla (1665) termometrin sabit nöqtələri üçün buzun ərimə və suyun qaynama nöqtələrini qəbul edirlər. O, optika və kosmoqoniyanın bəzi problemləri ilə məşğul olmuşdur. Onun irəli sürdüyü işığın dalğa nəzəriyyəsi bu günə qədər öz əhəmiyyətini saxlamışdır.
Hüygens Yerin qütblərindən basıq olduğu fikrini ilk dəfə müəyyən etmiş və ümumdünya cazibə qanununun kəşfinə çox yaxınlaşmışdır.

 


Müəllif Fərhad Hacıyev
Mənbə Görkəmli fiziklər kitabı

Top