- İspaniya XVI əsrin əvvəllərində
- Kommuneros üsyanı
- XVI əsrdə İspaniyanın iqtisadi inkişaf xüsusiyyətləri
- İspaniya II Filippin dövründə
1. İspaniya XVI əsrin əvvəllərində.
1492-ci ildə Rekonkistanın başa çatması ilə bütün Pireney y.a. (Portuqaliyanı çıxmaq şərtilə) ispan krallarının hakimiyyəti altında birləşdirildi. Bundan əlavə, Sardiniya, Siciliya, Balear adaları, Neapol krallığı və Navarra da ispan monarxlarına məxsus idi.
1516-cı ildə Araqonlu Ferdinandın vəfatından sonra ispan taxtına I Karlos çıxdı. Anna tərəfdən o, Ferdinandın və İzabellanın, ata tərəfdən isə imperator I Maksimilian Habsburqun nəvəsi idi. Atasından və babasından I Karlos Habsburqların Almaniyada, Niderlandda və Cənubi Amerikada olan mülklərinə varis olmuşdu. 1519-cu ildə o, V Karl adı ilə Müqəddəs Roma imperiyasının taxtına çıxmağa müyəssər olur. Müasirləri deyirdilər ki, Karlın mülklərində «Günəş heç vaxt batmır».
Lakin bu qədər nəhəng ərazinin ispan taxtı altında birləşdirilməsi ölkənin iqtisadi və siyasi birliyi üçün yetərli deyildi. Araqon və Kastiliya krallıqları sadəcə nigah uniyası ilə birləşmişdilər, bütün XVI əsr boyu onlar siyasi baxımdan pərakəndə olaraq qaldılar: hər iki krallıq öz silki-nümayəndəli idarələrini – kortesləri, öz qanunvericiliyini və məhkəmə sistemini qoruyub saxlamışdılar. Kastiliya qoşunları Araqon torpaqlarına daxil ola bilməzdi, sonuncu isə Kastiliyanın ərazisini müharibə olardısa, müdafiə etməyə borclu deyildi. Araqon krallığının özündə isə onun əsas bölgələri (Araqon, Kataloniya, Valensiya və Navarra) nisbi müstəqilliklərini saxlamışdılar.
İspan dövlətinin pərakəndəliyi onun vahid siyasi mərkəzinin olmamasında da təzahür edirdi: kral sarayı ölkənin müxtəlif şəhərlərində cəmlənirdi, çox vaxt isə bu, Valyadolid şəhəri olurdu. Yalnız 1605-ci ildə İspaniyanın rəsmi paytaxtı Madrid olur.
Ölkənin təsərrüfat pərakəndəliyi daha güclü hiss olunurdu: ayrı-ayrı bölgələr sosial-iqtisadi inkişaf xüsusiyyətlərinə görə bir-birindən kəskin şəkildə seçilirdi və aralarında iqtisadi bağlılıq zəif idi. Ölkənin coğrafi şəraiti də bunun şərtləndirirdi: dağlıq landşaft, gəmiçilik üçün yararlı çayların olmaması və s. Şimal vilayətləri – Qalisiya, Asturiya, Basklar Ölkəsi yarımadanın mərkəzi ilə demək olar ki, heç bir əlaqəyə malik deyildi. Onlar daha çox limanlar vasitəsilə İngiltərə, Fransa və Niderlandla ticarət aparırdı. Kastiliyanın və Leonun bəzi vilayətləri də bu rayona meyl edirdi. Ölkənin cənub-şərqi, xüsusilə Kataloniya və Valensiya isə Aralıq dənizi ticarətlə sıx bağlı idi. Kastiliya krallığının daxili əyalətləri isə Toledoya meyl edirdi, burada qədim zamanlardan sənətkarlıq və ticarət cəmlənmişdi.
Gənc kral I Karlos (V Karl) (1516-1555) taxta çıxana qədər Niderlandda böyüyüb tərbiyə almışdı. O, ispanca çox pis danışırdı, ispan adət-ənənələrindən xəbərsiz olub, əshabələri başlıca olaraq flamandlardan ibarət idi. İlk illərdə Karl İspaniyanı Niderlanddan idarə edirdi. Onun imperator taxtına çıxması, Almaniyaya səfərləri və taxta çıxma mərasimi üçün olan məsrəfləri böyük vəsait tələb edirdi və bütün bu xərclər Kastiliya xəzinəsinin üzərində idi.
Ümumdünya imperiyası yaratmağa çalışan V Karl hakimiyyətinin ilk illərindən İspaniyaya özünün Avropa siyasətinin maliyyə mənbəyi kimi baxırdı. Kralın flamandları dövlət idarəçiliyinə cəlb etməsi, mütləqiyyətçi iddiaları ispan şəhərlərinin və korteslərinin hüquqların tapdayırdı, bu da öz növbəsində bürgerlərin və sənətkarların etirazına səbəb olurdu. V Karlın siyasəti ali zadəganlar arasında da narazılıqla qarşılanırdı. XVI əsrin I rübündə müxalif qüvvələr güclənməyə başlamışdı.
1518-ci ildə alman bankirləri Fuggerlərin borcunu qaytarmaq məcburiyyətində qalan V Karl yardım üçün ispan korteslərinə müracəit etdi və böyük miqdarda maliyyə yardımı almağa müyəssər oldu. Lakin İtaliyada müharibələr apardığı üçün bu pullar tezliklə qurtardı və 1519-cu ildə kral yenidən ispanlara müraciət etdi. Korteslər bu pulu bir neçə şərt altında krala verdilər: kral İspaniyanı tərk etməməlidir, dövlət vəzifələrindəki əcnəbəlirə yerli əyanlarla əvəz olunmalıdır, əcnəbilər vergi yığımı iltizamı verilməməlidir. Lakin pulu alandan dərhal sonra kral İspaniya tərk etdi və üstəlik, flamand mənşəli kardinal Utrextli Adrianı da ölkəyə canişin təyin etdi.
2. Kommuneros üsyanı.
Kralın imzaladığı razılaşmanı pozması kral hakimiyyətinə qarşı şəhər kommunalarının üsyanına səbəb oldu, bu üsyan «kommuneros üsyanı» (1520-1522) adını aldı. Kral ölkədən gedəndən sonra korteslərin deputatları öz şəhərlərinə qayıtdılar və krala böyük güzəştə getlikləri üçün əhali tərəfindən böyük narazılıqla qarşılandılar. Seqoviyada sənətkarların böyük bir hissəsinin – mahudçuların çıxışları başladı. Üsyançı şəhərlərin başlıca tələblərindən biri ölkəyə Niderlanddan yun parça gətirilməsinin qadağan edilməsi tələbi oldu.
Üsyanın birinci mərhələsində (1520-ci ilin may-oktyabr ayları) kommuneros hərəkatı üçün zadəganlarla şəhərlərin ittifaq səciyyəvi olmuşdur. Bu onunla izah olunur ki, zadəganların separatçı qisminin iddiaları şəhərlərin orta əsr imtiyazlarının qaytarılması tələbi ilə çıxış edən patrisilərin və bürgerlərin arzuları ilə üst-üstə düşürdü. Lakin bu ittifaq möhkəm deyildi, çünki bu qrupların maraqlarınin bir çoxu sonradan ziddiyyət təşkil etdi. Şəhərlər və qrandlar arasında şəhər icmalarının əlində olan torpaqlar uğrunda mübarizə başladı. Buna baxmayaraq, üsyanın birinci mərhələsində ölkədəki bütün antikral qüvvələr birləşə bildi.
Hərəkatın əvvəlində Toledo şəhəri üsyanı başçılıq edirdi, üsyanın rəhbərləri isə bu şəhərin zadəganları – Xuan de Padilya və Pedro Lasso de la Veqa idi. Bu mərhələdə üsyan etmiş bütün şəhərləri birləşdirmək cəhdi edildi. Onların nümayəndələri Avila şəhərində toplaşdı, iclasda şəhərlilərlə yanaşı, zadəganlar və ruhanilər də iştirak edirdi. 1520-ci ilin yayında Xuan de Padilyanın başçılığı altında üsyançıların silahlı qüvvələrinin Müqəddəs Xuntası (Birliyi) yarıdıldı. Şəhərlər kral canişininə tabe olmaqdan imtina etdilər və onun qoşunun şəhər ərazilərinə daxil olmasına qadağa qoydular.
Hadislər inkişaf etdikcə, kommuneros hərəkatının proqramı da konkretləşirdi və tədricən antizadəgan xarakteri alırdı. Şəhərlər qrandların ələ keçirdikləri kral torpaqlarının xəzinəyə qaytarılmasını, onların kilsə 1/10 vergisini ödəmələrini tələb edirdilər. Şəhərlər düşünürdülər ki, bu tədbirlər ölkənin maliyyə vəziyyətini düzəldər və vergi verən təbəqənin – şəhərlilərin vergi zülmünü azaldar.
1520-ci ilin yazında və yayında demək olar ki, bütün ölkə Xuntanın nəzarəti altına keçdi. Belə bir vəziyyətdə V Karl canişinə bəzi şəhərlərlə danışığa getməyi və hərəkatın içində təfriqə yaratmağı tapşırdı.
1520-ci ilin payızında 15 şəhər hərəkatdan ayrıldı, onların nümayəndələri Sevilyada toplaşaraq mübarizədən çəkilmək haqqında razılaşma imzaladılar. Elə həmin ilin payızında kradinal-canişin üsyançılara qarşı hərbi əməliyyatlara başladı.
Üsyanın ikinci mərhələsində (1521-1522) üsyançıların tələbləri dəqiqləşdirildi və yenidən işləndi. «99 maddə» adlı yeni sənəddə (1521) korteslərin deputatlarının kral hakimiyyətindən müstəqilliyi, monarxın icazəsi omladan hər üç ildən bir yığışmaq haqqı, dövlət vəzifələrinin satılmasının qadağan edilməsi tələbələri irəli sürülürdü. Sənəddə, həmçinin, zadəganların şəhər idarəçiliyinə buraxılmaması, onların da vergi ödəməsi, bəzi imtiyazlarının ləğv edilməsi kimi tələblər var idi.
Hərəkat dərinləşdikcə, onun zadəganlar əleyhinə çevrilməsi aydın olurdu. Üstəlik üsyana kəndlilər də qoşulmağa başlamışdı. Üsyançı kəndlilər zadəganların evləri və malikanələrini dağıdır, talançılıqla məşğul olurdular.
Bu hadisələr üsyançıların arasında təfriqə düşməsinə, zadəganların bir hissəsinin canişinin tərəfində keçməsinə səbəb oldu. Zadəganlarla şəhərlilər arasında düşmənçilikdən istifadə edən canişinin qoşunları hücuma keçdi və Vilyalar yaxınlığında Xuan de Padilyanın qoşunlarına ağır zərbə endirdi. Hərəkatın başçıları ələ keçirildi və edam edildi. Bir müddət Toledo şəhəri üsyanı davam etdirdi, burada üsyana Xuan de Padilyanın arvadı – Mariya Paçeko başçılıq edirdi. Lakin tezliklə şəhər təslim oldu, Mariya Fransaya qaçmalı oldu.
1522-ci ilin oktyabrında V Karl böyük bir muzdlu ordusu ilə ölkəyə qayıdanda artıq üsyan yatırılmış idi.
Kommuneros üsyanı çox mürəkkəb bir sosial hərəkat idi. XVI əsrin birinci rübündə İspaniyada bürgerlər hələ o inkişafa çatmamışdılar ki, şəhər imtiyazlarını öz maraqlarına uyğun tələblərə dəyişdirsinlər. Hərəkatda aşağı kütlələr də böyük rol oynamışdı, onlar isə siyasi baxımdan çox zəif və pis təşkil olunmuşdular.
Kommuneros üsyanında bürgerlərin orta əsrlərə xas imtiyazları saxlamaq cəhdləri öz əksini tapdı. Üsyanın ikinci mərhələsində şəhərlilərlə kəndlilərin ittifaqı İspaniya şəraitində məğlubiyyətə düçar olmalı idi.
Üsyanın məğlubiyyəti İspaniyanın sonrakı inkişafı üçün neqativ təsiri oldu: Kastiliya kəndliləri kral mütləqiyyəti ilə barışmış qrandların tam tabeçiliyinə verildi; şəhərlilərin hərəkatı tamamilə darmadağın edildi; yaranmqada olan burjuaziyaya böyük zərbə endirildi; bundan sonra nəinki ispan kəndi, həm də şəhəri ispan zadəganlarının istismarına verildi.
3. XVI əsrdə İspaniyanın iqtisadi inkişaf xüsusiyyətləri.
İspaniyanın ən sıx məskunlaşan torpağı Kastiliya idi, burada Pireney y.a.-nın 3/4-ü yaşayırdı. Ölkənin digər torpaqlarında olduğu kimi, Kastiliyada da torpaq xəzinənin, zadəganların katolik kilsənin və ruhani-cəngavər ordenlərin əlində idi. Kastiliya kəndlilərinin əsas kütləsi şəxsən azad idilər. Onlar dünyəvi və ruhani feodallarının torpaqlarından irsi istifad etmək hüququna malik olub əvəzində pul senzi ödəyirdilər. Yeni Kastiliyanın və Qranadanın kəndliləri daha yaxşı vəziyyətdə idi, çünki ərəblərdən alınmış torpaqlarda məskunlaşmışdılar. Onlar nəinki şəxsi azadlığa malik idilər, eyni zamanda icmaları şəhərlərin malik olduğu imtiyazlara və azadlıqlara sahib idilər. Bu vəziyyət kommuneros üsyanından sonra dəyişir.
Araqonun, Kataloniyanın və VAlensiyanın sosial-iqtisadi durumu Kastiliyadan fərqli idi. Burada XVI əsrdə feodal asılılığının ən ağır formaları saxlanmışdı. Feodallar kəndlilərin əmlakının varisləri idilər, onların həyatına müdaxilə edə bilərdilər, bəzən kəndlilərə ölüm hökmü belə kəsmək hüququna malik idilər.
İspaniyanın kəndlilər və şəhər əhalisi içərisində ən aşağı və acınacaqlı vəziyyətdə olanlar zorla xristianlığı qəbul etmiş ərəblərin nəsilləri – morisklər idi. Onlar əsasən Qranadada, Əndəlusda, Valensiyada yaşayırdılar və dövlətin və kilsənin xeyrinə böyük vergi ödəyirdilər.
Uzun əsrlər boyu Kastiliyanın kənd təsərrüfatının aparıcı sahəsi qoyunçuluq olmuşdur. Qoyun sürülərinin böyük bir hissəsi imtiyazlı zadəgan korporasiyasına – Mestaya məxsus idi (1836-cı ildə ləğv olunub) və bu təşkilat kral hakimiyyətinin xüsusi himayəsi altında idi.
İldə 2 dəfə – yazda və payızda minlərlə qoyun yarımadanın şimalından cənubuna aparılırdı və yol boyu əkin sahələrini, üzümlükləri, zeytun bağlarını dağıdırdı. Qoyun sürülərini belə böyük kütlələrlə ölkənin müxtəlif ərazilərindən daşınması əkinçiliyə böyük ziyan vururdu. Ağır cəzalandırılmaqdan qorxan kəndlilər öz tarlalarını çəpərləməyə cürət etmirdilər. Hələ XV əsrdə Mesta öz sürülərini kənd və şəhər icmalarının otlaqlarından otarmaq hüququ almışdı, istədiyi torpaq sahəsini isə icarəyə götürə bilərdi. XVI əsrdə Mesta əvvəlki imtiyazlarının hamısının təsdiqinə nail olur.
XVI əsrin birinci rübündə şəhərlərdə istehsalın inkişafı və müstəmləkələrdə ərzaq məhsullarına ehtiyacın yaranması İspaniyanın kənd təsərrüfatının yüksəlişinə səbəb oldu. Lakin istehsalın artması böyük vəsait tələb edirdi, bu isə sayı çox az olan zəngin kəndlilər üçün mümkün idi. Kəndlilərn böyük bir hissəsi isə sələmçilərdən borc almağa məcbur olurdu, nəticədə onların əksəriyyəti borcu ödəməyəndə torpaqlarını satır və muzdlu kəndliyə çevrilirdi.
İspaniyanın iqtisadi və siyasi quruluşu təsərrüfatın mütərəqqi inkişafına mane olurdu. Ölkədə vergi sistem idə bu inkişafa mane olurdu. Ən ağır vergi – əl-qəbala olub istənilən ticarətdən alınan 10 %-li vergi idi. Bundan əlavə, daimi və fövqəladə vergilər də mövcud idi ki, bunlar XVI əsr boyu artmaqda davam etmişdi və bəzən kəndlinin və sənətkarın gəlirinin 50%-ni tuturdu.
Müstəmləkələrin ələ keçirilməsi və müstəmləkə ticarətinin genişlənməsi İspaniyada istehsal sənayesinin və manufaktura istehsalının bəzi elementlərinin ortaya çıxmasına səbəb olmuşdu. Seqoviya, Toledo, Sevilya, Kuenke manufakturaların çox olduğu şəhərlər idi.
İstehsalın aparıcı sahələri toxuculuq idi. Hələ ərəb hakimiyyəti dövründən İspaniyanın ipək parçaları məşhur idi. Onun ən mühüm mərkəzləri Sevilya, Toledo, Kordova və Qranada sayılırdı. Bu parçalar əsasən xarici istehlak üçün nəzərdə tutulurdu.
Təsərrüfatın daha bir vacib sahəsi metallurgiya idi. İspaniyanın şimal vilayətləri Avropada metal istehsalında ilk yerlərdən birini tuturdu. Yerli hasilatın əsasında soyuq və odlu silahlar hazırlanırdı və Osmanlı imperiyasına, müstəmləkələrə icrac edilirdi.
XVI əsrin əvvəllərindən ticarət də İspaniya iqtisadiyyatında önəmli yer tutur. 1503-cü ildə Sevilyanın müstəmləkələrlə ticarətdə inhisarı meydana gəlir: «Sevilya ticarət palatası» yaradılır və bu təşkilat İspaniyadan müstəmləkələr daşınan və Amerikadan gətirilən mallara nəzarət edir. Bu dövrdə Sevilya həm də maliyyə mərkəzinə çevrilir.
İspaniyanın daxili ticarətində aparıcı yeri Medina del-Kampo şəhəri tuturdu. Hər il burada keçirilən yarmarkalara həm İspaniyanın ayrı-ayrı vilayətlirəndən, həm də bütün Avropadan tacirlər gəlirdi və burada iri ticarət və maliyyə əməliyyatları həyata keçirilirdi.
Beləliklə, XVI əsrin birinci yarısında İspaniyada sənayenin və ticarətin inkişafı üçün əlverişli şərait yaranır. Müstəmləkələr böyük miqdarda mal tələb edirdi, buradan gələn vəsait və gəlir isə İspaniyaya böyük kapital gətirirdi və kapital yığımı üçün vacib idi. Bütün bunlar ölkənin iqtisadi inkişafına təkan verdi. Lakin nə kənd təsərrüfatında, nə sənayedə, nə də ticarətdə yeni, mütərəqqi elementlər qalib gələ bilmədi, çünki hər yerdə feodal cəmiyyətinin mürtəce təbəqələrinin müqavimətilə rastlaşdı. İspan sənayesinin başlıca sahəsinin – mahudçuluğun inkişafı Niderlanddan böyük miqdarda yun ixracı səbəbindən dayandı. Yun istehsalı ispan zadəganlarının əlində idi, onlar isə gəlirlərini itirmək istəməyib xaricdən ucuz yun gətirilməsinə icazə verən qanunların verilməsinə nail olmuşdular.
XVI əsrin əvvəllərində iqtisadi yüksəlişin olmasına baxmayaraq, İspaniya zəif inkişaf etmiş daxili bazarı olan aqrar ölkə olaraq qalırdı.
4. İspaniya II Filippin dövründə.
V Karl bütün ömrünü yürüşlərdə keçirmişdi və İspaniyada demək olar ki, olmamışdı. O, 1555-ci ildə taxt-tacdan əl çəkib İspaniyanı, Niderlandı, Amerikadakı müstəmləkələri və İtaliyadakı mülklərini oğlu II Filippə vəsiyyət etdi. Qanuni varisdən başqa, Karlın daha iki övladı: Niderlandın gələcək canişini Parmlı Marqarita və Avstriyalı don Xuan.
II Filipp İspaniyada böyümüşdü. O, çox qaraqabaq və qapalı bir Adam idi. Atası kimi o da nigaha praqmatik baxırdı və hesab edirdi ki, kralların nigahı ailə səadəti üçün deyil, sülalənini davam etdiirlməsi üçündür. Portuqaliyalı Mariya ilə nigahından olan ilk oğlu don Karlos psixi cəhətdən sağlam deyildi və atası qarşısında hiss etdiyi qorxu onu saraydan qaçmağa məcbur etmişdi. Şayiələrə görə, II Filipp özü oğlunu sifarişlə öldürtmüşdü.
27 yaşlı II Filippin ingilis kraliçası 43 yaşlı Mariya Tüdorla nigahı da siyasi hesablarla baş tutmuşdu. II Filipp bu nigahın sayəsində Avropada protestantlığın kökünü kəsmək və İngiltərəni İspaniyanın nüfuz dairəsinə qatmaq istəyirdi. Lakin cəmi 4 il sonra kraliça vəfat etdi və II Filipp bütün ümidləri kəsildi.
II Filipp 4 dəfə evli olmuşdu və bu nigahlardan onun 8 övladı olmuşdu. Onlardan yalnız ikisi sağ qalmışdı ki, onun da biri – oğlu III Filipp vəliəhd idi.
İspan krallarının Toledodakı və Valyodoliddəki mülklərini bəyənməyən II Filipp öz paytaxtını Madridə köçürür və burada nəhəng bir saray – Eskorialı tikdirir.
II Filippin daxili siyasəti çox radikal və qəddar idi. Xüsusilə morisklərə və mosarablara qarşı II Filipp dözülməz sayılırdı. Məhz onun hakimiyyəti dövründə bu insanlara qarşı qəddar qanunlar verilir, nəticədə 1568-ci ildə morisklər Xilafətin bərpası şüarı altında üsyan qaldırırlar.
XVI əsrin ikinci yarısından başlayaraq İspaniya uzun müddətli iqtisadi tənəzzül dövrünə daxil olur. Bu dövrdə torpaq mülkiyyətinin iri feodalların əlində cəmlənməsi davam edir. Zadəgan mülklərinin böyük bir qismi mayorat hüququna malik idi və özgəninkiləşdirilə bilməzdi, yəni borca görə müsadirə oluna bilməzdi. Kilsə torpaqları da bu hüquqdan istifadə edirdi. Böyük borcların olmasına baxmayaraq, ali zadəganlar və ruhanilər öz torpaq mülklərini saxlayırdılar və kənd təsərrüfatının kapitalistcəsinə inkişafına mane olurdular.
XVI əsrin sonu iqtisadi durğunluq təsərüüfatın bütün sahələrini əhatə edir. Amerikadan gətirilən qiymətli metallar çox halda zadəganların əlinə keçirdi və onlar da hər hansı bir təsərrüfat fəaliyyətində maraqlı deyildilər. Yəni İspaniyada kapitalın ilkin yığımı sonrakı inkişafından məhrum olmuşdu. Manufakturalar mövcud olsa da, bunlar ümumi tənəzzül fonunda çox zəif idilər. Sənayenin aparıcı sahəsi – mahud istehsalı da zadəganların əlində idi, onlar da xaricdən ucuz xammal gətirməkdə maraqlı idi. Təkcə 1512-ci ildən 1610-cu ilədək xaricdən yun idxalı 4 dəfə artmışdı.
Üstəlik, II Filipp xarici siyasətə, müharibələrə böyük vəsait sərf edirdi, bu da vergilərin artırımasına və kəndlilərin, şəhərlilərin iqtisadi vəziyyətinin daha da pisləşməsinə səbəb olurdu. II Filipp bir neçə dəfə dövlətinin müflis olmasını rəsmən elan etməli olmuşdu.
II Filippin xarici siyasətinə gəlincə, o da kralın avantürist planına – dünyada protestantların kökününü kəsilməsi məqsədinə tabe edilmişdi.
Mariya Tüdorun vəfatından sonra İngiltərədə hakimiyyətə protestant kraliçanın – Yelizaveta Tüdorun gəlməsi ilə İspaniyanın bu ölkə ilə münasibətləri kəskin surətdə pisləşir. Üstəlik, İngiltərə İspaniyaya Atlantikada rəqibi kimi baxırdı və Avropa siyasətində də böyük ziddiyyətlərə malik idi.
1581-ci ildə Portuqaliyada hakimiyyətdə olan sülalənini son nümayəndəsi varissiz vəfat etdiyi üçün, portuqal kortesləri II Filippi öz kralları elan edir. Portuqaliya ilə yanaşı, Ost və Vest-Hinddəki portuqal müstəmləkələri də İspaniyanın əlinə keçir. Böyük maliyyə vəsaiti qazanan II Filipp İngiltərəyə qarşı qəti mübarizəyə keçmək qərarına gəlir. Bu məqsədlə o, Yelizavetaya qarşı təşkil olunan sui-qəsddə iştirak edir və hakimiyyətə iddiası olan Mariya Stüartın tərəfini tutur. 1587-ci ildə qətlin üstü açılır və Mariya Stüart edam olunur. Bundan sonra hər iki ölkə arasında hər hansı bir barışıq qeyri-mümkün olur. Həmin il ingilis admiralı kraliçanın icazəsi ilə Kadisə yürüş edir və ispan donanamasnı darmadağın edir. İngiltərə ilə mübarizəsini qələbə ilə başa çatdırmaq üçün II Filipp donanmanın bərpa edilməsi əmrini verir. 1588-ci ildə «Məğlubedilməz Armada» İngiltərə ilə müharibəyə hazırlaşır. Həmin ilin iyununda təşkil olunmuş ekspedisiya ispanların ağır məğlubiyyəti ilə başa çatır. Bu məğlubiyyət İspaniyanın Atlantikadakı qüdrətinə böyük zərbə vurur və onun Avropadakı nüfuzunu endirmiş olur.
İspaniüanın bu məğlubiyyəti onun növbəti yanlış addım atmaqdan çəkindirmir — II Filipp Fransadakı vətəndaş müharibələrinə birbaşa müdaxilə edir, bu isə İspaniyaya heç bir xeyir gətirmir.
İspaniyanın Osmanlı imperiyası ilə münasibətləri də uğursuz olur. 1571-ci ildə Lepantoda türk donanmasını ağır məğlubiyyətə uğratmaqda ən böyük rolu II Filippin qardaşı don Xuanın donanması oynayır. Lakin II Filipp qardaşının bu qələbəsindən ehtiyatlanaraq onu antiosman kampaniyasından uzaqlaşdırır. Nəticədə don Xuanın ələ keçirdiyi Tunis yenidən osmanlıların əlinə keçir.
Hakimiyyətinin sonuna doru (1598) II Filipp öz planlarının necə bir uğursuzluğa düçar olduğu başa düşür. İspaniya Avropanın iqtisadi baxımdan geridə qalmış bir ölkəsinə çevrilir, onun Avropa siyasətindəki üstünlüyü Fransanın və İngiltərənin əlinə keçir.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında