- İsveçrə ittifaqı XVI əsrdə
- İsveçrədə Reformasiyanın ilkin şərtləri
- Ulrix Svinqli və onun təlimi
- Jan Kalvin və onun təlimi
- İsveçrədə Əksreformasiya
- Avropada Əksreformasiya və katolik kilsənin islahati
1. İsveçrə ittifaqı XVI əsrdə.
XVI əsr Avropasında İsveçrə respublika qaydaları olan tək-tük ölkələrdən idi. Onun şəhərləri və torpaqları hüquqi cəhətdən Müqəddəs Roma impriyasına daxil idi, lakin 1499-cu ildə Şvabiya müharibəsində qalib gələndən sonra, onlar imperiya hakimiyyət orqanlarından müstəqil şəkildə yaşamağa başladılar.
XVI əsrdə İsveçrə ittifaqının ərazilərinin formalaşması demək olar ki, başa çatdı. Əsrin əvvəllərində daha 3 kanton ittifaqa qoşulur və ümümi sayı 13 olur. XVIII əsrin sonuna qədər kantonların sayı dəyişməz qalır. Cenevrə isə 1584-cü ildə məhdudlaşdırılmış muxtariyyat statusu alır. XVI əsrdə İsveçrənin əhalisi 1 milyona çatır. Ən mühüm şəhər mərkəzləri Bazel və Cenevrə, Sürix və Bern idi.
Öz siyasi quruluşuna görə İsveçrə konfederasiya olub suveren şəhər-respublikaların və özünüidarəçiliyə malik kəndlərin ittifaqı idi. İttifaqın üzvləri arasında vahid müqavilə yox idi. İsveçrənin daimi mərkəzi orqanları, daimi ordusu, ümumi xəzinəsi, ümumi məhkəməsi də yox idi. Bütün konfederasiyanın ali idarəçilik orqanı olan taqzatsunq kantonlardan olan nümayəndələrin yığıncağı idi. O, dəqiq müəyyən olunmuş səlahiyyətlərə malik deyildi və xüsusi çağırılma müddəti də yox idi.
İsveçrdə əhalinin böyük bir hissəsini şəxsən azad olan kəndlilər təşkil edirdi. Kənd kantonlarında kəndlər öz daxili işlərini həll edirdilər.
Adətən hər il şəhər magistratlarına seçkilər keçirilirdi. Sürixdə, Bazeldə şəhər idarəçiliyində sex aliləri, Berndə, Lüserndə şəhər əyanları aparıcı rol oynayırdı.
Təbii şəraitlə bağlı olaraq ölkənin ayrı-ayrı vilayətlərinin təsərrüfat imkanları da kəskin fərqlənirdi. Əkinçilik üçün əlverişli torpaq İsveçrədlə çatışmırdı. İsveçrənin mərkəzi kantonları taxılı demək olar ki, idxal edirdilər. Kəndlilərin feodal asılılığı formaları İsveçrdə qonşu ölkələrə nisbətən zəif inkişaf etmişdi. XVI əsrə doğru bir çox kənd icmaları öz dünyəvi və ruhani sahibkarlarından azad olur və demək olar ki, yalnız azad kəndlilərdən ibarət olur. Saxlanmış bəzi mükəlləfiyyətlər pul rentası ilə əvəz edilir. Kəndlilər arasında əmlak bərabərsizliyi artır.
İsveərinin dağlıq rayonları üçün maldarlığın inkişafı səciyyəvi idi. Burada əsasən iri buynuzlu mal-qara yetişdirilirdi. İsveçrə ət məhsulları ilə nəinki öz daxili tələbatını ödəyirdi, eyni zamanda onu qonşu ölkələrə idxal edirdi.
Şəhərlərdə əsas sənətkarlıq sahələri mahud və kətan istehsalı idi. Bu sahələrdə sex sistemi saxlanmışdı. Yeni yaranan sahələrdə – kitab çapında, saatsazlıqda mərkəzləşmiş manufakturalar yaranır.
XVI əsrdə İsveçrnin təsərrüfat həyatında daha bir yenilik bankların açılması olur. Hərçənd ki, ən varlı İsveçrə tacirləri belə Avropa ölçülərinə hələ çata bilmirdilər – çünki ölkədə iri kapital çatışmırdı.
2. İsveçrədə Reformasiyanın ilkin şərtləri.
Reformasiya ərəfəsində Roma-katolik kilsəsində gedən böhran İsveçrədə də Almaniyada olduğu kimi aydın nəzərə çarpırdı. XVI əsrin əvvəllərində kilsə idarəçiliyi sərhədələri dövlətlərin sərhədləri ilə üst-üstə düşmürdü. İsveçrə torpaqlarının daxil olduqları yepiskopluqlara qonşu ölkələrin də bəzi əraziləri daxil idi.
İsveçrdə kilsənin və ruhanilərin tənqidi ilə bağlı ideyaların əsas daşıyıcıları humanistlər idi. Onların da cəm olduqları ən mühüm mərkəz – Bazel idi, Rotterdamlı Erazm da uzun müddət bu şəhərdə yaşamışdı.
İsveçrə Reformasiyası tarixində ölkənin muzdlu hərbi xidmətlə bağlı ənənələri böyük rol oynamışdır. Kiçik ölkə olan İsveçrə öz hərbi əhəmiyyətinə görə Avropanın ən iri qüvvələrindən idi. XV əsrin sonlarından isveçrəlilər fransız kralının muzdlu dəstələri kimi İtaliya müharibələrində iştirak etmişdilər. Lakin bir müddət sonra muzdlular Roma papasının tərəfinə keçir. 1516-cı ildə kral I Fransisk isveçrəliləri məğlub etməsinə baxmayaraq, onlarla «əbədi sülh» bağlayır. 1521-ci ildə Fransa ilə bütün kantonlar (Sürixdən başqa) arasında müttəfiqlik haqqında müqavilə imzalanır. Müqaviləyə görə, Fransa kantonlrın ərazisində bir neçə min muzdlu əsgər toplamaq hüququ qazanır. Bunun əvəzində İsveçrə başqa bir dövlətin hücumu şəraitində fransız süvari dəstələrinin və artilleriyasının köməyinə arxalana bilərdi. Bundan əlavə, İsveçryə ticarət imtiyazları – Fransaya sərbəst gediş-gəliş və ticarət hüququ verilirdi.
Bununla yanaşı, 1521-ci il müqaviləsi muzdlu toplamaq sistemini uzun müddətə ölkədə möhkəmlətmiş oldu. Zaman keçdikcəmuzdlular hərbi talanlara öyrənir və dinc əməkdən uzaqlaşır. Bu isə ölkənin təsərrüfatı üçün neqativ bir hal idi. Muzdluluq sistemini ilk dəfə kəskin şəkildə Reformasiyanın görkəmli nümayəndəsi Ulrix Svinqli tənqid edir.
3. Ulrix Svinqli və onun təlimi.
Hələ 1516-cı ildə, yəni Lüterdən əvvəl, Svinqli Reformasiya xarakterli ideyalarla çıxış edir. 1519-cu ildən başlayaraq Svinqli Sürixdə özünün xüsusi İncil təlimini yaymağa başlayır.
Svinqlinin təlimi lüterçiliyə oxşasa da, böyük fərqləri də var idi. Lüter kimi, Svinqli də Müqəddəs Kitaba əsaslanırdı. Onun üçün erkən xristian kilsəsi ideal idi. Svinqli kilsə iyerarxiyasını, rahibliyi, ziyarətləri qəbul etmirdi. Katolik kilsə ayinlərinin tənqidində o, Lüterdən irəli getmişdi.
Svinqlinin siyasi mövqeyi də Lüterdən kəskin fərqlənirdi. Hələ gənc yaşlarından vətənpərvər olan Svinqli respublikaçılığın tərəfdarı idi. Xüsusilə bu, onun antihabsburq təbliğatında aydın hiss olunur. Siyasi və sosial dəyişikliklərin keçirilməsini o, dünyəvi hakimiyyətə aid edirdi. Tiranlara itaət etməyi Svinqli böyük günah sayırdı.
1523-cü ildə Sürix magistratının qərarı ilə Svinqli 2 disput keçirir, bu disputlarda onun ideyaları bəyənəlir və şəhər şurası Sürixdə reformasiyaya başlayır. Kilsədən ikonalar çıxarılır, monastrlar ləğv olunur, onların əmlakı dünyəvi hakimiyyətə keçir. Kilsə iclası da dəyişdilir: indi ruhaniləri dindarlar özləri seçirdilər.
Svinqlinin sosial ideyaları da İsveçrdə geniş əks-səda yaratmışdı. O, sələmçiliyə və inhisarçılığa qarşı çıxır, şəxsi asılılığın ləğb edilməsini vacib sayırdı. Sürix kantonunda Svinqli təlimi çoxlu tərəfdar tapsa da, onun görüşlərilə razılaşmayanlar da var idi. Bu adamların içərisində anabaptistlər («yenidən xaç suyuna salınanlar») təriqəti yaranır. Bu təriqət 1519-cu ildə Sürixdə yaranır və Avropaya da yayılır. Mövcud kilsə təşkilatlarını, o cümlədən Svinqli təşkilatını rədd edən anabaptistlər Tanrı hakimiyyətinin tezliklə qurulacağına inanırdılar. Svinqli anabaptistlərə qarşı kəskin çıxış edir. Sürixin hakimiyyət orqanları onları təqib etməyə başlayır.
1523-1529-cu illərdə Svinli təlimi Bern, Qlarus, Bazel, daha sonra Yuxarı Almaniyada yayılır. 1529-cu ildə Hessen landqrafı Filipp lüterçilərin və svinqliçilərin siyasi birləşməsində maraqlı olduğundan, Marburq şəhərində Lüterlə Svinqlinin görüşünü keçirir. Siyasi məsələlərdə kəskin fikir ayılığı landqrafın bu cəhdini boşa çıxarır. Lüter Yuxarı Almaniyada Svinqli təliminin yayılmasına qarşı kəskin şəkildə çıxmağa başlayır. Sürix İsveçrənin katolik kantonlarını blokadaya almaqla, burada Reformasiya həyata keçirməyə çalışır. Kantonlarda vətəndaş müharibəsi başlayır. Münaqişə gedişində Svinqli özü də həlak olur (1531) və katoliklər qalib gəlir.
4. Jan Kalvin və onun təlimi.
1530-cu illərin ortalarından başlayaraq İsveçrədə Reformasiya ideyalarının inkişafı Jan Kalvinin (1509-1564) adı ilə bağlıdır. Onun təlimi Avropanın, o cümlədən Fransanın da reformasiya hərəkatına böyük təsir göstərmişdir.
Fransada protestantların təqib olunması səbəbəindən Jan Kalvin 1534-cü ildə ölkəni tərk edir. 1536-cı ildə Bazeldə onun «Xristian dini haqqında nəsihətlər» adlı kitabı dərc olunur. Elə həmin il Kalvin Cenevrəyə gəlir. Cenevrdə gedən siyasi mübarizə dini münaqişələrlə müşayiət olunurdu. Kalvin Reformasiya tərəfdarlarına rəhbərliyi ələ alı rvə öz təlimini təbliğ etməyə başlayır.
Kalvin teologiyasında mərkəzi yer Tanrının dərki probleminə aid idi. Kalvin üçün Tanrı – dünyanın suveren hakimi idi. Bundan çıxış edən Kalvin «ikili tale» konsepsiyasını irəli sürür. O, hesab edir ki, Tanrı hələ bəşəriyyəti yaratmazdan əvvəl, hər bir insanın taleyini müəyyən etmişdir. Bu taleyi dəyişmək və ya ondan qaçmaq olmaz. İnsan yalnız ondan asılı olmayan qüvvələri dərk etməklə kifayətlənə bilər.
Tanrının qüdrətini dərk etməklə insan eyni zamanda Müqəddəs Kitabda yazılanlara ciddi əməl etməlidir. Kalvin müqəddəs adamlara, insanalara sitayiş edilməsinin qəti əleyhinə çıxır. Kalvinçi məbədlərdən bütün xaçlar, şamlar, ikonalar çıxarılır. Kalvinin təqdim etdiyi kilsədə iyerarxiya yox idi, bunun əvəzində özünüidarə prinsipi ilə fəaliyyət göstərən icmalar var idi. İcma başçıları seçilirdilər və cima üzvləri onların fəaliyyətinə nəzarət edirdi. İcmalar muxtar idilər, lakin bir-birilərilə sıx əlaqə saxlayırdılar.
Lüter və Svinqli kimi, Kalvin də dövləti Tanrının qaydası kimi qəbul edirdi, hakimiyyətin əsas vəzifəsinin isə cəmiyyətə xidmət etmək olduğunu bildirirdi. Lakin Lüterdən fərqli olaraq Kalvin tiranların hakimiyyətinə qarşı çıxırdı. Əgər tiranlar inam məsələlərinə mane olurlarsa, onlaraq qarşı mübarizə aparmaq – müqəddəs borcdur. Lüterə görə, tiranı Tanrı özü cəzalandıracaq. Svinqli tiraniyaya müqavimət göstərməyi icmanın bir hüququ sayır. Kalvin isə tiraniyaya qarşı mübarizəni dini borc hesab edir.
Ən yaxşı idarəçilik üsulunu Kalvin oliqarxik respublikada görürdü və hesab edirdi ki, onun bütün strukturlarını qarşılıqlı şəkildə islah etmək mümkündür.
İsveçrədə, ölkənin siyasi quruluşu ilə əlaqədar, Reformasiyanın inkişafı ayrı-ayrı şəhərlər çərçivəsində baş verirdi. Bu isə Reformasiyaya müxtəlif yerli xüsusiyyətlər verirdi.
1541-ci ildən başlayaraq Kalvin Cenevrədə magistratın siyasətinə müəyyən təsir göstərirdi və onun nəzəriyyəsinin əksinə olaraq, şəhərdə faktiki teokratik rejim bərqərar olur. Zaman keçdikcə şəhər hakimlərinin heç bir qərarı Kalviin təsdiqi omladan qüvvəyə minmir. Cenevrədə onun təklifi ilə ciddi kilsə nizam-intizamı bərqərar olur. Şəhər bir neçə məhəlləyə bölünür və sistemli şəkildə məhəllərin təftişi keçirilir. Nəinki söyüş söymək, əyləncələr keçirmək, həm də teatr təşkil etmək də qadağan olunmuşdu. Qaydalara əməl etməyənlər şəhərdən qovulurdu, hətta edam olunurdu. Kalvinin şəhərdəki fəaliyyətinin 6 ili ərzində şəhərdə 58 nəfər edam olunmuş, 76-ı isə şəhərdən qovulmuşdu.
Kalvinin başqa təriqətlərə münasibətdə dözümsüzlüyü ilə əlaqədar ona «Cenevrə papası» adı verilmişdi. Bununla yanaşı, şəhər sakinlərinin əksəriyyəti Kalvin təliminə ürəkdən inanır və onun tələblərini diktatorluq hesab etmirdilər.
Kalvinizmin Avropada yayılması onun müxtəlif növlərinin yaranmasına gətirib çıxarır. Kalvin nəzəriyyəsi və Kalvin praktikası da bir-birindən fərqlənirdi.
5. İsveçrədə Əksreformasiya.
XVI əsrin ikinci yarısı Roma-katolik kilsəsinin açıq çıxışına gətirib çıxarır. Bu ideoloji mübarizədə İsveçrənin katolikləri də iştirak edirdi. Katoliklərin ən görkəmli nümayəndəsi isə Milan arxiyepiskopu kardinal Karlo Borromeo idi. O, xüsusi olaraq İsveçrəyə «nəzarət» edirdi. Digər bir kontrreformator – fanatik katolik Lüdviq Pfeffer idi. Borromeonun təklifilə papa İsveçrədə daimi nunsiy vəzifəsi təsis edir. 1568-ci ildə 7 kanton – Şvits, Uri, Untervalden, Lüsern, Freyburq, Zoloturn və Tsuq öz aralarında «Qızıl ittifaq» bağlayır. İttifaq üzvləri hətt a silah gücünə katolikliyi qoruyacaqlarına söz verirlər. 1587-ci ildə 7 kantondan 6-ı İspaniya kralı II Filipplə separat sülh bağlayır.
Dini ziddiyyətlər elə kəskin şəkil alır ki, konfederasiyanın parçalanması təhlükəsi yaranır.
1594-cü ildə Pfefferin ölümü ilə İsveçrə katolikləri güclü rəhbərdən məhrum olur. Fransada IV Henrinin hakimiyytə gəlməsi və 1598-ci ildə Nant ediktinin verilməsilə ölkədə vətəndaş müharibələri sona yetir. Elə həmin il katolik kantonların ittifaqda olduğu II Filipp də vəfat edir.
Bütün bu amillər ölkədə kontrreformasiyanı zəiflədir. 1602-ci ildə bütün kantonlar Fransa ilə ittifaqı təzələyir. Bunun müqabilində IV Henri isveçrəlilərə 1 milyon taler pul ödəyir. Həmin vaxtdan İsveçrədə ayrı-ayrı dini münaqişələr baş versə də, ümumilikdə dini dözümlülük siyasəti möhkəmlənir.
XVII əsrin ortaları İsveçrə ittifaqının inkişafında mühüm dəyişikliklər olur: 1648-ci il Vestfal sülhünə görə, İsveçrə ittifaqı Müqəddəs Roma imperiyasını münasibətdə hər cür asılılıqdan çıxır və faktiki suverenliyi beynəlxalq aləmdə rəsmən də tanınır.
6. Avropada Əksreformasiya və katolik kilsənin islahatı.
Hələ Lüterdən çox-çox əvvəl katoliklərin mütərəqqi nümayəndələri ciddi kilsə islahatlarının keçirilməsinin zəruriliyini başa düşmüşdülər. Kilsə islahatının rüşeymləri XIV-XV əsr dini yığıncaqlarında erkən xristian icmasına qayıdış çağırışları ilə qoyulmuşdu. Bu mənada katolik islahatı hərəkatının da, Reformasiyanın da mənbəyi eyni olmuşdur. Eyni zamanda, Reformasiya katolik islahatı problemini tamamilə dəyişmiş sayılmalıdır. Bu dəyişiklik əsas 3 istiqamətdə getmişdir. Əvvəla, ruhanilər arasında və onların fəaliyyətində əxlaqi dəyişikliklərin zərurəti daha kəskin dərk edildi. Dini həyat qaydalarına ciddi əməl edən bir neçə yeni ordenlərin əsası qoyuldu. Onların içərisinlə ispan qrandı İqnatiy Loyola tərəfindən təsis olunmuş «İsa cəmiyyəti» (Yezuitlər ordeni) xüsusilə seçilirdi. 1534-cü ildə Romaya köçəndən sonra, orden protestantlara qarşı mübarizədə katolik kilsəsinin faktiki intellektual müdafiəçisinə çevrildilər. Yezuitlərin 1540-cı ildən etibarən leqallaşması digər ordenlərin, xüsusilə inkvizisiyanı inhisarında saxlayan dominikançıların rəqabəti ilə rastlaşırdı. Digər tərəfdən, ordenin dünyəvi işlərə cidd-cəhdlə qarışması, hakimiyyət iddiaları Avropa monarxlarının və hətta papanın özünün ehtiyatlanmasına səbəb idi. Bununla yanaşı, öz yüksək təhsilləri və əxlaqi keyfiyyətləri ilə seçilən, ən çətin tapşırıqları, o cümlədən diplomatik tapşırıqları yerinə yetirmək qabiliyyətinə malik olan yezuitlər Avropa saraylarında uzun müddət böyük hörmət və etibar sahibləri olmuşlar. Papaya tabe olan, hərbi nizam-intizama əməl edən, teologiya ilə yanaşı, dünyəvi elmlərə də yiyələnən yezuitlər həm də qorxmaz missionerlər idi və Avropa hüdudlarından kənarda bütpərəstlərin və qeyri-xristianların katolikləşməsində böyük rol oynamışlar. Ordenin fəaliyyətinin pedaqoji tərəfləri isə Avropanın mədəniyyət tarixində böyük iz qoyub getmişdir.
İkinci dəyişiklik Avropanın dünyəvi hakimiyyətinin kilsə islahatlarına cəlb olunması idi. Reformasiya ərəfəsində antipapa siyasəti yeridən monarxiyalar (İspaniya, Fransa, Avstriya və Bavariya hersoqları) indi ənənəvi kilsənin müdafiəsinə durmuşdular. Bu dövlətlər kilsənin «yuxarıdan aşağıya» islahatını təkid edirdilər. Papalıq bu monarxların, xüsusilə imperator V Karlın təzyiqi ilə Trident kilsə yığıncağını (1545-1547, 1551-1552, 1562-1563-cü illər) çağırmaq məcburiyyətində qalmışdı.
Nəhayət, üçüncü dəyişiklik – katolik doktrinasının bir sıra problemlərinə yenidən baxış olmuşdur. Papaların 1520-1530-cu illərdə katolik kilsəsinin yeniləşdirilməsi ilə bağlı, eyni zamanda Reformasiya əleyhinə apardıqları siyasət effektsiz olmuşdu. Üstəlik, papalar baş verən kilsə təfriqəsini müvəqqəti hal hesab etdiklərindən, dini məsələlərə deyil, siyasi və diplomatik fəaliyyətə üstünlük verirdilər.
Lakin XVI əsrin ortalarına doğru vəziyyət dəyişir. Papa dövləti Avropadakı mövqeyini qəti şəkildə itirir. İngilis, alman, Skandinaviya kilsələri ilə yaranmış təfriqələr isə papalıq üçün həm də böyük maddi və mənəvi itki idi. Katolik monarxlar belə milli kilsələrinin daxili işlərinə qarışmamağı tələb edirdilər.
Papaların fəaliyyətində kilsə islahatına keçid papa III Pavelin (1534-1549) adı ilə bağlıdır. Məhz bu papa Əksreformasiyanın ideya-nəzəri hazırlığının başlanğıcını qoymuşdur. Məhz bu papa ümumkilsə yığıncağının çağırılması haqqında imperator V Karlla razılığa gəlmişdir. 1542-ci ildə III Pavelin yaxın bildiyi kardinal Karaffanın təşəbbüsü ilə Romada Ali İnkvizisiya tribunalı öz fəaliyyətinə başlayır, bununla da Əksreformasiyanın hücumu başlayır. Tribunal inam və hüquq işlərində qeyri-məhdud hakimiyyət əldə edir və onun komissarları ən müxtəlif ölkələrə ezam olunur. 1559-u ildə «Qadağan olunmuş kitabların İndeksi» çap olunur və onun siyahısına rəsmi katoliklik ehkamlarına uyğun gəlməyən əsərlər, o cümlədən, R.Erazmın, Bokkaççonun, L.Vallanın, Makiavellinin və hətta kardinal Karaffanın özünün əsəri düşür. Katolik kilsəsinin yenidən bir araya gəlməsində ən böyük hadisə isə Trident kilsə yığıncağı olur. İtaliya ilə Almaniyanın sərhəddindəki kiçik Trento (lat. Trident) şəhərində fasilələrlə 18 il sürmüş kilsə sessiyalarının qərarları katolik Avropasının və ümumiyyətlə katolikliyin tarixində böyük iz qoyur. Yığıncağın qərarına görə, kilsə iyerarxiyası, ənənələri və ehkamları dəyişilməz qalır. Kilsənin xilas yolunda vasitəçi funksiyası xüsusi qeyd olunur. Yığıncaq həmçinin, Bibliya ilə yanaşı, Müqəddəs rəvayətlərin də inam üçün mənbə olması postulatını təsdiqləyir. Trident yığıncağı papanın kilsə başçılığını, ruhanilərin statusunu, selibatı, messanı, tövbəni (indulgensiya alverini qadağan etmək şərtilə), müqəddəslərə sitayişi saxlayır. Başqa sözlə desək, yığıncaq protestant reformatorların ləğv etmək istədikləri bütün əsas postulatları təsdiqləyir və möhkəmləndirir. Katolik kilsəsinin bütün əsas ehkamları və təşkilati strukturu saxlanılır.
Katolik reformasiyası Əksreformasiyaya, yəni daha məhdud və fanatik bir hərəkatla əvəz olunur. Bununla protestantlarla katoliklər arasında hər hansı bir barışıq artıq qəti şəkildə qeyri-mümkün olur. Amma Əksreformasiya katolik kilsəsini nəinki məhv olmaqdan qoruyur, həm də bir çox mövqelərini qaytarmağa imkan verir.
Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında