Monqolların Çini işğal etməsi. Sun imperatorluğu (960-1279) dövründə iri xüsusi torpaq mülkiyyəti və icarə münasibətləri inkişaf edirdi. Feodal zülmü kəndli üsyanlarına səbəb oldu. Lakin bu vaxt Çinin başının üstünü monqol təhlükəsi aldı. 1211-ci ildə monqollar Çinə hücum etdi, onun işğalını 1279-cu ildə başa çatdırdı və Sun imperiyasına son qoydular. Çin Monqol dövlətinin əsas hissəsi, Pekin «Böyük xan» dövlətinin paytaxtı oldu.
«Qırmızısarıqlılar» üsyanı. Min sülaləsinin hakimiyyətə gəlməsi. İqtisadi yüksəliş. XIV əsrin ortalarında Çində monqol zülmünə qarşı üsyan başladı. Üsyançılar başlarına qırmızı sarıq bağladıqları üçün onlara «qırmızısarıqlılar» deyirdilər. Üsyan 20 il davam etdi. 1368-ci ildə onların apardıqları azadlıq müharibəsi qalib gəldi, monqollar Çindən qovuldular. Hakimiyyətə Min sülaləsi (1368-1644) gəldi. Onun əsasını Çyan Yuan-Çyan qoymuşdu. Monqol feodallarından alınan torpaqlar kəndlilərə paylandı, torpaq becərənlər 3 il müddətinə vergi və mükəlləfiyyətlərdən azad edildi, tacir və sənətkarlardan alınan vergi azaldıldı. Bu siyasət təsərrüfatın yüksəlməsinə səbəb oldu.
XVI əsrdə Çin dövlətinin ərazisi müasir Çinin daxili əyalətlərini, habelə Mancuriyanı əhatə edirdi. Koreya, Vyetnam, Tibet isə Çindən asılı idi.
Min sülaləsi dövründə Çinin iqtisadiyyatında başlıca yer tutan kənd təsərrüfatı yüksək inkişaf etmişdi. Bu, texniki tərəqqinin yenilikləri ilə bağlı idi. Əkinçilikdə mükəmməl xışdan, müxtəlif malalardan, vəllərdən və s. istifadə olunurdu. İldə iki dəfə (yazda və payızda) məhsul götürülürdü. Dağ yamaclarının becərilməsində və suvarılmasında su çarxlarından, su çıxaran qurğulardan və bambuk borulardan istifadə olunurdu.
XVI-XVII əsrin birinci yarısında Çində ən böyük torpaq mülkiyyətçisi dövlət və Min imperatorları idilər. Min sarayı dövlətin torpaq sahələrini ağır şərtlərlə icarəyə verirdi. Məhsulun onda biri dövlət xəzinəsinə çatırdı.
Çində torpaq mülkiyyətinin digər forması olan xüsusi («xalq») torpaq mülkiyyəti feodallara və xırda sahibkarlara məxsus idi. Onlar dövlətə vergi verirdilər. Torpaqsız Çin kəndliləri muzdlu işçilərə və icarədarlara çevrilirdilər. Kəndlilər ildə iki dəfə — yazda və payızda vergi verir, şəhərlər salmaq, kanallar çəkmək, saraylar və bəndləri tikmək kimi ağır mükəlləfiyyətlər yerinə yetirirdilər.
XVI əsrdə dövlət və xüsusi sənətkarlıq emalatxanaları çoxalıb inkişaf edirdi. Suçjou şəhəri ən iri ipək toxuculuğu mərkəzinə çevrildi. XVI əsr — XVII əsrin 1-ci yarısında qeyri-bərabər inkişaf edən iqtisadiyyat daha güclü idi. Xuanxe və Böyük kanal ətrafında iqtisadiyyat inkişaf etdi. Lakin ipək yolu ləğv edildiyinə görə Kayfın və Lyoan şəhərləri iqtisadi cəhətdən tənəzzül etdi. Pekin və Nankin həm paytaxt, həm də siyasi, iqtisadi və mədəni mərkəz sayılırdı.
Kəndli üsyanı. Min sülaləsinin devrilməsi. Min sülaləsinin işğalçılıq müharibələri, kəndlilərin amansız istismarı, ölkə daxilindəki ziddiyyətlər iqtisadi inkişafı ləngidirdi. Bundan istifadə edən çjurcjenlər (sonralar mancurlar adlandılar) 1626-1643-cü ildə 3 dəfə Çinə hücum etdilər. Min sülaləsinin mürtəce daxili və işğalçı xarici siyasəti, hakimiyyət uğrunda mübarizə xalqın vəziyyətini ağırlaşdırmışdı. Bundan istifadə edən mancurlar Çinə tez-tez hücumlar edirdilər. Bütün bunlar üsyana səbəb oldu. 1626-cı ildə Şensi əyalətində üsyan başlandı, sonra isə bütün Çinə yayıldı və 20 il davam etdi. 1644-cü ildə üsyançılar Pekini tutdu və Min sülaləsinin hakimiyyətinə son qoydular.
Kəndli müharibəsindən qorxuya düşmüş Çin feodallarının yuxarı təbəqəsi çoxdan Çini işğal etməyə çalışan mancurlara müraciət edib onlardan kömək istədi. Mancur dövləti qoşunlarını Çinə yeritdi. 1644-cü ildə Pekin tutuldu, kəndli üsyanını tamamilə məğlub edən mancurlar bütün ölkəni ələ keçirdilər, hakimiyyətə Mancur-Tsin sülaləsi (1644-1911) gəldi.
Çində Mancur ağalığı. Mancurlar Çində feodal monarxiyası idarə üsulu yaratdılar. Dövlətin başında mancurların Tsin sülaləsindən olan boqdıxanlar (imperatorlar) dururdu. Boqdıxan Mancur sülaləsinə verilən titul idi.
Mancur işğalı ölkənin iqtisadi və mədəni inkişafını ləngitdi. Mancurlar iqtisadi, mədəni cəhətdən inkişaf etmiş, çoxluq təşkil edən ölkəni idarə etmək üçün Çin feodalları ilə sazişə girdilər, Çin məmurlarını da dövlət işinə qəbul etdilər. Becərilən torpaqlar yenə mülkədara məxsus idi. Kəndlilər onlardan torpağı icarəyə götürürdülər. Mancurların dayağı «səkkiz bayraqlı qoşun» idi. Bu qoşun mancurlardan və onlara sədaqətlərini sübut etmiş çinlilərdən ibarət idi.
Tsin imperiyası özündən əvvəlki Çin hökmdarlarının böyük dövlətçilik ənənələrini qəbul etdi. Xalqa təlqin edilirdi ki, Çin bütün dünyanın mərkəzidir, bütün dövlət və xalqlar ona itaət etməyə borcludurlar. Yadelli elçilərin gətirdikləri hədiyyələr vassal hökmdarların hədiyyəsi kimi qələmə verilirdi.
Çin mədəniyyəti. XI-XV əsrlərdə Çində əzəmətli divar rəsmləri yaranmışdı. Van Vey görkəmli rəssam idi. XII-XV əsrlərdə opera sənəti musiqidə özünə layiqli yer tuturdu. XVI-XVII əsrin 1-ci yarısında kitablara illüstrasiya çəkilməsi və onun qravüralarla bəzədilməsi ilk dəfə Çində meydana gəlmişdi.
XVI- XVII əsrin 1-ci yarısında tibb elmi inkişaf etmiş, dərmanların ümumi sayı 62 minə çatmışdı. XVI əsrdə farmakologiyaya aid «Ağaclar və bitkilər haqqında traktat» çoxcildliyi, alim Çjan Çjinin «Tibbə dair» əsəri çap olunmuşdu.
Çində buddizm fəlsəfəsi ilə yanaşı buddizmə zidd olan konfusiçilik təlimi yayılmışdı. Konfusiçiliyin ən görkəmli nümayəndələri Çjon Dun, Çjan Szou və Xan Yuy idilər.
XIV əsrdə bədii ədəbiyyatın əsas mövzusu işğalçılara qarşı mübarizə və xalq həyatının təsviri idi. Alovlu vətənpərvər şair Ven Tyanguyan monqollara qarşı mübarizədə həlak olmuşdu. Bu dövrdə «Kiçik çay körfəzi», «Üç padşahlıq» tarixi romanları yazılmışdı. XVI-XVII əsrlərdə roman janrı ilə yanaşı kiçik hekayə janrı geniş yayılmışdı. Çen Enyanın «Qərbə səyahət» romanı fantastik mövzuda idi.