XV əsrin I yarısında Orta Volqaboy Qızıl Ordadan ayrıldı, Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi. Xanlığın qərb sərhəddi Moskva knyazlığına çatırdı. Buradan Qafqaza, Xəzər dənizi sahilinə, Mərkəzi Asiyaya ticarət yolları gedirdi.
Hələ VIII-X əsrlərdə Volqa və Kama sahillərində məskunlaşmış bulqarlar yerli əhali ilə qaynayıb qarışmış, nəticədə Volqa Kama bulqarları formalaşmışdı. Monqolların hücumundan sonra (XIII əsr) Qazan türklərinin etnik bir xalq kimi formalaşmasi. XVI əsrdə başa çatdı. Bulqar tayfalarından biri qazan adlanırdı. Onlar Cənubi Qafqazda da yayılmışlar. Qazançı, Qazanzəmi onların adı ilə bağlı ola bilər.
Saray-Bərkədə daxili çəkişmələr başlayan zaman (1437) Ulu Məhəmməd Qazana köçdü. Qazan xanlığını yaratdı (1438) və türk tayfalarını xanlığa tabe etdi.
Əhalinin başlıca məşğuliyyəti əkinçilik, maldarlıq, meşə arıçılığı, sənətkarlıq idi. Xanlığın əhatə etdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti bu yerlərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına imkan yaradırdı. Qazan xanlığında ticarət inkişaf edirdi. Volqadakı ticarət adasında hər il yarmarka keçirilirdi. Buraya İran, Həştərxan, Krım, Mərkəzi Asiya və Qafqazdan tacirlər gəlirdilər. Qazan şəhərinin ətrafında feodal mülkləri yerləşirdi. Xan bütöv vilayətləri iqta kimi iri feodallara paylayırdı. Onlar əhalidən vergi-yasaq toplayırdılar.
Xanlığın başında xan dururdu. Xandan sonra xanın irsi məsləhətçisi kərəçlər, daha sonra bəylər, murzalar, xırda feodallar gəlirdi. Ruhanilər də feodal zümrəsinə aid idilər. Ən mühüm məsələlərə Qazan torpağının şurasında baxdırdı. «Qara camaat» hüquqsuz idi, dövlət işlərinə buraxılmırdı. Kəndləri ağsaqqallar idarə edirdi. Vergi işlərinə darğa baxırdı.
Qazan xanlığının qüvvətlənməsi Moskva knyazlığını narahat edirdi. Ulu Məhəmmədin dövründə (1437-1445) Moskva knyazlığının Qazan xanlığını işğal etmək planı baş tutmadı. O, Moskvanın yaxınlığına qədər irəlilədi (1439). Suzdal yaxınlığında rus qoşunlarını məğlub etdi. Rus knyazları Qazan xanlığından asılı düşdü: III İvan dövründə Moskva ilə Qazan xanlığı arasında münasibətlər gərginləşdi. 1468-ci ildə ruslar hücum edib Qazan şəhərinin bayır hissəsini tutub yandırdılar, lakin qazanlılar əks hücuma keçib rusları Nijni-Novqoroda qədər qovdular.
1479-cu ildə Qazanda hakimiyyətə Əli xan gəldi. O, Moskvanın əleyhdarı olduğuna görə ruslar 1487-ci ildə Qazana hücum edib onu əsir aldılar, Beloozeriyaya sürgün etdilər. Rusların Qazan xanlığına hücumunun qarşısını almaq üçün Osmanlı dövləti Krım xanı Dövlət Gəraya Rusiyaya hücum etməyi əmr etdi.
III İvan xanın qardaşları Məhəmməd Əlini və Əbdüllətifi növbə ilə hakimiyyətə gətirdi. 1518-ci ildə Ulu Məhəmməd sülaləsinin sonuncu nümayəndəsi Məhəmməd Əmin vəfat etdi. Səfa Gəray Qazanın xanı oldu. Qazan xanlığı uzun illər Rusiyaya qarşı mübarizə apardı. 1552-ci ildə Rusiya xanlığı işğal etdi.