Osmanlı imperatorluğu XVI əsr — XVII əsrin 1-ci yarısında. XVI əsrin əvvəllərində Osmanlı imperatorluğu Yaxın Şərqdə ən qüdrətli dövlətə çevrilmişdi. Osmanlılarla Səfəvilər arasında ərəb ölkələrini ələ keçirmək uğrunda mübarizə başlandı. Sultan 1 Səlim Yavuz (1512-1520) 1514-cü ildə Çaldıran döyüşündə Səfəvilərə qalib gəldi. I Şah İsmayıl Ağqoyunlu dövlətinin tarixi ərazisini ələ keçirə bilmədi. Cənub-şərqi Anadolu, Gürcüstan Osmanlıların əlinə keçdi. Bu döyüş əslində türk-islam dünyasının məğlubiyyəti, Qərb diplomatiyasının qələbəsi idi.
Bundan sonra I Səlim Səfəvilərin müttəfiqi Misir üzərinə hücum etdi. 1516-cı ildə Dəməşq, Hələb, Fələstini, 1518-ci ildə Qahirəni tutdu. Avropa ilə Asiyanı birləşdirən beynəlxalq ticarət yolu Osmanlıların əlinə keçdi. I Səlim özünü müsəlman aləminin xəlifəsi elan etdi. 1518-ci ildə Xeyrəddin Barbarosun başçılıq etdiyi türk donanması Aralıq dənizində İspaniyanın donanmasını darmadağın etdi və Osmanlılar Afrikanın şimalının bir hissəsini, o cümlədən Əlcəzairi ələ keçirdi. Adriatik dənizi sahilləri, Macarıstandan İran körfəzinə qədər uzanan Avropa və Asiyanı birləşdirən beynəlxalq ticarət yolu da Osmanlı imperiyasının nəzarətinə keçdi. 1514-1518-ci illərdə Osmanlı imperatorluğunun ərazisi 2,5 dəfə artaraq 6570000 km2-ə çatdı. Onun ərazisi Asiya, Avropa və Afrika qitələrinin əlaqələndiyi əlverişli ərazi və su qovşaqlarını əhatə edirdi.
Sultan I Süleyman Qanuni (1520-1565) Macarıstanı tutmağa başladı. 1521-ci ildə Macarıstanın tərkibində olan Belqrad tutuldu. 1526-cı ildə Roma papası və Almaniyadan kömək alan II Layos I Süleymanla qarşılaşdı. Həmin il avqustun 29-da Moxaç şəhəri yanında macar-çex qoşunları dağıdıldı. Macarıstanın paytaxtı Buda tutuldu. I Süleymanın vassalı Yanoş Zapolyonu macar taxtına çıxarıldı. Avstriya ershersoqu Ferdinand da Macarıstan taxtına çıxmaq niyyətində idi. O, Budaya daxil olub Yanoş Zapolyonu qovdu. Sultan I Süleyman Avstriyanı cəzalandırmaq məqsədi ilə yürüşə çıxdı. 1529-cu il sentyabrın 28-dən oktyabrın 14-nə kimi Vyananı mühasirədə saxladı. Əlverişsiz şərait, ehtiyatın olmaması Süleymanı mühasirədən əl çəkməyə vadar etdi.
I Süleyman 1534-cü ildə Səfəvilərə qarşı müharibəyə başladı. Bu müharibə 1555-ci ildə Amasiya sülhü ilə nəticələndi. Osmanlılar 1556-cı ildə Afrikada Tripoli və Tunisi tutdu. Beləliklə, Osmanlı dövləti bütün şimali Afrikaya sahib oldu. 1569-cu ildə II Səlim Azovdan Həştərxana doğru hərbi səfərə çıxdı. O, Aşağı Volqaboyunu ruslardan xilas etmək istəyirdi, lakin ilk döyüşdə məğlub olub geri qayıtdı. Müvəffəqiyyətli müharibələr dövləti və feodalları zənginləşdirdi. Daxildə və xaricdə I Süleymanın nüfuzu artdı. ABŞ konqresi nümayəndələr palatasında qanun və qanunçuluq yaradan dövlət başçılarından biri kimi Sultan I Süleyman Qanuninin də portreti asılmışdır.
Avropa dövlətləri Osmanlı dövləti ilə yaxınlaşmağa çalışırdı. I Süleyman onun mənafeyinə uyğun olan dövlətlərlə əlaqə yaradırdı. Avstriya ilə müharibə onu Fransa ilə yaxınlaşdırırdı. Fransa kralı I Fransisko ilə 1535-ci ildə «Sülh, dostluq və ticarət» müqaviləsi imzalandı. Bu tarixə ilk «kapitulyasiya» (latınca fəsil deməkdir, müqavilə fəsillərə bölündüyü üçün belə adlanırdı) adı ilə daxil oldu.
Anadolu üsyanları.Cəlalilər. İşğalçılıq müharibələri çoxlu maliyyə tələb edirdi. Ona görə də vergilər tez-tez artırırdı. Kəndlilər isə var-yoxdan çıxır, başqa yerlərə qaçmağa məcbur olurdular. Kəndlilər kənddə 15 ildən, şəhərdə 20 ildən sonra tapıldıqca əvvəlki yerinə qaytarılırdı. Hərbi qənimətlərin azalması, ordunun döyüş qabiliyyətinin zəifləməsi daxili ziddiyyətləri artırırdı. Hərbi-len sisteminin böhranı timar və ziyamət torpaq sahibliyinin parçalanmasına səbəb oldu. Sultan II Səlim bunun qarşısını almaq üçün sancaqbəylərə timar və ziyamət torpaqlarını bölməyi qadağan etdi. Böhranın bir səbəbi isə iri torpaq sahiblərinə çevrilən yeniçərilərin bir hissəsinin qulluqdan imtina etməsi idi. XVI əsrin 2-ci yarısında feodal mülkiyyətinin bölüşdürülməsi uğrunda mərkəzi hökumətlə iri feodallar arasında mübarizə gedirdi. Bütün bunlar kəndlilərin vəziyyətini ağırlaşdırmış, onların narazılığını artırmışdı.
1511-ci ildə Anadolunun cənub-qərbində Şahqulu Baba Təkəli təxəllüslü Qara Bıyık oğlunun, 1519-cu ildə isə Toqat ətrafında Şeyx Cəlalın başçılığı ilə üsyanlar baş verdi. Üsyanlar məğlub edilsə də, tarixə «cəlalilər» hərəkatı kimi daxil oldu. Bundan sonra aşağı təbəqədən olan üsyançıları «Cəlali», xalq üsyanlarını «cəlalilik» adlandırdılar. 1595-ci ildə «Qara yazıçı» adı ilə tanınmış Əbdülhəlimin başçılığı ilə Urfada başlanan üsyan bütün Anadolunu əhatə etdi. 1601-ci ildə onun ölümündən sonra üsyana Dəli Həsən başçılıq edirdi. 1603-cü ildə onu Bosniyaya bəylərbəyi təyin etdikdən sonra üsyan yatırıldı. O burada qarətlə məşğul olduğuna görə 1605-ci ildə edam edildi.
Osmanlı-Səfəvi müharibələrinin türk dünyası üçün nəticələri. XVI əsrin birinci yarısında türk dünyasının ən qüdrətli dövlətləri Osmanlı və Səfəvi dövlətləri idi. Avropa diplomatiyası onları bir-birinin üstünə qaldırmaqla Osmanlı dövlətinin Avropa dövlətlərinə qarşı hərbi əməliyyatlarını zəiflədir və bundan istifadə edib müstəmləkəçilik siyasətini genişləndirirdi. Osmanlı və Səfəvi dövlətlərinin toqquşmasından yararlanan Portuqaliya müstəmləkəçiləri artıq İran körfəzində möhkəmlənmişdilər. 1547-1554-cü illərdə Osmanlı dövlətinin onları İran körfəzindən sıxışdırmaq cəhdi nəticə vermədi.
1578-1590-cı illərdə Osmanlı-Səfəvi müharibəsində Osmanlı tərəfi qalib gəldi. İki dövlət arasında İstanbul müqaviləsi bağlandı. Müqaviləyə görə, Ərdəbil, Talış, Qaradağ ərazilərindən başqa, Azərbaycanın bütün ərazisi, Gürcüstan, Kürdüstan, Kırmanşah, Luristan, Xuzustan və başqa ərazilər Osmanlı imperatorluğuna verildi. Beləliklə, Qərb diplomatiyası bu iki dövləti bir-birinə qarşı qoymaqda davam edir, onlar arasında yeni qanlı müharibələr olmasına yol açırdı.