Hindistanda feodal dağınıqlığı. XVI əsrdə Hindistan dünyanın ən böyük ölkələrindən biri idi. Onun 100 milyon əhalisi var idi. Burada hinduizm və islam dini yayılmışdı. Əhalinin 70 faizi hind dini icmasına, 20 faizi islam dini icmasına mənsub idi. Müsəlman əhalisi Hindistanın şimal və qərb vilayətlərində, bir də Şərqi Benqaliyada yaşayırdılar. XVI əsrdə Hindistan feodal dağınıqlığı dövründə idi. Ölkənin şimalında Kəşmir, Sind, Multan, Qucarat, Malva, Benqaliya və s. dövlətlər var idi.
Böyük Moğol dövlətinin yaranması. XVI əsrdə Dehli sultanlığı tənəzzül dövrünü keçirirdi. Əmir Teymurun nəslindən olan Babur belə bir şəraitdə Mərkəzi Asiyada Şeybaniyə məğlub oldu. Babur 1504-cü ildə Əfqanıstanı tutdu, Kabulu paytaxtı seçdi və özünü əmir Teymurun varisi elan etdi. 1519-cu ildə Sind çayını keçərək Pəncabı tutdu. Dehli sultanı İbrahim Ludi ilə Baburun ordusu arasında 1526-cı ildə Panipat döyüşü baş verdi. Baburun topları həlledici rol oynadı. İbrahim Ludi məğlub oldu. 1526-cı il iyulun 10-da Aqra şəhərini tutan Babur Böyük Moğol dövlətinin əsasını qoydu.
Babur şah vəfat etdikdən sonra onu oğlu Humayun şah (1530-1556) əvəz etdi. Onun dövründə mərkəzi dövlət zəiflədi, üsyanlar başlandı, racə və racpudlar baş qaldırdılar, Pakistan və Əfqanıstan bəyləri müstəqilliyə can atırdılar. Şah qəflətən öldü, vəliəhd Əkbər isə Əfqanıstanda idi. Ölkədə vəziyyət pisləşməsin deyə, şahın ölümü Əkbər gələnə qədər gizli saxlandı.
Əkbər şahın islahatları. Böyük Moğol imperatorluğu. Əkbər şah (1556-1605) ilk növbədə ordunu gücləndirdi, daxili vəziyyəti nizama saldı. Qanqın aşağı vadisini, Əhmədabad vilayətini ələ keçirərək, dövlətin sərhədlərini genişləndirib, onu imperatorluğa çevirdi.
Əkbər şah dövlət quruculuğu işlərində Osmanlı imperatorluğunun təcrübəsindən yararlanaraq, bütün torpaqları dövlətin mülkiyyəti elan etdi, onu becərənlər isə haqqı ödənilən muzdlular hesab edildi. İqta verilmiş şəxslər müharibə zamanı müəyyən edilmiş qədər qoşun verməli idi. O, cagirdar (iqta cagir, onun sahibi isə cagirdar adlanırdı) sistemini ləğv etmək istədi, lakin iri feodalların narazılığı ilə rastlaşdı. Eyni zamanda vergi toplayan məmurların özbaşınalığı kəndliləri müflisləşirdi. Buna görə də o, cagirdar sistemini bərpa etməli oldu. «Damğalanma nizamı» adı altında ölkədə bütün at, dəvə və fillər damğalandı. Bununla da bir tərəfdən, ölkədə olan heyvanların sayı dəqiqləşdirildi, digər tərəfdən isə, onların düşmənə satılmasının qarşısını almağa cəhd edildi. Əkbər şah ölkə iqtisadiyyatının inkişafına, ticarət və ticarət əlaqələrinə xüsusi diqqət yetirirdi.
Əkbər şahın hakimiyyətinin son illərində imperatorluğun ərazisi Şimali Hindistanı, Qucaratdan Benqaliyayadək, Şərqi Əfqanıstana və Dekanın yarısını əhatə edirdi. Onun ölümündən sonra Cahangir şahın (1605-1627) və Cəhan şahın (1627-1658) dövrlərində Cənubi Hindistandan başqa, Hindistanın bütün ərazisi Moğol imperatorluğuna daxil idi.
Moğol imperatorluğunda aqrar münasibətləri ən mühüm xüsusiyyəti torpağın dövlət mülkiyyətində olması idi. Feodal torpaq sahibliyinin başlıca forması şərti torpaq sahibliyi olan cagir idi. Cagir torpaqları alan şəxslər ona verilmiş torpaqdan vergi toplamaq hüququna malik idi. Bunun müqabilində onlar dövlətə qoşunla kömək etməli idilər. Dağlıq və ucqar ərazilərdə öz xüsusi mülklərini saxlayan hind feodalları zəmindar adlanırdı və hökmdarın vassalı hesab olunurdu. Hindistanın aqrar quruluşunun əsas xüsusiyyətlərindən biri də kənd icmalarının qalması idi.
Hindistan mədəniyyəti. Moğol imperatorluğu dövründə vahid dövlətin yaranması Hindistanda mədəniyyətin də inkişafına şərait yaratdı. Mədəniyyətin inkişafı XVII əsrdə Əkbər şahın dövründə daha yüksək mərhələyə çatdı, bu dövr «Əkbər əsri» adlandırıldı.
Bu dövrdə tarix, ədəbiyyat sahəsində bir sıra əsərlər yarandı. Əkbər şahın dostu tarixçi Əbül Fəzl «Əkbərnamə» və «Ayini-Əkbəri» əsərlərini yazmışdı. «Əkbər əsri»ndə yaşamış tarixçi Bədaun yazdığı «Müntəxabət-tavarix» əsərində Əkbər şahın siyasətini tənqid etmişdi.
Bir sıra hind poemaları («Ramayana», «Mahabharata») fars dilinə tərcümə olunmuşdur. Moğol hökmdarlarının əksəriyyəti bədii yaradıcılıqla məşğul olurdu. Moğol imperatorluğu dövründə müsəlman-hind memarlığının bir sıra nümunələri yaradılmışdı. Əkbər şah dövründə Humayun şahın Dehlidəki məqbərəsi, Aqra və Lahor şəhərində saraylar, Təthpur-Sikri qalası inşa edilmişdi. Əkbər şah Aqra şəhərindən 25 mil aralıda yerləşən, özü tikdirdiyi Təthpur-Sikri qalasında 1569-1584-cü illərdə yaşamışdı.
Moğol imperatoru Cahan şah sevimli arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri üzərində 1630-1652-ci illərdə Tac-Mahal məqbərəsini tikdirmişdi. Bu məqbərə «Hindistanın incisi» adlanır. Ağ mərmərdən tikilmiş məqbərənin memarı usta Məhəmməd İsa Əfəndi, onun köməkçiləri səmərqəndli Məhəmməd Şərif və istanbullu Xan Rumi idilər. Hind rəssamlığında miniatür janrı XVI əsrdə üstünlük təşkil edirdi.