Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Ərəblərdə nəsli qəbilə quruluşu və bir sıra adətlər aradan qalxmaqda idi. Ərəb qəbilələrinin birləşdirilməsi müəyyən ideya hazırlıq mərhələsi keçməmişdi. Bu proses yalnız xarici hərbi təhlükənin mövcudluğu və təsiri şəraitində reallaşmışdı. Ərəb qəbilələri tərkibcə yekcins deyildi.
Məlum olduğu kimi, ərəblər quldarlıq quruluşunu yaşamayıb və bu onların sonrakı ictimai inkişafına öz təsirini göstərmişdi. Ərəb dövlətçiliyi öz başlanğıcını VII əsrin əvvəllərindən götürür. Lakin bu dövlətçilik ictimai inkişafın hərbi demokratiya dövrünə uyğundur. Tədricən qəbilə və tayfalararası münasibətlər erkən ittifaqların yaranmasını şərtləndirmiş, Ərəb xilafəti bu zəmində təşəkkül tapmışdır. Ərəb dövlətçiliyi 610-cu ildən etibarən islamı yeni din kimi təbliğ etməyə başlamış Məhəmməd peyğəmbərin adı ilə bağlıdır. Ərəb xilafəti 630-cu ildən tarix səhnəsinə qədəm qoymuşdu. Məhəmməd peyğəmbər üç daxili və xarici qüvvəni neytrallaşdırmaq və ya kənarlaşdırmaq məcburiyyətində qalmışdı:
I qüvvə-Sasanilər imperiyası,
II qüvvə-Bizans imperiyası,
III qüvvə-özünün içərisindən çıxdığı Qüreyşilər nəsli.
İslamın təbliği gedişində müsəlman icması və ya ümmənin böyük rolu olmuşdu. Peyğəmbərin anası Mədinə qızı Əminə, atası Abdulla isə məkkəli idi. Məkkə və Yəsrib şəhərləri ticarət birinciliyi uğrunda rəqib idilər və yəsriblilər islamın təbliğinə Məkkənin nüfuzuna zərbə endirmək üçün vasitə kimi baxırdılar. Qəbilə qanunlarını yaxşı bilən Məhəmməd peyğəmbər bu faktorun təsiri ilə 622-ci ilin 20 sentyabrında Mədinəyə hicrət edir və Mədinə icmasının- ümmənin başçısı kimi qəbul olunur.
Quranın surələrinin təhlili göstərir ki, onu iki və ya üç qrupa bölmək olar. Məkkə surələri loyallığı, Mədinə surələri dramatizmi və dinamizmi ilə səciyyələnir.Tədqiqatçılar göstərirlər ki, peyğəmbərin həyatının Mədinə dövrü olmasaydı, Ərəb xilafəti də yaranmazdı. Məhəmməd hələ 620-622-ci illərdə gizli şəkildə Mədinədə olan aus və həzrəc qəbilələrinin başçıları ilə görüşmüş, Mədinədə islamın qəbulu şərtləri müəyyənləşmişdi.
Mədinəyə köçdükdən sonra Məhəmməd 624 –cü il Bədr, 627-ci il Mədinə döyüşlərində məkkəliləri məğlub etmiş, sonra hakimiyyətini Məkkəyə qədər ərazilərə yaymağa müvəffəq olmuşdu. Məlum olduğu kimi, Kəbə qədim zamanlardan ziyarət yeri idi. Bütpərəstlik dövründə burada 360 büt saxlanılmışdı. Ərəblərlə hər günün öz allahı mövcud idi. 628-ci ildə peyğəmbər 1500 əsabəsi ilə birlikdə zəvvar adı altında Məkkəyə yaxınlaşdı, lakin şəhər başçısı Əbu Sufyan onu güclü qoşunla qarşıladı. Yaranmış şəraitdə peyğəmbərin əmisi Abbas müharibənin başlanmasına imkan vermədi. Aparılmış danışıqlar nəticəsində şərtləri iki ildən sonra məlum olan Xudeybə müqaviləsi imzalandı.
Məlum olduğu kimi, Məhəmmədin peyğəmbərliyi ilk vaxtlar nəinki məkkəlilər, hətta qohumları tərəfindən də qəbul edilmirdi. Təsadüfi deyildi ki, Xudeybə müqaviləsində də Məhəmmədin peyğəmbərliyi tanınmırdı. Lakin bu müqavilə hüquqi baxımdan mədinəlilərin üstünlüyünü göstərirdi. Çünki müqavilənin ruhuna görə, Məhəmməd tərəf-müqabil kimi tanınırdı.
Müqavilənin şərtinə görə, Mədinə ilə Məkkə arasında hərbi əməliyyatlar dayandırılır və onillik barışıq elan olunurdu. Müsəlmanlara silahsız şəkildə Kəbəni ziyarət etməyə imkan verildi. Müqavilənin sonuncu bəndinə görə, Məhəmməd Məkkə karvanlarına hücum etməmək öhdəliyi götürürdü.
Müqavilə hüquqi sənəd olduğu üçün Məhəmmədin tanınması Məkkə tərəfindən etiraf olunurdu. Əslində Məhəmməd bununla iki məqsədə nail olmuşdu: həm vaxt qazanmış və öz qüvvələrini möhkəmləndirmiş, həm də İslam dininin dinc yolla yayılması imkanı əldə etmişdi. Təsadüfi deyil ki, sonrakı iki il ərzində Məkkəyə düşmən ərəb qəbilələri Məhəmmədlə müqavilə bağlayaraq İslam dinini qəbul etmişdilər.
Məhəmməd peyğəmbər ciddi hazırlıqdan sonra 630-cu ilin yanvarında on minlik Mədinə ordusu ilə Məkkəni mühasirəyə aldı. Lakin əmisi Abbasın vasitəsilə Əbu Sufyanla Məhəmməd arasında barışıq imzalanır. Məkkə Məhəmməd peyğəmbərə təslim olur. Müqavilənin şərtləri açağıdakılardan ibarət idi:
-Müqavimət göstərməyən məkkəlilərin təhlükəsizliyinə təminat və aman verilir;
-Ümmənin olmasına baxmayaraq, məkkəlilər hamılıqla islamı qəbul etməli idilər;
-Kəbədəki bütün bütlər məhv olunmalı idi;
-Məkkəyə verilən aministiya islamın 10 qəddar düşməninə tətbiq olunmurdu.
Müqavilə imzalandıqdan sonra Məhəmməd peyğəmbər Məkkəyə daxil olur, Kəbədəki bütlər məhv edilərək Əl-Həram məscidinə çevrilir. Məhəmməd peyğəmbərin apardığı siyasət nəticəsində 630-631-ci illərdə bütün Ərəbistan yarmadası islamı qəbul etdi və vahid dövlətdə birləşdi.
Peyğəmbərdən sonrakı 4 qanuni xəlifənin və Əməvilərin dövründə (632-750) Afrikanın şimalından Avropanın cənubuna qədər nəhəng ərazilər işğal edildi. 630-651-ci illər arasında aparılan hərbi əməliyyatlar nəticəsində Sasanilər dövləti süqut etdi və və onun ərazisi vahid Ərəb dövlətinin tərkibinə qatıldı. Sasanilərin paytaxtı Ktesifon şəhəri tutuldu. Ərəblər 900 mln dirhəm hərbi gəlir əldə etdilər.
İslam dininin yayılmasında istifadə olunan amillər iki qrupa bölünür: güc və inandırma. Dahi N.Gəncəvi «Xosrov vəŞirin» əsərinin əvvəlində Ktesifon (Mədain) şəhərinin tutulması, Ə.Xaqani isə «Mədain xərabələri» əsərlərində sasanilər imperiyasının süqutu ilə bağlı məsələləri bədii şəkildə işıqlandırmışlar.
Ərəb orduları Tariqin başçılığı altında 696-cı ildə Karfagen şəhərini, sonra isə Cəbbəllütariq boğazından keçərək İspaniyanın cənubunu tutdular və 711-ci il üçün Priney yarmadası işğal olundu. 755-ci ildə isə burada Kordova xilafəti təşəkkül tapdı. Qanuni xəlifələrin vəƏməvilərin dövründəərəblər Sasanilərin idarə sistemindən istifadə etsələr də, güclü idarəçilik aparatı sonralar, xüsusilə Harun Ər-Rəşidin dövründə yarandı.
Məlum olduğu kimi,
Ərəb xilafətinin ərazisi əvvəlcə 5, sonra isə 14 Ktesifon (Sasanilərin dövründəki mərzbanlıqların əvəzinə) bölünmüşdü. Əmirlər xəlifəyə tabe idilər, lakin müstəqil daxili siyasət yeritmək hüququna malik olmuşdular. Ucqar əmirliklərin hamısı Böyük Karlın makqraflıqlarında olduğu kimi, Xilafətin ucqar sərhəddi funksiyasını daşıyır, xarici qonaqlar buradan qəbul olunur, gedənlər buradan yola salınırdı. Tədricən poçt-yam xidməti yaradılırdı. Sonralar Abbasilərin dövründə bu xidmət kəşfiyyat, polis və rabitə funksiyalarını özündə birləşdirirdi. Xilafətdə poçt xidmətini həyata keçirmək üçün təlim görmüş göyərçinlərdən istifadə olunurdu.
Abbasilərin dövründə daxili və xarici siyasət məsələlərinin həyata keçirilməsi üçün divanxana yaradıldı və baş vəzir postu təsis olundu.Əslində baş vəzir xəlifə divanxanasına başçılıq edirdi. Lakin onun maarif və məhkəmə səlahiyyətləri yox idi. Baş vəzir həm də xarici siyasət məsələləri sahəsində həm də hökumdarın məsləhətçisi hesab olunurdu. Bağdad xəlifələri qonşu ölkələrdə vəziyyətin necəliyi və islamın yayılması məsələlərinə xüsusi diqqət verir, İslamın dinc yollarla yayılması üçün bütün vasitələrdən istifadə edirdilər. Bu məqsədlə göndərilən elçilər xəlifənin hədiyyələri ilə birlikdə, göndərildikləri dövlətin sarayında olur və islamın qəbulu şərtlərini həmin ölkəyə çatdırırdılar.
Təsadüfi deyil ki, oğuz türkləri məhz bu yolla islamı qəbul etmişdilər. Türk tayfalarından olan xəzərlər hərbi əməliyyatların gedişində məğlub oldular, lakin VIII əsrin sonlarından etibarən böyük bir hissəsi İslamı qəbul etdilər. Lakin xəzərlərlə qonşu olan türk tayfaları İslama könüllü olaraq tapınmışdılar. İslamın yayıldığı ərazilər qədim sivilizasiyanın vətəni olduğuna görə, çox tezliklə yüksək mədəni inkişaf səviyyəsinə yüksəlmişdilər. Buna görə IX-XII əsrlər İslamın intibah mədəniyyəti dövrü adlanır.
Türk-islam amili şərqin səlib yürüşündən qorunmasında mühüm rol oynamışdı. 1071-ci Malazgird döyüşü və 1099-1100-cü illər Əyyubilərlə baş verən döyüşlərdə səlibçilər ağır məğlubiyyətə uğrayaraq şərqdən çəkilmək məcburiyyətində qaldılar. Abbasilər xilafətinin dövlətçilik ənənələri Hülakülər dövlətinin idarə sisteminin formalaşmasında mühüm rol oynamışdı.
Mövzuya dair suallar
- Ərəbistan uğrunda Sasani-Bizans müharibələri
- Məhəmməd Peyğəmbərin Ərəbistanın birləşdirməsi uğrunda hərbi-siyasi mübarizəsi
- Peyğəmbər diplomatiyasının xüsusiyyətləri. Xudeybə müqaviləsi
- Məkkənin tutulması və Ərəb xilafətinin yaranması
- Qanuni xəlifələrin dövründə Ərəb xilafətinin xarici siyasəti
- Ərəb işğallarının dünyanın siyasi mənzərəsinin dəyişməsində rolu
- Cənubi Qafqazda İslam dininin yayılması
- Əməvilər dövlətinin xarici siyasəti
- Abbasilər xilafətinin beynəlxalq əlaqələri
- Ərəb xilafətində diplomatiya və səfirlik işi
Ədəbiyyat
1. Qurani-Kərim. B., 2005
2. Belyayev Y. Müsəlman təriqətləri. B., 1995
3. Nizam-Əl Mülk. Siyasətnamə. B., 1987
4. Арабскиестраны. История, экономика, М., 1970
5. Беляев Е.А. Арабы, ислами арабский халифат враннее средневековье. М., 1965
6. История средних веков. Учеб. М., Просвешение, 1986
7. Исмаилов Р.И. Распространение ислама и преемственность в арабо-мусульманской культуре в
Египте / Актуальные проблемы современного ислама. Баку, 1986
8. Климович Л.И. Ислам. М., 1965
9. Мец А. Мусульманский ренессанс. М., 1973
10. Мюллер A. История Ислама. В 4-х тт. М., 1895, т.1-2
Müəllif: A.N.Abbasbəyli, S.Z.Yusifzadə
Mənbə: BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ (ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər) dərsliyi,Bakı 2009