IX əsrdə Roma imperiyasının süqutundan sonra Avropada minilliyi əhatə edən orta əsrlər dövründə ilk mərkəzləşmiş dövlətlər bərqərar olmağa başlayır. Mərkəzləşmiş dövlətlərin yaranması orta əsr şəhərlərinin güclənməsinə, külli miqdarda iqtisadi resursların şəhər varlılarının əlində cəmlənməsinə gətirib çıxarır. Daim pula ehtiyacı olan hökmdarlar nə bu sərvətdən keçə bilir, nə də ciddi müqavimətə görə əhalinin razılığı olmadan onun üzərinə vergi qoya bilirdilər.
Əhalinin razılığını almaq üçün hakim sinif cəmiyyətin əsas təbəqələrinin nümayəndələrini yığıncağa çağırmalı olurdu. Bu dövrdə Almaniyada reyxstaq və landtaq, İngiltərədə parlament, İspaniyada korteslər, Fransada və Niderlandda baş ştatlar s. yaranırdı. Kral hakimiyyətinin və onun nəzarət etdiyi mərkəzləşdirilmiş bürokratiyanın getdikcə güclənməsi bu təsisatların əhəmiyyətini azaltsa da, onlar demokratiyanın inkişafında öz izini qoya bilmişdi. Orta əsrlərə xas olan bu demokratiyanın yaranması və inkişafı prosesini XIV əsrin əvvəllərində Fransada meydana gələn Baş Ştatların timsalında daha bariz şəkildə müşahidə etmək olar.
Papa IV Filipə qarşı
Fransa Baş Ştatlarının sələfləri şəhər rəhbərliyinin dəvət aldığı genişləndirilmiş Kral Şuraları və müxtəlif təbəqələrin nümayəndələrindən təşkil olunan əyalət ştatlarıdır. Baş Ştatların, daha dəqiq tərcümə etsək, Silklər Məclisinin təşəkkülü Fransada mərkəzləşdirilmiş dövlətin yaradılmasından sonra meydana gələn tarixi şəraitlə bağlıdır. Dövlətin tərkibinə kral domenindən başqa dünyəvi və dini feodallara məxsus geniş ərazilər, həmçinin çoxlu imtiyazlara və hüquqlara sahib olan şəhərlər də daxil idi. Kral isə bütün bu ənənəvi azadlıqlarla bağlı təkbaşına qərar qəbul etmək üçün kifayət edəcək qədər nüfuza və hüquqa malik deyildi. Xüsusən də kral xarici siyasət məsələlərində bütün fransız cəmiyyətinin dəstəyinə kəskin ehtiyac duyurdu. Yüksək suverenliyə malik olmaq, feodal cəmiyyətinin silklərə verdiyi xüsusi imtiyazları ləğv etmək üçün krala silklərin razılığı vacib idi. XIII əsrin sonlarında Fransa kralının Roma papası ilə münasibətlərinin pozulması isə bütün silklərin ümumi məclisinin çağırılmasını zərurətə çevirdi.
Kilsə xadimlərinə vergi qoyması ilə papanın qəzəbinə tuş gələn IV Filip onunla mübarizədə özünə daxili dayaq axtarmaq üçün üç təbəqədən — feodallardan, ruhanilərdən və şəhər əhalisindən təşkil olunacaq Silklər Məclisinin çağrıldığını elan etdi.
Baş Ştatların çağrılması qaydaları
Hər üç təbəqənin üzvləri balyajlardan çağrılırdı. İclasa böyük kilsə və şəhər icmalarının hər biri iki-üç nəfər nümayəndə — deputat göndərməli idi. Adətən abbatlar bir yerə yığışaraq öz aralarında assambleyaya göndəriləcək deputatları müəyyənləşdirirdilər. İri feodalları kral şəxsən özü dəvət edirdi. Bəzi hallarda şəxsi dostluq zəminində orta və kiçik feodalları da kral Baş Ştatların iclaslarına dəvət edirdi. Şəhər əhalisindən Silklər Məclisinə nümayəndələrin seçilməsində ümumi bir qayda yox idi. Əksər şəhərlərdə deputatların seçilməsi şəhər rəhbərliyi — mer, eşeven və konsullar tərəfindən həyata keçirilirdi. Sənədlərdə qeyd edilir ki, müəyyən olunmuş gündə səhər kilsə zənglərinin səsi ilə şəhərin «sağlam vətəndaşları» bir yerə toplaşır və öz aralarından Baş Ştatlara göndəriləcək deputatları seçirdilər.
Deputatların səlahiyyətləri
Dövlət qramotaları assambleyaya göndərilən nümayəndələri müavinlər, yaxud icraçılar adlandırırdılar. Hər bir namizədə bir neçə nəfər öz şəxsi əmlakı ilə zamin dururdu. Deputatlara yerlərdə vəzifələrini icra etmək üçün mandatlar verilirdi. Bununla deputat öz seçicilərinin adından çıxış etmək hüququ əldə edirdi. Lakin bu, heç də onların səlahiyyətlərinin hədsiz olmasının göstəricisi deyildi. Bəzən deputatların səlahiyyətləri və görəcəyi işlər əvvəlcədən mandatlarında qeyd olunurdu. Hətta kralın dedikləri ilə razılaşmaq məsləhət görülürdü. Baş Ştatların iclaslarından sonra deputatlar öz seçiciləri qarşısında gördükləri işlər barəsində hesabat verməli idilər. Öz səlahiyyətlərini aşmış deputatlara qarşı sanksiyalar tətbiq olunurdu. Zadəganlar, ruhanilər və şəhər icmaları öz nümayəndələrini krala hesabat üçün paytaxta göndərirdilər. Beləliklə, onlar Baş Ştatların çağrılmasında kralın əsas rol oynadığını təsdiq edirdilər.
Tərkibindən göründüyü kimi, Fransanın Silklər Məclisi yalnız varlı təbəqələrin mənafelərinə xidmət edirdi. Həm də Baş Ştatlarda bu təbəqələr bir-birindən ayrı iclaslar keçirirdi və səsvermə nümayəndələrin sayı ilə yox, təbəqələrin sayı ilə müəyyən olunurdu. Yəni hər təbəqə bir səsə malik idi. Baş Ştatların əsas çağrılma səbəbləri vergilərin çoxaldılması ilə bağlı olurdu. Zadəganlar və ruhanilər vergilərdən azad olduqları üçün onun artırılmasına səs verirdilər. Bu isə şəhər nümayəndələrinin etirazına səbəb olurdu.
Silklər Məclisinin fəaliyyəti
İlk dəfə 1302-ci ilin aprelində Parisin Notr-Dam kilsəsində toplaşan Silklər Məclisi Roma papası VIII Bonifisin Fransa kralı IV Gözəl Filipə qarşı iddialarını rədd edərək kralın dünyəvi məsələlərdə yalnız tanrıdan asılı olduğunu bildirdi. Baş Ştatlar 1302-1308-ci illər ərzində kral tərəfindən yalnız kilsə məsələlərini həll etmək üçün bir neçə dəfə çağrılmışdı. Bu içlasların tərkibi eyni deyildi. Məsələn, 1303-cü ildə çağrılan ştatlarda yalnız birinci və ikinci təbəqələr iştirak edirdilər. 1308-ci ildə tampliyerlərə divan tutmağa hazırlaşan kral yenə Silklər Məclisinin dəstəyindən istifadə etdi. Baş Ştatların da krala müraciət etmək hüququ var idi. Onlar krala şikayət və xahişlərini çatdıra bilərdilər. Həmçinin onlar kral aparatının işini tənqid də edə bilərdilər. Bəzi hallarda Baş Ştatlar hətta kralın tələb etdiyi qanunları qəbul etməkdən belə imtina edirdi. Kapitenqlər sülaləsi zəiflədikcə Baş Ştatların rolu artmağa başlayır. Məhz onlar 1317-ci ildə kral X Lüdovikin qızını atasının taxtından məhrum edirlər. Kapetinqlər sülaləsinin kökü kəsildikdən sonra IV Filip Valuanı taxta çıxarırlar.
Yüzillik müharibələr (1337-1453-cü illər) dövründə Baş Ştatların nüfuzu artır. 1355-ci ildə vəsait toplamaq üçün Silklər Məclisinə müraciət edən kral II İgid İoanın qarşısında bir neçə şərt qoyur və vergiyığılmasına nəzarəti ələ alır. II İoanın ingilislərə əsir düşməsindən istifadə edən Baş Ştatlar islahatların keçirilməsini tələb edir. Bununla bağlı 1357-ci ildə qəbul etdikləri Böyük Mart Ordonaslarında Baş Ştatlar yalnız onların təsdiq etdiyi vergilərin qanuni sayılması, Silklər Məclisinin ildə üç dəfə çağrılması tələblərini irəli sürürlər. Həmçinin kral administrasiyasının işinə nəzarət etmək, hətta onları işdən çıxartmaq və cəzalandırmaq hüququna malik baş reformatorlar da təyin edilir. Fransanın idarə olunmasını üzərinə götürmüş Dofin (vəliəhd) Karl Valua (1364-cü ildən V Müdrük Karl) bu tələblərlə razılaşır, lakin 1358-ci ildə onları ləğv edir. Həmin il Kompenyendə toplaşan yeni tərkibli Baş Ştatlar kralın tərəfini tutur. Bundan sonra Baş Ştatlar Fransa xalqını ingilislərə qarşı vahid cəbhədə birləşdirmək alətinə çevrilir. 1439-cu ildə Orlean şəhərində toplaşan Baş Ştatlar isə xüsusi əhəmiyyət daşıyır. Onlar feodallara şəxsi qoşun saxlamağı qadağan etməklə yanaşı, kralın daimi qoşununun maliyyəsi üçün «talya» vergisini təsis edirlər.
Bununla bərabər şəhər icması ilə feodallar arasında gedən mübarizə Baş Ştatlara İngiltərə parlamenti kimi öz səlahiyyətlərini artırmağa imkan vermir. Ümumiyyətlə, Fransa ictimaiyyəti artıq vergilərin artırılmasının birbaşa kralın hüququ olması ilə razılaşırlar.
Quqenot müharibələri dövründə
Vergilərin təyin edilməsində öz nüfuzunu itirən Baş Ştatlar siyasi əhəmiyyətini də itirməyə başlayır. X Lüdovik Valuanın hakimiyyəti dövründə yalniz bir dəfə — 1467-ci ildə Baş Ştatları çağıraraq onlardan Silklər Məclisinin razılığı olmadan Fransanın mənafeyi naminə istənilən qərarı qəbul etmək hüququ əldə edir. 1484-cü ildə VIII Karl Valuanın azyaşlı olması ilə bağlı çağrılan Baş Ştatların maraqlı cəhəti ondan ibarət idi ki, bu dəfə şəhər icmasından başqa kənd icmalarının nümayəndələri də iştirak edirdilər. XV əsrin sonlarında Fransada mütləq monarxiya qurulur. Bu dövrdən Baş Ştatların tədricən Fransanın siyasi səhnəsini tərk etməsi müşahidə olunur. Baş Ştatların yenidən siyasi arenada görünməsi Fransada Quqenot müharibələri dövrünə təsadüf edir. Nəhayət, 1560-cı ildə Baş Ştatlar Orleanda yığışır. Onlar 1561-ci ildə «Orlean Ordonansı»nı qəbul edirlər. Sənəddə Fransada islahatların həyata keçirilməsi, Baş Ştatların daimi dövlət orqanına çevrilməsi müdafiə olunurdu. Buna görə də kral növbəti illərdə daha onu çağırmır.
Fransada kral hakimiyyətinin məhdudlaşdırılmasını müdafiə edən Katolik Liqasının tərəfdarlarının çoxalması III Henrini 1576-cı ildə Baş Ştatlara müraciət etməyə məcbur edir. Lakin Baş Ştatlar Katolik Liqasının tərəfini saxlayır və özlərinin qəbul etdikləri qanunların kral fərmanlarından üstün tutulmasını, hər üç təbəqənin razılığı ilə qəbul olunan qanunun kralın təsdiqi olmadan qüvvəyə minməsini tələb edirlər. Həmçinin deputatlar nazirlərin təyin olunmasında iştirak etmək istəyirlər. III Henri Silklər Məclisinin bu tələbləri ilə razılaşsa da, Quqenot müharibələri dövründə Fransada baş alıb gedən hərc-mərclik bu addımın əhəmiyyətini heçə endirir.
1588-ci ildə Katolik Liqası güc toplayaraq Blua şəhərində yenidən Baş Ştatların çağrılmasına nail olur. Baş Ştatlar hakimiyyəti kral III Henrinin əlindən alaraq, Katoliklər Liqasının başçısı Henri Gizə vermək istəyir. Bu mübarizə hər iki Henrinin faciəli ölümü ilə nəticələnir. Hakimiyyətə quqenotların keçmiş başçısı IV Henri Burbon yiyələnir. 1593-cü ildə Parisdə çağrılmış Baş Ştatlar IV Henriyə bütün Fransada hakimiyyəti ələ almaqda maneçilik törədə bilmir. IV Henri Fransanı mütləq monarx kimi idarə edir və Baş Ştatlar öz nüfuzunu itirir. Azyaşlı kral XIII Lüdovikin hakimiyyəti dövründə — 1614-cü ildə çağrılan Baş Ştatlarda təbəqələr arasında olan bütün ziddiyyətlər ortaya çıxır. Ruhani və dvoryanlar təbəqəsi üçüncü təbəqəyə öz qulluqçuları kimi baxırlar. Bu həqarətli münasibət saray tərəfindən də dəstəklənir: kral qarşısında ruhanilər və dvoryanlar başı örtülü otura bilərdilərsə, şəhərlərdən seçilən deputatlar iclas zamanı kralın qarşısında başı örtüksüz və dizləri üstə dayanırdılar. Onların vergilərin çox olması haqda şikayətləri kral tərəfindən narazılıqla qarşılanırdı. 1614-cü ildə Baş Ştatlar qərara gəlir ki, on ildə bir dəfə və yalnız kralın dəvəti ilə toplaşsınlar. 1615-ci ildə Baş Ştatlar kral tərəfindən buraxılır və Böyük Fransa inqilabına qədər bir dəfə də olsun çağrılmır.
Böyük Fransa inqilabı
Məhz 1789-cu ildə çağrılan Baş Ştatlar Fransa inqilabının əsas təkanverici amillərindən biri oldu. O, Fransanın XVIII əsrin sonlarında üzləşdiyi siyasi, iqtisadi və sosial problemləri həll etməli idi. Kral isə öz növbəsində Baş Ştatların köməkliyi ilə maliyyə problemlərini yoluna qoymaq istəyirdi. Aristokratiya isə islahatlara mane olmağa çalışırdı. Üçüncü təbəqə də öz tələblərini təqdim etmək fikrində idi. Bu dəfə üçüncü təbəqənin nümayəndələrinin sayının çoxaldılması nəzərdə tutulurdu. Lakin təbəqələrin bir yerdə və ya ayrı səs verəcəyi məsələsi öz həllini tapmamışdı. Seçkilərdə 1139 deputat seçildi. Onların 578 nəfəri üçüncü təbəqəni təmsil edirdi. Silklər Məclisinin hər üç zümrədən olan deputatları 1789-cu il mayın 5-də Versal sarayında ilk iclasına toplaşır. İclasda zadəganlar və şəhərlərdən olan deputatlar arasında mübahisələr kulminasiya nöqtəsinə çatır. İyunun 17-də üçüncü təbəqənin deputatları özlərini Milli Məclis elan etsələr də, xalq adından çıxış etməyə tərəddüd edirlər.
Ruhanilər və xırda feodalların bir hissəsi üçüncü təbəqəyə qoşulur. Kral təşəbbüsü ələ almaq məqsədi ilə Parisə qoşun hissələri yeridir və onlara Baş Ştatları dağıtmaq əmri verilir. Lakin 9 iyul tarixində üçüncü təbəqənin deputatları özlərini Müəssislər Məclisi elan edirlər. Bununla Baş Ştatların dövrü başa çatır, Böyük Fransa inqilabı başlayır. Baş Ştatların Fransada kral hakimiyyətinin və ümumilikdə dövlətçiliyin möhkəmlənməsində əməyi danılmazdır. Qununverici hakimiyyət onların əlində olmasa da, Baş Ştatlar bəzi hallarda qanunvericiliyi tənzimləyir. Bütövlükdə Silklər Məclisi dövlət idarəçiliyinə öz töhfələrini verərək məhkəmə və maliyyə orqanlarının işlərinə böyük təsir göstərmişdir. Müasir qanunverici hakimiyyət orqanlarının bilavasitə bu yığıncaqlardan, parlamentlərdən və ya çox vaxt deyildiyi kimi "ştatlar«dan (estates) yarandığını təsdiq etmək mümkün olmasa da, onlar müəyyən ənənələrin əsasını qoymuş, ilk lazımi qaydaları təyin etmiş və demokratiyanın inkişafı prosesinə faydalı təsir göstərmiş ideyaları insanların şüuruna yeritmişdilər.
Mənbə: Milli Məclis jurnalı