Xaç və ya Səlib yürüşləri (lat.
Expeditio sacra, ərəb. الحملات الصليبي,fr.
Croisades,ing.
Crusades, isp.
Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.
Səbəbi
Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl “Hakimi-Mütləq” olan krallar indi yalnız “bərabərlər arasında birinci” statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı.
Həm də Avropanın həmin əsrlərdə texniki cəhətdən xeyli geridə olduğunu nəzərə alsaq, çoxalan əhalini yedizdirmək üçün torpaqların get-gedə azlıq etdiyini, daxili sarsıntılardan əziyyət çəkən xalqın tez-tez aclıq və xəstəlik nəticəsində dəhşətli surətdə, külli miqdarda qırıldığını təbii qəbul etmək lazım gəlir. Bütün bunlardan əzab çəkən sadə xalqın, çarəni [[|Fələstin|Müqəddəs Torpağ]]a “süd dolu çaylar və baldan axan dənizlər” olan yeri ələ keçirməkdə görməsini anlamaq mümkündür.
Burada digər aspekt də adı çəkilən dövrdə, yüksək zümrə arasında qəhrəmanlıq obrazının, döyüş vaxtı göstərilən rəşadətin, yüksək hünərin bir növ “kişilik simvolu” kimi qəbul edildiyinə görə, əsilzadə sinfinə məxsus hər bir şəxsin bu tip arzularla yaşaması, müharibə fikri ilə alışıb-yanması real qarşılanmalıdır. Həm də düşmən burada konkret deyil, ümumi olaraq götürülürdü. Bütün bunların nəticəsində hər bir xırda hərəkət, kiçicik bir səhv tez-tez qan tökülməsinə, hətta müharibələrə də gətirib çıxarırdı. Məhz bunlara görədir ki, zadəganlar da xalqla bərabər tanımadıqları, heç vaxt görmədikləri Müqəddəs Torpağa gedərək “İsanın qəbrini xilas etməyə” böyük şövq və həvəslə hazırlaşmağa başladılar.
Burada bir məqamı da xatırlatmağına dəyər. Avropanın ticarətlə məşğul olan dairələri Yaxın Şərqdəki mühüm strateji məntəqələri əldə etməkdə maraqlı idilər. Çünki, müsəlman hakimləri yolların idarəsini əlində saxlayır və onlardan xeyli gömrük rüsumu alırdılar. Beləliklə onlar da Səlib yürüşü ideyasını dəstəkləməyə başlamışdılar.
Papanın səlib yürüşlərinə çağırmaq qərarı isə başqa amillərlə izah olunmalıdır. Əvvəldə deyildiyi kimi feodal dağınıqlığı dövründə çoxlu böyük və kiçik müharibələr baş verir, cüzi bir səbəbdən kütləvi surətdə qan tökülmələri və fəlakətlər baş verirdi. Bu səbəbdəndir ki, insanların daşan enerjisini boşaltmaq üçün yeni bir hədəf, yeni bir düşmən göstərilməsi son dərəcə təbiidir. Məhz buna görə də, Papa Avropaya kifayət qədər yaxın və uzaq olan bir ərazi göstərmişdi.
Burada başqa bir səbəbi də qabartmaq mümkündür. İri Avropa ölkələrində yürüşə əsasən feodallar çıxır, onların süzereni olan krallar isə səfərə son dərəcə həvəssiz gedir və ilk imkan ələ düşən kimi geri qayıdırdılar. Belə bir fərziyyə irəli sürmək mümkündür ki, krallar bu müharibələrdə əsasən iri feodalların zəifləməsini və güclərini tamamilə sərf edərək onunla mübarizə apara bilməyəcək hala gəlməsini qarşıya məqsəd qoymuşdular.
Bu da maraqlı bir fakt olaraq ortaya çıxır ki, səlib yürüşlərində əsas rollardan birini oynamış Fransa, bu dövrdən əvvəl dağılmış və parçalanmış bir dövlət olduğu halda, Şərqə doğru ekspansiya bitdikdən az sonra demək olar ki, tamamilə birləşmiş və bütünləşmiş, nəinki öz vassalları, həm də digər Avropa dövlətləri qarşısında qüdrətli və güclü bir krallıq olaraq çıxmışdı.
Başlanması
1095-ci ildə Fransanın Klermon şəhərində papa II Urbanın «müqəddəs torpağın (Qüdsün) kafirlərdən azad edilməsi» çağırışı ilə bütün xristian dövlətlərinin qoşulduğu hərbi kampaniya. Müəyyən fasilələrlə 200 ilə yaxın müddətdə davam etmişdir. Sonradan Şimali Avropa və Fransadakı bütpərəstlərə və katolik kilsəsinə tabe olmayan qüvvələrə (katarlar, qusçular və s.) qarşı həyata keçirilən hərbi yürüşlər də Xaç yürüşləri adlandırılır. Yürüşlərin əsas məqsədi xristianlığı yaymaq və yeni ərazilər işğal etmək idi.
1096-1099-cu illərdə I Xaç yürüşü baş verdi. Səlib yürüşünün başlaması zamanı yaşanan eyforiyanın şahidi olmuş abbat Nojanlı Qvibert vəziyyəti aşağıdakı sözlərlə təsvir edir.
“Klermon şurası bitdikdən sonra Fransanın bütün əyalətlərində onun haqqında böyük xəbər yayıldı. Papanın sözləri haqqında eşidən hamı, öz qonşularını və qohumlarını xəbərdar etməyə yollanırdı və onları Allahın yoluna daxil olmağa səfərə çıxmağa çağırırdı ......Artıq qrafların istəkləri aşıb-daşırdı. Cəngavərlər yalnız yürüş haqda düşünürdü. O zaman kasıblar da bütün əmlaklarını qiymətsiz, demək olar ki, havayı satmağa başladılar, dünən heç hara getmək istəməyənlər, artıq bir gündən sonra digərləri ilə bərabər yola düşürdü.... ....Müharibə və səfər fikri ilə alışıb yanan qocalar, uşaqlar haqda nə demək olar. Hamı müharibəni salamlayır, hamı müqəddəslik arzusundadır .“
Digər cəhətdən, xaçlıları yürüş zamanı görən Bizans imperatorunun qızı, tarixçi Anna Komnin isə müəllifi olduğu “Aleksiada “ kitabında, onların başqa tərəfini təsvir edir .
“Adriatikin o tayında, Herakl sütunlarına ( Cəbbəlütariq boğazı ) qədər yaşayan bütün barbarlar, bütün Qərb bir yerdə Asiyaya köçməyə başladılar. Onlar ailələri ilə gəlirlər və bütün Avropanı keçiblər".
İlk Səlib Yürüşü
Səfərə ilk olaraq müntəzəm ordular deyil, əsasən sıravi xalqdan təşkil edilmiş dəstələr çıxmışdı. Fransanın Amyen şəhərindən olan keşiş Pyerin və cəngavər Valterin rəhbərlik etdiyi bu ordu təxminən 20000 nəfərdən ibarət idi. 1096-cı il may ayında yürüş başladı. Macarıstan və Bizans sərhədindən keçən səlibçilər oktyabr ayında, indiki Türkiyənin İznik şəhəri yaxınlığında səlcuqlar tərəfindən tamamilə darmadağın edildi və bu ordudan çox az sayda adam sağ olaraq geri qaça bildi.
I Səlib Yürüşü
Birinci Səlib yürüşü 1096-cı il oktyabr ayında hərəkətə başladı. İlk səfərdən fərqli olaraq, bu dəfə sadə xalq deyil, cəngavərlər və əsilzadələr müharibəyə getmişdilər. Sayları 110 minə yaxın idi. Orduya Bulonlu Qodfrid, Tuluzalı Raymond və Tarentli Boemund başçılıq edirdilər. Anadoluda səlcuqları məğlub edərək irəliləyən səlibçilər, 10 mart 1098-ci ildə ilk dövlətləri olan Edessa (Urfa) qraflığını qurdular. Belə bir məsələni də qeyd etmək lazımdır ki, xaçlılar bu yürüşdə ermənilərdən böyük bir dəstək alırdılar. Antakyanı mühasirə altına alan səlibçilərin yaxşı müdafiə olunan, mühüm strateji əhəmiyyətə malik bu şəhəri almağa çox cüzi şansları var idi. Lakin, şəhərdə olan Firuz adında bir erməni xəyanətkarlıqla Boemundla danışığa getdi və şəhərina qapılarını xaçlılara açdı.
Səlibçilər Urfa qraflığını yaradarkən də, ermənilərdən böyük bir dəstək almışdılar. Bununla da ermənilər öz mənfur xislətlərini bir daha büruzə vermişdilər. Buradan daha da irəli gedən xaçlılar 15 iyul 1099-cu ildə əsas məqsədləri olan Qüdsü aldılar. Qüdsü alarkən çoxlu sayda dinc sakini öldürən səlibçilər hətta, Məscidi-Aqsa və Qubbətus-Sahra məscidlərində gizlənməyə çalışanlara, həmçinin şəhərdə yaşayan yəhudilərə də rəhm etmədilər. Bu hadisələrin şahidi olan tarixçi Raymond Agilyer işğaldan sonrakı gün Qüdsün mərkəzindən keçərkən hər tərəfi örtən cəsədlərin arasından və küçə boyu axan qanın içindən keçmək məcburiyyətində qaldığını yazmışdı. Bütün Fələstin ərazisini ələ keçirən səlibçilər burada aşağıda adı çəkilən bir neçə dövlət qurdular:
Qüds krallığıAntakya knyazlığıEdessa qraflığıTripoli qraflığı
Sonrakı yürüş
Birinci səlib yürüşündən sonra 1101-ci ildə, qazanılan uğuru inkişaf etdirmək məqsədilə, iki il əvvəl vəfat etmiş olan II Urbanın yerinə Roma Papası seçilən II Paskal yeni bir səlib müharibəsi fikrini ortaya atdı. Bu dəfə ayrı-ayrı əsilzadələrin yaratdığı ordular vahid bir komandanlıq altında deyil, təkbaşına üç müxtəlif ordu şəklində, Anadolu üzərindən Qüdsə yürüş etmək istədilər. Ordu fransızlar, almanlar və italyanlardan ibarət idi. Lakin Qüdsə çatmadan yolda, Anadolu səlcuq sultanı I Qılıc Arslan tərəfindən ayrı-ayrı darmadağın edildilər və bu dəfə planlarını yerinə yetirə bilmədilər.
II Səlib Yürüşü
1145-ci ildə Roma Papası III Yevgeni Avropa hökmdarlarını yeni bir səlib yürüşünə çağırdı. Bu dəfə çağırışa Almaniya kralı III Konrad və Fransa kralı VII Lüdoviq müsbət cavab verdilər. Hər iki kral şəxsən səfərə çıxdı. İlk olaraq Almaniya kralı III Konrad 1147-ci ildə Anadoluya hücum etdi. Ancaq o da səlcuqlar tərəfindən ağır bir məğlubiyyətə uğradıldı. VII Lüdoviq isə ağır itkilər hesabına özünü Antakyaya yetirə bildi. Bundan sonra qələbə qazanmaq mümkün olmadı və İkinci Səlib Yürüşü uğursuzluqla tamamlanmışdı.
Qüdsün Səlahəddin Tərəfindən geri alınması
İkinci xaçlı səfərinin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan müsəlman-türk hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı. Edessa qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti ağırlaşmışdı. Onlar Atabəy Nurəddin Zənginin simasında yeni bir qorxulu düşmən tapmışdılar. Onun ölümündən sonra hakimiyyətə gələn Səlahəddin Əyyubi bu siyasəti davam etdirir və səlibçilərin ətrafındakı mühasirə dairəsi get-gedə daralırdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə, Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi.
III Səlib Yürüşü
Qüdsün itirilməsi xəbəri bütün Avropada şok təsiri oyatdı. Kilsə dərhal hökmdarları səfərə çağırsa da, onlar müxtəlif səbəblər üzündən bunu gecikdirdilər. Nəhayət, Almaniya imperatoru Fridrix Barbarossa 1189-cu ildə səfərə çıxdı. Ancaq imperatorun Qüdsə çatmadan, indiki Mərsin şəhərinin yaxınlığında çayda boğulması ilə başsız qalan ordunun qalıqları güclə Fələstinə gəlib çatdı. 1190-cı ildə isə Fransa kralı II Filipp Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Akkanı 1191-ci ildə ələ keçirdi. Lakin burada baş verən mübahisəyə görə, II Filipp Fələstini tərk edərək Fransaya qayıtdı. Akkada, bəzi məlumatlara görə sayları 900-3000 arasında dəyişən müsəlman əsirini öldürən Riçard nə qədər çalışsa da, Qüdsü ələ keçirə bilmədi və 9 oktyabr 1192-ci ildə Fələstini tərk etdi. Beləliklə Üçüncü səlib yürüşü də nəticəsiz bitmişdi.
IV Səlib Yürüşü
IV Xaç yürüşü isə müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözü ilə baxdıqları pravoslav Bizans İmperiyasına və onun paytaxtı Konstantinopola qarşı yönəlmişdi. 1204-cü ildə səlibçilər Konstantinopolu tutdular və Bizans İmperiyasının torpaqları üzərində Latın İmperiyasını yaratdılar.
Uşaq Səlib Yürüşü
1212-ci ildə Almaniyada uşaqların və yeniyetmələrin qatıldığı yürüşlərdən biri «Uşaqların xaç yürüşü» adlandırılsa da bu yürüş zamanı yola çıxanlar yalnız İtaliyanın Aralıq dənizi sahillərinədək gedə bildilər.
V Səlib Yürüşü
1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi. Səlibçilər 1219-cu ildə Dimyat şəhərini ələ keçirsələr də, uğurun davanı gəlmədi və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində qaldılar.
VI Səlib Yürüşü
1228-ci ildə yeni səfər başladı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı əl-Məlikul-Kamil ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds cəmi on beş il səlibçilərin əlində qaldı. 1244-cü ildə misirlilər şəhərə yenidən sahib çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi.
VII Səlib Yürüşü
Yeddinci Səlib Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara Fransa kralı IX (Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki, hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da əsir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa çatmışdı.
VIII Səlib Yürüşü
1270-ci ildə, dindarlığı ilə seçilən kral IX Lüdoviq yeni bir səlib yürüşünə başladı. Amma bu dəfə marşrut Yaxın Şərq deyil, Tunis seçilmişdi. Gəmilərlə sahilə yan alan kral, şəhəri mühasirəyə aldı. Lakin qəfil baş verən epidemiya nəticəsində kral, onun oğlu və bir çox əsilzadə vəfat etdi. Sağ qalanlar da mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də səlib yürüşləri epopeyası başa çatdı.
Qəti məğlubiyyət
Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Baybars 1265-ci ildə Qeysəriyyə və Arsufu almışdı. Daha sonra Antakyanın üzərinə gedən sultan, 18 may 1268-ci ildə bu şəhəri fəth etdi və səlibçi knyazlığına son vermişdi. Ondan sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə Lazikiyyəni, 1289-cu ildə isə Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan son böyük şəhər olan Akkanı isə, sultanın oğlu əl-Məlikul-Əşrəf iki ildən sonra almışdı. Elə həmin il Sur, Beyrut və Hayfanı fəth edən sultan, beləliklə də xaçlıların hakimiyyətinə tamamilə son vermişdi.
Xaç yürüşlərinin nəticəsi
Nəticə olaraq onu demək olar ki, Səlib yürüşləri ideyasının uğursuzluqla başa çatmasının bir neçə mühüm səbəbi vardır. Birincisi, hətta Fələstin ərazisində də xaçlılar öz köhnə ədavətlərindən əl çəkməmiş, yenə də tez-tez taxt-tac davalarına çıxmış və daxili müharibələrin də ardı-arası kəsilməmişdir. Həm də, bir çox Avropa hökmdarları Səlib Yürüşü fikrindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edərək daha çox öz maraqlarının yerinə yetirilməsinə diqqət ayırmış, Xaçlı səfərlərinə barmaqarası yanaşmışlar. Buna misal olaraq, birinci yürüşdə heç bir kralın iştirak etməməsi, üçüncü səfərdə Fransa kralı II Filippin Qüdsə çatmadan tezliklə qayıtmasını göstərmək olar. Almaniya imperatoru II Fridrix isə yalnız anafema(dindən çıxarılma) qorxusu altında müharibəyə yollanmağa razılıq vermişdi, lakin bu da onu qurtarmadı və Papa IX Qriqori imperatoru katolisizm xaricində elan etdi.
Bundan başqa səlibçilər yerli xalqın dəstəyinə sahib deyildilər. Avropadan kömək üçün tez-tez müxtəlif şəxslər Fələstinə gəlsə də, iqlimin əlverişsiz olması səbəbindən onların bir çoxu tez ölürdü. Həm də avropalılar texniki cəhətdən şərqlilərdən xeyli geri qalırdılar, belə ki, müsəlmanlardan onlara qarşı vahid bir komandanlıq olmadan, tək-tək əmirlər vuruşsa da, səlibçilər yenə də uğur qazanmaqda çətinlik çəkirdilər. Burada bir amildən də bəhs etmək lazımdır. Səlibçilər qarşılarında rəqib kimi yalnız türkləri görürdülər. Təsadüfi deyildir ki, Nurəddin Zəngi, Səlahəddin Əyyubi, I Qılıc Arslan, Bəybars, Kalavun kimi xaçlılara qarşı böyük müvəffəqiyyət qazanmış sultanlar, həmçinin onların müzəffər, qüdrətli orduları da yalnız və yalnız türklərdən ibarət idi. Böyük tarixçi Ravəndi bu həqiqəti belə ifadə edir.
“Ərəbin, əcəmin, rumun torpağında söz haqqı türklərə məxsusdur. Onların qılınclarının qorxusu bütün İslam düşmənlərinin ürəyində möhkəm yaşayır.”
Səlib yürüşü Avropaya bir çox yeniliklər gətirdi. İnsanlar gigiyenaya riayət etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif ədviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada yayılmağa başladı. Adı çəkilən dövrdə Qərbin daxilində də xeyli yeniliklər oldu. Bank sistemi inkişaf etdi, ədəbiyyat yeni mərhələyə trubadurlar sayəsində qədəm qoydu, habelə qeyd etmək lazımdır ki, sonradan Renesans adını alacaq güclü ədəbi hərəkatın məhz həmin dövrdə ilk işartıları görünməyə başlamışdı. İctimai həyatda da mühüm dəyişikliklər yaşandı. Şəhər.lər müstəqillik qazandı, feodal əsarətinə qarşı etiraz səsləri ucalmağa başlamışdı.
Son olaraq onu demək olar ki, Səlib yürüşləri Avropa üçün mühüm ictimai-siyasi həm də mədəni hadisə oldu. Bu, Qərbin yeni ticarət yolları axtarmaqda cəhdlərindən biri idi. Daha sonra onlar bu məqsəd naminə dəniz yollarını inkişaf etdirəcək və başqa qitələrə də gedəcəkdilər. Əgər belə demək mümkündürsə, Xaçlı yürüşləri Qərbin daha sonrakı əsrlərdə aparacağı kolonial müharibələrdən ilki idi. İlk cəhd uğurlu alınmadı, lakin bu proses davam etdirildi və nəticədə, Avropa inkişaf yoluna qədəm qoyaraq başqa regionları geridə qoydu.
Şərqdə isə, Səlib yürüşləri demək olar ki təsirsiz olmuşdu. Bu vaxtlar orada hakim dairələri daha çox daxili problemlər düşündürürdü. Avropadan axıb gələn səlibçilər onlarda heç bir qorxu hissi oyatmamışdı. Xatırlatdığımız kimi, xaçlılarla əsasən yerli əmirlər mübarizə aparırdı. İctimai həyata bu müharibələr heç bir təsir göstərməmişdi.
Xaç yürüşləri nəticəsində yaxın şərqdə bir neçə xristian dövləti yarandı. Bunlar Qüds krallığı (1099-1291), Antioxiya knyazlığı (1098-1268), Tripoli (?-1291) və Edessa qraflıqları (1098-1146) idi.
Adı | Tarix | Nəticə |
I Xaç Yürüşü | (1096-1099) | Şərqdə xristian dövlətləri yarandı. |
II Xaç Yürüşü | (1147-1149) | Alman səlibçiləri səlcuqlar tərəfindən darmadağın edildi. Fransız cəngavərlərinin Dəməşqi ələ keçirmək istəyi baş tutmadı. |
III Xaç Yürüşü | (1189-1192) | Akra şəhəri işğal olundu və Qüds krallığının paytaxtına çevrildi. |
IV Xaç Yürüşü | (1202-1204) | Konstantinopol işğal olundu və Bizans İmperiyası süqut etdi. Onun yerinə Latın İmperiyası yaradıldı. |
V Xaç Yürüşü | (1217-1221) | Alman, ingilis, holland və macar cəngavərləri Misir sərhəddində olan Damyetta qalasını tuta bildilər. Lakin sonra daxili çəkişmələr hərbi uğursuzluğa səbəb oldu. |
VI Xaç Yürüşü | (1228-1229) | Alman imperatoru II Fridrix Misir sultanı ilə müqavilə bağladı. Buna görə o Qüdsü və Fələstinin bir sıra şəhərlərini ələ keçirdi. Lakin 1244-cü ildə müsəlmanlar Qüdsü geri qaytardılar. |
VII Xaç Yürüşü | (1248-1254) | Fransa kralı IX Lüdovikin başçılıq etdiyi səfər Misirə yönəldilmişdi lakin tam uğursuzluqla başa çatdı. |
VIII Xaç Yürüşü | (1270) | IX Lüdovikin başçılıq etdiyi səfər bu dəfə Tunisə yönəldilmişdi. Sahilə çıxdıqdan az sonra ordu arasında xəstəlik yayıldı. Kral özü də xəs |