İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento — «Yenidən doğulma») — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır.
Xüsusiyyətləri
İntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin yeni, «dünyəvi», mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Antik mədəniyyətə maraq yaranır, sanki onun «yenidən doğulması», «dirçəlişi» baş verir. Elə burdan da “dirçəliş” termini yaranıb. Daha dəqiq, İntibah — yenidən doğulan klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir proses idi.
Bu yeni mədəni münasibət Avropa cəmiyyətində baş vermiş köklü dəyişikliklər nəticəsində mümkün olmuşdur. Şəhərlərin böyüməsi feodal münasibətlərdə iştirak etməyən usta və sənətkarların, tacirlərin, bankirlərin cəmiyyətdə baş verən proseslərin gedişinə təsirini artırmışdır. Nəticədə insanın şəxsiyyəti, azadlığı, cəmiyyət quruculuğunun qiymətləndirmə kriteriyası və ən yüksək dəyər sayılan fəal insan yaradıcılığını əsas sayan yeni fəlsəfi istiqamətin — humanizmin meydana gəlməsinə şərait yaranmışdır.
Şəhərlərdə kilsənin təsiri altında olmayan mütərəqqi elmi və incəsənət mərkəzləri açılır. Yeni dünya görüşü antik dövrə müraciət edir. Burada o humanizmin dəyərlərini görür. XV əsrin ortalarında kitab çapının ixtirası antik dövrdən qalan biliklərin Avropada sürətlə yayılmasına təkan verir.
Fransa, Almaniya və digər Avropa ölkələrində İntibah daha gec başlamışdır. XV əsrin sonunda o, özünün ən yüksək pilləsinə qədəm qoymuşdur. XVI əsrdə İntibah dövrü ideyaları böhran keçirməyə başladı. Bundan sonra Avropa mədəniyyətində manyerizm və barokko cərəyanları ortaya çıxdı.
Mənşəyi
Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Florensiyadan, Dante Aligyeri (1265-1321) və Françesko Petrarkanın (1304-1374) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. Bunu izah etmək üçün müxtəlif versiyalar irəli sürülür.
Yunan və ərəb elmi biliklərindən istifadə
İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən «kəşf edilməsi» və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi oynamışdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur.
İtaliyada sosial-siyasi quruluş
İtaliyada son Orta əsrlərdəki siyasi vəziyyət belə bir fərziyyə ortaya çıxarıb ki, guya ölkədəki özünəməxsus sosial ab-hava nadir mədəni tərəqqiyə səbəb olub. İlkin müasir dövrlərdə İtaliya vahid siyasi quruluşa malik deyildi. O bir sıra xırda dövlətlərə parçalanmışdı. Neapol krallığı ölkənin cənubunu, Florensiya Respublikası və Papa vilayəti mərkəzini, Genuya Respublikası və Milan Hersoqluğu şimalını və qərbini, Venesiya Respublikası isə şərqini idarə edirdilər.
İtaliya bu dövrdə özünün dəniz ticarətində xüsusi yer tutan dövlətləri ilə, o cümlədən Florensiya və Venesiya Respublikaları ilə məşhur idi. Bu dövlətlərdə mövcud olan indiki demokratik sistemə bənzər quruluş və müəyyən siyasi sərbəstlik müxtəlif sahələrdə inkişafa yardımçı olurdu. Bu səbəbdən Venesiya kimi iri ticarət mərkəzlərindəki vəziyyət onları Avropanın intellektual mərkəzlərinə çevirmişdi.
Tacirlər dünyanın müxtəlif yerlərindən, xüsusilə Levantdan (Yaxın Şərq bölgəsinə verilən ad) yeni ideyalar, elmi biliklər, yazılı mənbələr gətirirdilər. Venesiya şərqlə ticarətdə Avropanın qapıları rolunu oynayır, həm də şüşə istehsalçısı kimi tanınırdısa, Florensiya ipək və cəvahirat mərkəzi hesab olunurdu. Bu var-dövlət müxtəlif ictimai və şəxsi mədəni layihələrin həyata keçirilməsinə şərait yaradır və vətəndaşların təhsil alma imkanlarını artırırdı.
Qara ölüm — İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və «Qara ölüm» adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Yerdəki həyata, ruhlar dünyası və ölümdənsonrakı həyatdan daha çox qiymət verməyə başladılar.
Eyni zamanda iddia edilir ki, «Qara ölüm» dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. «Qara ölüm» pandemiya idi və yalnız İtaliyanı yox, bütün Avropanı bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir.