Əmir Teymur 1336-cı ildə Türküstanın Kiş şəhərinin Yaşılşəhər qəsəbəsində anadan olmuşdu. Çağatayların türkləşmiş Barlas tayfasının Gürgan qolundan idi (Gürgan gözəl deməkdir). Teymur 20 yaşında Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanına hərbi işi öyrənməyə gəlir. O, hərbi yürüşlərdə Əmir Qazanın etimadını qazanır. 1356-cı ildə Xorasana hərbi yürüş zamanı Teymur düşmənin məğlub edilməsində fərqlənir, qiymətli hədiyyələrlə mükafatlanır. Əmir Qazan öləndən sonra hakimiyyətə oğlu Hüseyn gəlir və o, düşmənlərinə qarşı Teymurla ittifaqa girir. Teymur onun bacısı ilə evlənir. Teymur eyni zamanda Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girir və Qaşqadərya vadisini idarə edir. Teymur və Toğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu
Teymurləng, Avropada isə
Tamerlan adlandırdılar.
Teymur və qayını Hüseynin ordusu 1365-ci ildə Toğluq Teymur tərəfindən məğlub edildi. Toğluq Səmərqənd üzərinə yeridi. Həmin il Səmərqənddə
sərbədarilər hərəkatı (farsca «dara çəkilənlər» deməkdir), yəni İran və Mərkəzi Asiyada monqol əsarətinə qarşı xalq azadlıq hərəkatı baş verdi. Onlar əsasən Səmərqənd sənətkarlarından ibarət idi. Sərbədarilər qrupuna Əbubəkr Kələvi, mədrəsə tələbələri Mövlanzadə və Xurdaq, Buxari başçılıq edirdilər. Onlar Səmərqəndin müdafiəsini təşkil etdilər, xalqı silahlandırdılar. Toğluq Teymurun qoşunu Səmərqəndə girdi, lakin məğlub edildi. Üsyançılar bütün Səmərqənd vilayətində hakim oldular. Teymur ilə Hüseyn 1366-cı ildə özlərini üsyançıların tərəfdarı kimi göstərdilər, sonra isə üsyançılara divan tutdular (1366).
Teymurilər dövlətinin yaranması
Teymurla Hüseyn arasında mübarizədə 1370-ci ildə Teymur qələbə çaldı.Teymur sərkərdələrin qurultayında «Əmir» titulunu qəbul edir,Teymurilər dövlətinin əsasını qoydu. Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yatırmağa çalışırdı. Teymur köçəri monqol əyanlarının etimadını doğrultmaq üçün işğalları genişləndirdi.
Teymur bütün Mərkəzi Asiyanı işğal etdi. 1388-ci ildə Urgənc dağıdıldı. Teymur digər qüdrətli rəqibi Qızıl Ordunu üç böyük yürüşdə (1389, 1391) məğlub etdi.
1380-1404-cü illərdə İran, Azərbaycan, Qafqaz, İraq, Suriya, Kiçik Asiya Teymurilər dövlətinə qatıldı. Sənətkarlar Səmərqəndə köçürüldü. İspaniya elçisi Klavixo Səmərqənddə 150 min sənətkar ailəsi olmasını söyləmişdi. Əmir Teymur Fransa kralı VI Karla (1368-1422) yazdığı məktubunda göstərirdi ki, «Dünya tacirlərin fəaliyyəti sayəsində şən və firavan olur». Teymur siyasətini həyata keçirmək üçün nüfuzlu ruhanilərdən də istifadə edirdi.
Əmir Teymur Hindistanın sərvətini və münbit torpaqlarını ələ keçirmək üçün bu ölkəyə hücum etdi. O, 1398-ci ildə Sultan Mahmudu məğlub edib Dehlini tutdu. 1399-cu ildə Teymur Səmərqəndə qayıtdı və bu münasibətlə bayram edildi.
Bundan sonra əsas rəqibi Osmanlı dövlətinə qarşı müharibəyə hazırlaşdı. Osmanlı sultanı İldırım Bayazidə məktub yazıb tabe olmasını tələb etdi. Sultan ona təhqiredici cavab məktubu yazdı.
1402-ci il iyulun 28-də Kiçik Asiyada Ankara düzənliyində onlar arasında döyüş baş verdi. Əmir Teymur döyüşdə fillərdən istifadə etməsi sayəsində qələbə çaldı və İldırım Bayazidi əsir aldı. O, İzmirə qədər irəlilədi. Bu döyüş Osmanlıları xeyli zəiflətdi və onların Avropanın içərilərinə doğru irəliləməsini ləngitdi.
Beləliklə, XIV əsrin sonu — XV əsrin əvvəllərində şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edən Teymuri imperatorluğu yaradıldı. Əmir Teymur imperiyasını genişləndirmək üçün Çinə yürüşə hazırlaşırdı. Bu yürüş ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi.
Teymuri imperatorluğunun parçalanması
Əmir Teymur hələ sağlığında yaratdığı dövləti öz oğlanları və nəvələri arasında bölmüşdü. Xorasan, Gürcan, Mazandaran və Sistan mərkəzi Herat olmaqla Şahruha (1409-1447); Qərbi İran, Azərbaycan, İraq və Gürcüstan mərkəzi Təbriz olmaqla Miranşaha; Cənubi İran, Mərkəzi Asiya mərkəzi Şiraz olmaqla Ömər Şeyxə; Əfqamstan və Şimali Hindistan mərkəzi Qəznə olmaqla Pir Məhəmmədə verilmişdi. Teymuri dövləti mərkəzləşmiş dövlət deyildi. O, inzibati cəhətdən uluslara bölünmüşdü. Ulusların bir qismi tümənlərə çevrilmişdi, əmirlərə tümən rəisi titulu verilmişdi. Onlar müəyyən qədər əsgər verir, vergilərin yığılması və mükəlləfiyyətlərin yerinə yetirilməsinə nəzarət edirdilər. Divan əmrlərin yerinə yetirilməsinə, maliyyə və hərbi işlərə baxırdı. Çingiz xandan fərqli olaraq, Teymur müəyyən iqtisadi məqsədlər də güdürdü. O, sənətkarlığın, ticarətin inkişafına diqqət yetirirdi. Onun səyləri nəticəsində Səmərqənd dünyada ən böyük ticarət, sənətkarlıq və mədəni mərkəzlərdən birinə çevirmişdi.
Əmir Teymurun ölümündən sonra daxili çəkişmələr, varislər arasında hakimiyyət uğrunda mübarizə Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi. Əmir Teymur ölərkən iki oğlu — Miranşah və Şahruh sağ idilər. Lakin o, nəvəsi Pir Məhəmməd Mirzəni vəliəhd elan etmişdi. Pir Məhəmməd babasının sağlığında Əfqanıstan və Hindistanı idarə edirdi. O, babasının hüzr yerinə gecikdiyinə görə əyanlar Miranşahın oğlunu hökmdar elan etmişdilər. Şahruh bundan narazı qalmışdı. Pir Məhəmməd qoşun toplayıb Səmərqəndə hücum etsə də, məğlubiyyətə uğramışdı. Teymurun digər nəvəsi Xəlil Mirzə onu geri oturtmuşdu.
Teymurun oğlu Şahruh dövlətin paytaxtını Herata köçürdü. Xorasanı özü idarə etdi. Oğlu Uluqbəyi Mavəraənnəhrə vali təyin etdi (1446-1444). Atasından fərqli olaraq, Şahruh yeni işğallardan imtina etdi. Dövlətin idarə edilməsində İran məmurlarına və ruhanilərə arxalandı. Onun ölümündən sonra hakimiyyət Uluqbəyə (1447-1449) keçdi. Lakin o, oğlu tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yaranmış Şeybanilər dövləti ilə Teymurilər arasında mübarizə başladı. 1469-cu ildə Şeybanilər Buxara və Səmərqəndi tutdular. Teymurilərin əlində ancaq Xorasan qaldı. 1470-ci ildə hakimiyyətə keçən Hüseyn Baykara Mavəraənnəhri və Xarəzmi Şeybanilərdən aldı. Lakin 1505-ci ildə onun ölümündən sonra Şeybanilərin hücumları gücləndi. 1507-ci ildə Məhəmməd Şeybani xan Xorasanı tutdu və Teymurilər dövlətinin varlığına son qoydu.