Lüterin «cənnət qəbzi» alverinə qarşı çıxması xəbəri 4 həftə müddətində bütün xristian aləminə yayıldı. İmperator V Karl reformasiyanın Almaniyada yayılmasının qarşısını almağa çalışdı. Qərara alındı ki, reformasiya yarandığı ərazidən kənara yayılmasın. 1524-cü ildə bu qərara qarşı beş knyazlıq və 14 şəhər protest (etiraz) etdi. Bu vaxtdan Lüterin tərəfdarlarını protestant, yeni kilsə isə protestant kilsəsi adlandı.
Şimali Almaniyada imperator V Karl və protestantlar arasında müharibə başlandı. V Karl hakimiyyətdən getdi. 1555-ci ildə Ausburq şəhərində protestant knyazlarla, katolik knyazlar arasında saziş imzalandı. Sazişə əsasən, protestantların etiqad azadlığı tanındı. Bu din azadlığı yalnız knyazlara aid idi.
Kalvin kilsəsi. İsveçrənin Cenevrə şəhərində protestant kilsəsinin başçısı fransız Jan Kalvin idi. O, 1536-cı ildə Fransadan Cenevrəyə gəlmiş və burada kalvin kilsəsinin əsasını qoymuşdu. Kalvinə görə, bu həyatda kimin işi uğurlu olursa, varlanırsa, demək o, «seçilmiş adamdır». Əgər insan ziyana düşürsə, işləri uğursuz olursa, demək, Allah belə buyurub. Kalvinin tərəfdarlarına kalvinist, məzhəbinə kalvinizm, onun əsasını qoyduğu kilsəyə isə kalvin kilsəsi deyirdilər. Kalvin kilsəsi Avropanın İsveçrə, Hollandiya (Niderland) və Fransa ölkələrində yayılmışdı. Kalvin hamını var-dövlət yığmağa çağırır, müstəmləkəçiliyi doğruldurdu. Kalvinçilik etiqadını Avropa burjuaziyası qəbul etdi. Katolik kilsəsinin reformasiyaya qarşı mübarizəsi. Reformasiya katolik kilsəsinin əsaslarını sarsıtdı. Bu isə kilsənin reformasiya üzərinə hücumuna səbəb oldu.Roma papası 1540-cı ildə reformasiyaya qarşı mübarizə məqsədilə «İsa cəmiyyəti» və ya «yezuitlər ordeni» yaratdı. Bu ordenin banisi İspan zadəganı İqnatiy Loyola idi. Yezuitlər ordeni hərbi qaydada təşkil olunurdu. Ordenin başçısı birbaşa Roma papasına tabe idi. Onlar Roma papasının iradəsini yerinə yetirirdi. Cənubi Almaniya knyazları, Almaniya imperatorları, İspaniya və Polşa kralları Roma papasına kömək edirdilər. Polşa və İtaliyada katolik kilsəsində uzun müddət islahat keçirilmədi. Bunun səbəbi burada reformasiyanın uzun müddət boğulması idi. Kilsədən üz döndərənləri - bidətçiləri (dönükləri) tonqalda yandırırdılar. Bu məqsədlə 1542-ci ildə Papa xüsusi inkvizisiya məhkəməsi yaratdı. Burada tonqalda yandırılma autodafe (etiqad işi) adlanırdı. Kilsəyə qarşı yazılmış kitablar qadağan olunurdu. 1572-ci ildə katoliklər protestantları kralın bacısının toyuna dəvət etdilər. Protestantlar yaşayan binaların divarlarına tabaşirlə ağ xaç vurdular. Avqustun 23-də, yəni Varfolomey gecəsi katoliklər protestantları qırmağa başladılar. İki həftədə 30 min protestant qırdılar. Düşmənə qəddarcasına, amansız divan tutulması Varfolomey gecəsi adlanır. Varfolomey gecəsini təşkil etməkdə məqsəd protestantlığı ləğv etmək, reformasiyanı yatırmaq idi.
Lakin son nəticədə Fransada protestantların hüquqları tanındı.Frnasada din müharibələrinin axırında Henrix Navarralı qələbə çaldı.