Sənaye və ticarətin inkişafı. Fransanın birləşdirilməsi XVI əsrin əvvəllərində başa çatmışdı. Sənaye və ticarət inkişaf edirdi. Burada 15 milyon əhali yaşayırdı. Fransa Avropada ən böyük dövlət idi, ölkədə kapitalist istehsalı inkişaf edirdi.
Coğrafi kəşflərdən sonra ticarət yollarının Atlantik okeanına keçməsi ilə əlaqədar Fransanın qərbindəki limanların rolu artdı. Paris, Bordo, Marsel kimi şəhərlərin əhəmiyyəti çoxaldı. Fransada manufakturalar yaradılırdı. Manufakturalarda ipək parça, kətan, bəzək əşyaları, tüfəng, top və s. istehsal edilirdi.
Burjuaziyanın sərvətinin artması. Şəhər varlıları zadəgan olmağa çalışırdılar. Çünki ruhani və zadəganlardan vergi alınmırdı. Kral bütün vəzifələri satırdı. Şəhər varlıları isə həmin vəzifələri alırdı. Varlılar bütöv vilayətin vergisini bir yerdən krala verir, kral isə onlara vergi toplamaq üçün iltizam hüququ verirdi. Elə buna görə də, Fransada burjuaziya kralı müdafiə edirdi. Varlılar krala sələminə pul verir, çoxlu qazanc əldə edirdilər. Beləliklə, Fransa burjuaziyası aşağıdakı yollarla varlanırdı: 1) borc faiz; 2) iltizam hüququ əldə etmək; 3) mənfəətli vəzifələr tutmaq yolu ilə. XVI əsrin II yarısında Fransada feodal əyanları arasında müharibə başlandı və 30 il davam etdi. Bu müharibə protestant və katoliklər arasında gedən dini müharibə idi. Muzdlu qoşun və zadəganlar ölkəni çapıb talayırdılar. Vergilər artırılırdı. Bu da kəndlilərin üsyanına səbəb oldu. Xalq zadəganlara, iltizamçılara, məmurlara qarşı üsyana qalxdı. Xalq iltizamçıları, zadəganları və məmurları krokanlar, yəni gəmiricilər adlandırırdı. Elə buna görə də bu üsyan Krokanlar üsyanı adlanırdı. Feodallar öz aralarında olan müharibəni dayandırdılar və üsyanı məğlub etdilər. Zadəganlar və burjuaziya kral hakimiyyətini müdafiə edirdilər. Fransanı XIII Lüdoviqin birinci naziri və katolik kilsəsinin başçısı Rişelye (1624-1642) idarə edirdi. O, mərkəzi hakimiyyətə qarşı çıxan adlı-sanlı adamları aradan götürür, onlara divan tuturdu. Krala qarşı çıxan və qəsrlərdə gizlənən feodalların qəsrini xarabaya çevirirdi. Feodallar, hətta kralın anası, arvadı, qardaşı ona qarşı qəsd təşkil etdilər. Rişelye daha qətiyyətlə çıxış etdi. Zadəganlar arasında duel (zadəganların təkbətək vuruşması) qadağan olundu. Rişelye Fransada feodal əyanlarının müqavimətini qırıb onları mərkəzi hakimiyyətə tabe etdi və hakimiyyəti möhkəmləndirdi. XVII əsrin II yarısında qeyri-məhdud və ya mütləq monarxiya, mütləqiyyət qəti olaraq möhkəmləndi. Hakimiyyət kralın əlində cəmləndi. Kral qeyri-məhdud hakimiyyətə malik idi. Mərkəzləşmiş vahid feodal dövləti - XIV Lüdoviqin (1643-1715) kral hakimiyyəti özünün ən qüdrətli dövrünə qədəm qoydu. XIV Lüdoviq deyirdi: «Təəbələrin hüququ yoxdur, onların vəzifələri var». Yeni qanunun təsdiq olunması üçün kralın «mənim iradəm belədir» deməsi kifayət idi. XIV Lüdoviq deyirdi: «Dövlət mənəm». Məmurlar kralın iradəsini sözsüz yerinə yetirməli idilər. XIV Lüdoviq ali ruhanilərə öz imzası olan möhürlü və ağ kağız verirdi. Bu kağıza istənilən adamın adını yazıb kralın əmri ilə onu həbs etmək olardı. Kral istədiyi vaxt yeni vergilər qoyurdu. Heç kim kralın xərclədiyi pula nəzarət etmirdi.
Kral sarayı Parisdən 18 km aralı olan Versal sarayına köçürülmüşdü. Avropa ölkələrinin digər hökmdarları öz saraylarını Versal sarayına bənzətmək istəyirdilər. Saray yaltaqları XIV Lüdoviqi «Günəş kral» adlandırırdılar. Feodal əyanları əvvəllər kəndlilərdən aldıqları töycü hesabına yaşayırdılar. Bu onlara azlıq etdi. Onlar Parisə gəlir və kral sarayında vəzifəyə düzəlməyə çalışırdılar. Kral sarayında çoxlu vəzifələr yaranırdı. Kralın əsasım, qalstukunu, ayaqqabısını və s. saxlayan ayn-ayrı adamlar çoxlu məvacib və hədiyyələr alırdılar. XIV Lüdovikin 500 min əsgəri var idi. Ordu zadəganların əsas gəlir mənbəyi sayılırdı. Fransa ara vermədən müharibə aparırdı. Ordu əslində zadəganları saxlamaq üçün vasitə idi. Zadəganlar vergi vermir, sarayda xidmət edir, orduda zabit olurdular. Bütün bunlara çəkilən xərclər kəndlilərin, sənətkarların, şəhər burjuaziyasının və tacirlərin üzərinə düşürdü. Həmçinin bax: Fransa XI-XV əsrlərdəRişelyenin mütləqiyyəti möhkəmləndirməsi