Kapitalist sənayesi. Manufaktura istehsalı. Qoyunçuluqla məşğul olmaq və mahud parça toxumaq ingilislərin çoxdankı məşğuliyyəti idi. Krallığın ən qiymətli məhsulu mahud idi. Mahud ustalarının hər birinin emalatxanası var idi. Burada usta, onun köməkçisi və şagirdləri yun əyirmək, toxumaq və mahud hazırlamaqla məşğul olurdular.
XVI əsrdə mahud istehsalı kəndlərdə də yayılırdı. Varlı adamlar yunu və dəzgahı kəndlilərə verir, kəndli istehsal etdiyi mahudu ancaq ona qaytarırdı. Varlı adamlar ustaları kənddə bir emalatxanaya toplayırdılar. Beləliklə, usta kəndlilər indi varlı adamların düzəltdiyi emalatxanada muzdla işləyirdi. Emalatxanın sahibinə kapitalist, işçiyə isə muzdlu fəhlə deyilirdi. Bu cür emalatxanalar kapitalist manufakturası adlanırdı. Sənətkarlar manufakturalarda işləməyə başladılar. Yoxsullar, şagirdlər və usta köməkçiləri manufakturada muzdlu fəhləyə çevrildilər.
Əsasən əl əməyindən istifadə edən müəssisələr manufaktura adlanır. Manufakturada əmək bölgüsü var idi. Əmək məhsuldarlığı yüksək idi. Manufaktura sahibləri, tacirlər, bütün dövlət adamları muzdlu fəhlələrin əməyi hesabına varlanan burjuaziyaya çevrildilər. Burjuaziyanın pulu, müəssisəsi, malı var idi. Muzdlu fəhlələr şəxsən azad idilər. Manufaktura əl əməyinə, fəhlələr arasında əmək bölgüsünə, muzdlu əməyə əsaslanan iri kapitalist müəssisəsi idi. Manufaktura emalatxanadan onunla fərq bu idi ki, manufaktura sahibi işləmir, ancaq manufakturanı idarə edirdi. Emalatxana sahibi isə işləyirdi. Manufakturanın meydana gəlməsi ilə yanaşı, iki yeni sinif,- yəni burjuaziya və muzdlu fəhlə sinifləri də yarandı.
Çəpərləmələr. İngiltərədə torpaq sahibləri icmanın istifadə etmədiyi torpaqları qoyun otarmaq üçün çəpərlədilər. Torpaq sahibləri kəndlilər üzərində imtiyazlarından istifadə edirdilər. Kəndlilərin torpaqlarından zorakılıqla qovulması çəpərləmə adlanır. Qovulmuş kəndlilər öz əmlakmı, yəni əmək alətini, evini və torpağını itirirdi.
«Qoyunlar adamları yeyir» ifadəsi bu dövrdə yaranmışdı. XVI əsrdə İngiltərədə çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdı. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idi.
İngiltərədə zadəganlar iki qrupa bölünürdü. Birinci qrup zadəganlar təsərrüfatlarını köhnə qaydada aparır, kəndlilərdən töycü alır, artıq məhsulu bazarda satırdılar. İkinci qrupa daxil olan yeni zadəganlar təsərrüfatını yeni qaydada quran, muzdlu əməkdən istifadə edən torpaq sahibləri idi. İngiltərədə icarədarlar fermerlər idi. Fermerlər də muzdlu fəhlələrdən istifadə edirdilər.
XVI əsrdə çəpərləmə nəticəsində minlərlə kəndli torpaqdan, əmək alətindən, evindən məhrum oldu və işsiz qaldı. Onlar dilənçi və səfil həyat tərzi keçirməyə başladılar. Londonda yaşayan 200 min adamın 50 mini avara və dilənçi idi. XVI əsr ərzində İngiltərə kralları dəfələrlə çəpərləmələrin dayandırılması, kəndlilərin öz yerinə qaytarılması haqqında qanunlar verdi. Lakin çəpərləmələr davam edirdi. Hökumət avara və dilənçilərə qarşı qanunlar verdi. Bu qanunlar o qədər sərt idi ki, onları
«qanlı qanunlar» adlandırırdılar. Avara adam birinci dəfə tutulanda bədənindən qan çıxana qədər döyürdülər. İkinci dəfə tutulanda onu qamçılayır və qulağının bir hissəsini kəsirdilər. Üçüncü dəfə ələ keçən avaranı ölüm cəzası gözləyirdi. Amansız qanlı qanun verməklə hökumət XVI əsrin birinci yarısında İngiltərədə var-yoxdan çıxmış kəndliləri aşağı muzdla işləməyə məcbur edirdilər. Bu dövrdə İngiltərədə səfil və dilənçi həyat tərzi keçirən 70 min adam asmışdılar. Bu yolla hökumət onları zorla muzdlu fəhləyə çevirirdi.
Robert Ketin başçılığı ilə üsyan. 1549-cu ildə çəpərləməyə qarşı İngiltərənin şərqində — Norfolk qraflığında xırda mülkədar Robert Ketin başçılığı ilə kəndli üsyanı başladı. Kəndlilər qraflığın paytaxtı Norviç şəhəri yaxınlığındakı meşədə məskən saldılar. Şəhərlilər də onlara qoşuldular. Üsyançılar Norviç şəhərini ələ keçirdilər. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar. Onlar çəpərləmələrin dayandırılmasını, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirdilər. Lakin kəndlilərin bu tələbi qəbul edilmədi. Üsyan məğlub oldu. Robert Ket edam olundu. Çəpərləmə davam etdi.