XV-XVI əsrlərdə texniki kəşflər və ixtiralar

XV-XVI əsrlərdə texniki kəşflər və ixtiralar

Yeni su mühərrikləri. Metallurgiyanın inkişafı. Zaman keçdikcə kəndlilər və sənətkarlar əmək alətini təkmilləşdirirdilər. Bu isə XV-XVI əsrlərdə texnikanın inkişafına təkan verdi. Qədim dövrdən bəri aşağıdan fırladılan çarxlardan istifadə edilirdi. Təcrübənin artması nəticəsində aşağıdan fırladılan çarxları əvəz edən yuxarıdan fırladılan çarx ixtira edildi: belə çarxlar bir ton ağırlığında çəkici endirib qaldıra bilirdi. Yuxarıdan fırladılan çarxdan metal emalında, kağız istehsalında, mədən işlərində istifadə edilirdi. Filiz istehsalının çoxalması XIV əsrdə domna sobalarının (metal əridilən iri soba) tikilməsinə səbəb oldu.  


Domna sobalarının hündürlüyü 3-4 m olurdu. Su çarxı körüklərə bərkidilir, körüklər havanı filizlə dolu olan sobaya üfürürdü. Donma sobalarından istifadə nəticəsində filizdən çuqun, çuqundan dəmir, dəmirdən polad alırdılar. Su mühərriklərindən istifadə edilməsi çuqun və dəmir istehsalını çoxaltmağa imkan verdi. Bu isə əmək alətlərinin təkmilləşməsinə və odlu silahın ixtira olunmasına şərait yaratdı. XVI əsrdə həm ağır, həm də yüngül toplar, tapançalar, ağır tüfənglər (muşketlər) meydana gəldi.

Odlu silahın ixtirası hərbi işdə dönüş yaratdı. Feodal süvari qoşunu öz yerini odlu silahla silahlanmış muzdlu orduya verdi. Cəngavərlərin dəmir geyimi güllə ilə deşilir, qəsrlər topla dağıdılırdı. Beləliklə, texnika sahəsində yeniliklər feodalizm cəmiyyətinin iqtisadi və hərbi qüdrətini sarsıtdı.

Dənizçiliyin və gəmiqayırmanın inkişafı avropalıların uzaq dəniz səyahətlərinə çıxmalarını reallaşdırdı. Əvvəllər insanlar dəniz sahillərindən uzağa üzə bilmirdilər. Çünki nə düzgün xəritə, nə dəniz cihazı, nə kompas, nə də mükəmməl gəmilər var idi. Açıq dənizdə istiqaməti ancaq ulduzlara görə müəyyən edirdilər. XV-XVI əsrlərdə kompas, dəqiq xəritə, dəniz cihazları ixtira edildi. XV əsrdə karavellalar ixtira olundu. Bu gəmi yelkənli, yüngül, tutumlu idi. Onun düz və çəpəki yelkəni var idi, istənilən istiqamətdə üzə bilirdi.

Kitab çapı. Avropada müəllim, tələbə və şəhərlilərin kitaba ehtiyacı artırdı, əl ilə yazılan kitablar az və baha idi, təlabatı ödəmirdi. Hərfləri ağac və dəmir lövhə üzərində oyub basma üsulu ilə də çap edirdilər. XV əsrin ortalarında alman İohan Quttenberq kitab çapı üsulunu kəşf etdi. O, metaldan hərf tökmək üsulunu tapdı. Hərflər yığılmış sətirlərdən səhifələr düzəldilirdi. Sonra kağıza köçürülürdü. Quttenberq çap dəzgahı da ixtira etmişdi. Təxminən 1445-ci ildə Quttenberq ilk çap kitabını buraxdı. Bu «Bibliya» kitabı idi. Kitab çapı sürətlə artırdı. Kitab çapından 50 il sonra Avropada 1100 mətbəə var idi. Kitab nəsillərin əldə etdiyi nailiyyətləri nəsildən-nəslə ötürür. Kitab çapının ixtirası bəşər tarixində ən böyük kəşflərdən biri idi. O, maarifin, elmin, ədəbiyyatın inkişafına böyük təkan verdi.

Domnalarda metal əridilməsi ilə əlaqədar daş kömürə tələbat artdı və kömür istehsalı çoxaldı. Daş kömür şaxtalarında, filiz mədənlərində su mühərriklərindən istifadə olunurdu.

Top