Kiyev Rus dövləti.Ruslar və monqollar

Kiyev Rus dövləti.Ruslar və monqollar

Kiyev dövlətinin knyazlıqlara parçalanması. Kiyev Rus dövləti IX əsrin ikinci yarısında yaranmışdı. XI əsrin axırları - XII əsrin əvvəllərində Kiyev dövləti geniş ərazini əhatə edirdi. Lakin möhkəm deyildi. Kiyev knyazlığından varlı və güclü knyazlıqlar meydana gəlmişdi. Natural təsərrüfatın yaranması və feodalların iqtisadi müstəqilliyə can atması, yerli boyar və knyazların siyasi hakimiyyətinin güclənməsi, şəhərlərin siyasi və mədəniyyət mərkəzi kimi meydana gəlməsi feodal dağınıqlığına səbəb oldu.

Knyazlar hakimiyyətlərini möhkəmləndirmək üçün 1097-ci ildə Lübeçdə yığıncaq keçirdilər və qərara aldılar ki, «hər kəs öz votçinasını qorusun». Beləliklə, Kiyev Rus dövlətinin ayrı-ayrı knyazlıqlara parçalanması rəsmiləşdirildi və Rostov, Suzdal, Pereyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minsk knyazlıqları, Novqorod və Pskov feodal respublikaları meydana gəldi. Qüvvətli knyazlar Kiyevə qarşı çıxdılar, feodal ara müharibələri başlandı. Feodallıqlara parçalanma knyazlar arasında narazılığı və ədavəti daha da dərinləşdirdi. Knyazlıqlar kiçik udellərə, yəni kiçik hissələrə parçalandı. Knyazlıqlarda irsi torpaq sahibliyi Votçina adlanırdı. Bu torpaqlar atadan oğula keçirdi. Pomestye knyazların kiçik xidmətçilərinə onların xidmətinə görə kəndli ilə birlikdə müvəqqəti verdiyi torpaq sahəsi idi.

Киевская Русь,Kiyev Rus dövləti

Novqorod boyar respublikası. Novqorod torpaqları mərkəzi hakimiyyəti tanımaqdan imtina edən və onunla əlaqəni açıqdan-açığa kəsən ilk knyazlıqlardan biri idi. Mənbələrdə Novqorod «üç dəniz» limanı adlandırılırdı. Əhali əsasən əkinçiliklə, həm də maldarlıq, ovçuluq, arıçılıqla da məşğul olurdu. Sənətkarlıq inkişaf etmişdi.

Dövlət quruluşuna görə Novqorod boyar respublikası idi. Novqorodda xalq yığıncağı, bütün şərq slavyanlarında^ olduğu kimi, veçe adlanırdı. Veçe ali qanunverici hakimiyyəti və məhkəmə hakimiyyətini həyata keçirirdi. Posadnik, minbaşı, «Ağsaqqallar Şurası» və knyaz veçedə seçilirdi. «Ağsaqqallar şurası»na Arxiyepiskop rəhbərlik edirdi. Posadnik icra hakimiyyətinin başçısı idi. Əhalini mühakimə edir, diplomatik danışıqlar aparırdı. Minbaşı şəhər vergi sisteminə rəhbərlik edir və şəhərin müdafiəsi məsələləri ilə məşğul olurdu. Knyaz Novqoroda dəvət olunur, Veçe tərəfindən seçilirdi, hüququ məhdud idi. Knyaz dövlət işinə cüzi qədər qarışardısa, qovulardı. Novqorod feodal respublikasında hakimiyyət adlı-sanlı boyarlara məxsus idi. Bu isə Novqorod respublikasının demokratik əsasda fəaliyyət göstərməsinə imkan vermirdi.

Rusiyada monqol dövrü. Monqolların hücumu ərəfəsində Rusiya knyazlıqlara parçalanmışdı. Ara müharibələri knyazları zəif salmışdı. 1222-ci ildə monqollar Dərbənd keçidini keçib əvvəl alanları, sonra qıpçaqları məğlub etdilər.

1223-cü il mayın 31-də monqollar Kalka sayı sahilində vuruşmada qıpçaq və rus knyazlarının birləşmiş qüvvələrinə qalib gəldilər. Qıpçaq və rus qoşunları fəaliyyətlərini əlaqələndirə bilmədilər. Monqollar Dneprə qədər irəlilədilər və sonra orta Volqaya qayıtdılar. Burada Kama bulqarlarına məğlub olub vətənlərinə getdilər.

1235-ci ildə Monqol feodallarının xuralı (qurultayı) Qərbə hücum haqqında qərar qəbul etdi. Bu hücuma Cucinin oğlu, Çingiz xanın nəvəsi Batı xan başçılıq edirdi. Onlar 1236-cı ildə Kama bulqarlarını məğlub edib 1237-ci ilin qışında Şimal-Şərqi Rusiya torpaqlarına soxuldular. Qısa müddət ərzində Ryazan (1237), Kolomna, Moskva, Vladimir, Suzdal, Yaroslavl, Tver, Kostroma, Kozelski və digər şəhərləri tutdular. 1238-ci il martın 4-də Siti çayı sahilindəki döyüşdə rus qoşunları məğlub oldu. Beləliklə, Şimal-Şərqi Rusiya torpaqları monqollar tərəfindən tutuldu. Monqollar Novqorodun 100 kilometrliyində dayandılar. Monqollar cənub çöllərinə çəkildilər, iki il burada dincəlib ordularını möhkəmləndirdilər.

1239-cu ildə Batı xan Cənubi Rusiyanı işğal etməyə başladı. 1240-cı ildə monqollar Kiyevi tutdular. Qaliç-Voln knyazlığından keçib Avropaya soxuldular. Polontsk-Minsk, Smolensk,Novqorod-Pskov torpaqlarını tuta bilmədilər. 1242-ci ildə onlar Olomoutsedə çex və macarlara məğlub olub geri qayıtdılar.

Beləliklə, monqollar 1237-1240-cı illərdə rus knyazlıqlarını işğal etdilər. Rusların 240 il monqolların hakimiyyəti altında qalması dövrü başlandı. Uzun müddət ruslar vahid dövlətdə birləşə bilmədilər və Qızıl Orduya bac verdilər. XIV əsrin 2-ci yarısından başlayaraq monqollara qarşı mübarizənin mərkəzi Moskva knyazlığı oldu.

Rus torpaqlarının birləşdirilməsi uğrunda mübarizə. Moskva knyazlığının yaranması. XIV əsrdən başlayaraq rus torpaqlarının vahid mərkəzləşmiş dövlətdə birləşməsi prosesinə başlandı. Bu prosesə 1147-ci ildə əsası qoyulmuş Moskva şəhəri başçılıq edirdi. Moskva XIII əsrdə knyazlığa çevrilmişdi. Moskva knyazı İvan Kalita (1325-1340) Tverdə Qızıl Orduya qarşı çevrilmiş üsyanı məğlub etdi. Qızıl Ordu xanından yarlıq alaraq «Böyük knyaz» oldu. Bundan sonra İvan Kalita ətraf torpaqları Moskva ətrafında birləşdirməyə başladı. Hələ İvan Kalitadan əvvəl 1301ci ildə Kolomna, 1303-cü ildə Mojayski Moskva knyazlığına birləşdirilmişdi.

1380-ci il sentyabrın 8-də Dmitri Donskoy və Qızıl Ordu xanı Mamay arasında baş verən Kulikovo döyüşündə ruslar qalib gəldilər və birləşmə prosesi sürətləndi. Lakin 1382-ci ildə Toxtamış Moskvanı talan etdi, Moskva knyazlığı yenidən Qızıl Ordunun vassalına çevrildi və ona xərac verdi.

III İvan (1462-1505) dövründə Rusiya torpaqlarının Moskva ətrafında birləşdirilməsi sürətləndi. Rostov və Yaroslavl knyazlıqlarının varlığına son qoyuldu. Novqorod boyarları Litva knyazlığından kömək istədilər. Bundan xəbər tutan III İvan Novqorod üzərinə hücum etdi. 1471-ci ildə Selon çayı üzərində baş vermiş döyüşdə III İvan qalib gəldi. Novqorod knyazlığı 1478-ci ilə qədər müstəqilliyini saxladı, həmin ildən sonra Moskvaya birləşdirildi.

Mərkəzləşmiş dövləti Böyük knyaz və Boyar duması idarə edirdi. 1497-ci ildə qəbul edilmiş «Qanunnaməyə» əsasən kəndlilərin təhkimli halına salınmasına başlandı. Kəndlilərin mülkədarların yanından getməsi məhdudlaşdırıldı. Kəndli mülkədarın yanından ancaq Yuryev günündən (26 noyabr) bir həftə əvvəl, bir həftə sonra gedə bilərdi.

Top