İtaliyada kommunalar, şəhər respublikaları. Klassik feodalizm dövründə İtaliyanın birləşdirilməsi başa çatmadı. Fransa və İngiltərədə isə mərkəzləşmiş dövlət yaranmışdı. Almaniya da İtaliya kimi iqtisadi və siyasi cəhətdən parçalanmış halda idi. Avropanın digər dövlətlərinə nisbətən İtaliyada şəhərlər daha tez meydana gəlib sürətlə inkişaf etmişdi. Şəhərlərin sürətlə inkişaf etməsində səlib müharibələri mühüm rol oynamışdı.
X-XI əsrlərdə İtaliya şəhərlərində senyorlara qarşı mübarizə başlandı. Əksər şəhərlərin senyorları yepiskoplar idi. Bu şəhərlərin senyorlara qarşı mübarizədə, başqa ölkələrdə olduğu kimi, kral hakimiyyəti kimi müttəfiqi yox idi. Mübarizə nəticəsində Milan, Boloniya, Piza və s. şəhərlərdə kommunalar yarandı. (Şəhərlərin senyorlara qarşı mübarizə ittifaqı.) Onlar özləri qanunlar qəbul edir, bütün məsələləri müstəqil həll edirdilər. Azad kommunalar tədricən ətraf əraziləri də ələ keçirərək şəhər dövlətlərinə və ya respublikalara çevrildilər. Bu feodalların nüfuzunu qırdı. Onları şəhərlərə köçürüb nəzarət altında saxladılar. Şəhərin əleyhinə çıxış etmək istəyən feodalı ciddi cəza gözləyirdi. Nəticədə kəndlilər şəxsən azadlıq əldə etdilər. Onlar feodal zülmündən qurtarıb şəhər kommunalarına vergi verirdilər.
Italiyanın ən böyük və varlı şəhərlərindən biri Florensiya idi. XIV əsrdə burada iri mahud emalatxanaları var idi. Bu müəssisələr ilkin kapitalist müəssisəsi olan manufakturalar idi. Manufakturada əmək bölgüsü var idi, muzdlu əməkdən istifadə olunurdu, əl əməyi üstünlük təşkil edirdi. Bu manufakturalarda heç bir istehsal vasitələri olmayan 10 min fəhlə (çompi) işləyirdi. 9 nəfər üzvü olan Senyoriya şəhəri idarə edirdi. Senyoriyaya şəhər varlıları başçılıq edirdi. Şəhər əhalisi iki təbəqəyə bölünürdü: 1) "Piylənmiş camaat". Buraya varlı tacirlər, emalatxana və bank sahibləri daxil idi; 2) "Arıq camaat". Buraya xırda sənətkarlar, tacirlər, fəhlələr daxil idi. "Piylənmiş camaatdan narazı olan çompilər 1378-ci ildə üsyan etdilər. Onların tələbləri Senyoriya tərəfindən yerinə yetirildi. Üsyanın ilk günü varlıların çoxu şəhərdən qaçdı. Emalatxanalar işləmədi. Çompilərin vəziyyəti ağırlaşdı. Varlılar birləşib üsyanı yatırtdılar və üsyanın təşkilatçılarına divan tutdular. XV əsrdə İtaliyanın bir sıra şəhərlərində varlı ailələr hakimiyyəti ələ keçirdilər. Onların hakimiyyəti irsi idi. Belə hökmdarlar «tiran» (yunan dilində hakimiyyəti zor gücünə ələ keçirən şəxsə tiran deyirlər), onların idarə üsulu isə «tiranlıq» adlanırdı. Milan, Florensiya, Boloniya və b. şəhərlər belə idarə edilirdi. Florensiyada hakimiyyət Mediçilər ailəsinin əlində idi. Onun ən görkəmli nümayəndəsi Böyük Lorenso idi. O, sərt qaydalar qoymuşdu, bütün işləri təkbaşına həll edirdi. Yüksək vəzifələri öz adamlarına verirdi. Venesiya dəniz respublikası. Şərqlə ticarət. XV əsrdə Avropanın ən qüdrətli dəniz dövlətlərindən biri Venesiya respublikası idi. Bu respublika bütün Aralıq dənizi hövzəsi və şərq ölkələri ilə aparılan ticarətdə hakim mövqe tuturdu. Venesiya Şərqlə ticarətdə və vasitəçilikdə varlanırdı. Egey dənizi hövzəsində və Konstantinopolda ticarət məntəqələrini ələ keçirmişdi. Venesiyalılar Çin, Hindistan, Yaxın və Orta Şərqdən, o cümlədən Azərbaycandan müxtəlif malları Avropaya gətirirdilər. Venesiya XIV əsrdə yeganə rəqibi Genuyanı Şərqlə ticarətdə vasitəçilikdən sıxışdırıb çıxartdı. Venesiya sənətkarlarının bəzək əşyaları bütün Şərqdə şöhrət qazanmışdı. XII əsrdə burada şüşə və bədii şüşə, güzgü istehsalı genişləndi. XII əsrdə Venesiyada veksel və çek sistemi tətbiq olunmuş, 1156-cı ildə burada Avropada ilk dövlət bankının əsası qoyulmuşdu.
Həmçinin bax:
Italiya haqqında