Çexiyada Qusçular hərəkatı

Çexiyada Qusçular hərəkatı

Çexiya Müqəddəs Roma imperiyasının tərkibində. Çexiyada katolik zülmü və alman ağalığı. Çexiyada dövlət X əsrin əvvəllərində yaranmışdı. XIV əsrdə Çexiya qüdrətli dövlətə çevrilmişdir. Həmin əsrin ortalarında kral I Karl (1346-1378) dövründə Çexiya Müqəddəs Roma imperiyasının tərkibinə daxil oldu, Çexiya kralı I Karl Müqəddəs Roma imperiyasının imperatoru seçildi. O, Çexiyanın ərazisini genişləndirdi. Sənətkarlıq və ticarəti himayə etdi. Praqa I Karl dövründə Müqəddəs Roma imperiyasının paytaxtı oldu.
Çexiya bu dövrdə iqtisadi yüksəliş dövrü keçirirdi. Dağlarda mis, qalay, dəmir, gümüş çıxarılırdı. Hər il Praqada yarmarka keçirilirdi. Buraya Almaniya, Polşa və İtaliyadan tacirlər gəlirdi. I Karl Karl körpüsünü saldırdı, müqəddəs Vita kilsəsinin əsası qoyuldu. Bu kilsə 600 ilə tikildi. Avropada ilk Slavyan Universiteti 1348-ci ildə Praqada açıldı,
Təsərrüfatın yüksəlişi xalqın vəziyyətini yaxşılaşdırmadı. Feodalların, ruhani və şəhər varlılarının zülmü artdı. Ən iri torpaq sahibi katolik kilsəsi idi. Yaxşı torpaqların üçdə biri katolik kilsəsinin əlində idi. Alınan vergilərin bir hissəsi Romaya göndərilirdi. Roma pa/pası vəzifələri rüşvətlə verirdi. Romada deyirdilər ki, İsa Romaya gəlsə, onunla rüşvətsiz danışmazlar. Roma kilsəsinə qarşı ümumi narazılıq artırdı. Panlar (feodallar), cəngavərlər kilsənin torpaq və sərvətini ələ keçirmək istəyirdilər. Kəndlilər və şəhər yoxsulları da kilsəyə qarşı çıxırdılar.
Alman feodalları Çexiya kralına qulluq edir,çexləri sıxışdırır,onların torpaqlarını ələ keçirir,Çexiya şəhərlərində alman usta və tacirləri məskən salırdılar. Almanlar idarə işlərini də ələ keçirirdilər. Praqa şəhər şurasında bir nəfər də olsun çex yox idi. Çexiyanın filiz mədənləri almanların əlində idi. Almanlar Praqa Universitetində ağalıq edirdilər. Çex dili sıxışdırılırdı.

Qusçu hərəkatı. Qusçu müharibələri. Katolik zülmünə və alman ağalığına qarşı Yan Qusun (1371-1415) başçılığı altında hərəkat başlandı. Bu hərəkat onun adı ilə - Qusçular hərəkatı adlandı. Kəndli oğlu olan Yan Qus Praqa Universitetinin professoru idi. O, katolik ruhanilərini tənqid edir və Roma papasının vəzifələri pulla satmasını lənətləyirdi. Yan Qus katolik kilsəsinin torpaqlarının əlindən alınmasını və kəndlilərə paylanmasını, kilsənin çex kralına tabe olmasını tələb edir, çex xalqmı ölkəni yadelli əsarətindən azad etməyə, Roma papası və almanlara qarşı mübarizəyə çağırırdı. Praqa şəhərinin baş yepiskopu Qusdan kilsəyə qarşı təbliğatı dayandırmağı tələb etdi. Qus onun tələbinə məhəl qoymadı və Roma papası onu kilsə məclisinə dəvət etdi. İmperator Yan Qusa toxunulmazlıq fərmanı verdi. Yan Qus Almaniyanın cənubundakı Konstans şəhərində çağırılmış kilsə məclisinə gəldi. Onu tutub 6 ay həbsxanada saxladılar, kafir elan etdilər və 1415-ci ildə tonqalda yandırdılar.
Katolik kilsəsinin zülmü, alman zorakılığı və feodal istismarının güclənməsi Qusçular hərəkatına səbəb oldu. Qusun ardıcılları özlərini qusçular adlandırdılar. 1419-cu ildə Praqada şəhər yoxsulları üsyan etdilər və hakimiyyəti ələ aldılar. 1434-cü ilə qədər, yəni 15 il hakimiyyətdə oldular. Praqadan alman varlıları qovuldular, katolik kilsəsi talan edildi və kilsə torpaqları tutuldu.
Üsyançı xalq Çexiyanın cənubunda Tabor dağına toplandılar. Onlar ardıcıl üsyançılar idi və «Taborçular» adlanırdı. Taborçular xırda sənətkarlardan, şəhər yoxsullarından, kəndlilərdən və bəzi yoxsullaşmış cəngavərlərdən ibarət idi. Onların məqsədi təhkimçiliyi, feodal mükəlləfiyyətini, vergiləri ləğv etmək, feodal torpaqlarını kəndlilərə paylamaq, yadellilərin və katolik zülmünü aradan qaldırmaq idi.
Quşçuların digər qrupu Mötədillər idi. Varlı ustalar, tacirlər, çex feodallarının çoxu bu qrupa daxil idi. Mötədillər və taborçuların ümumi cəhəti alman ağalığına son qoymaq, katolik kilsəsinin qüdrətini sarsıtmaq və onların torpaq mülklərini ələ keçirmək idi. Katolik kilsəsini və alman feodallarını Roma papası müdafiə edirdi. Roma papası Qusçulara qarşı 4 səlib yürüşü təşkil etdi, lakin məğlub oldu. Qusçular ədalətli müharibə aparır, vətənlərini müdafiə edirdilər.
Xalq qoşununun başçısı yoxsullaşmış cəngavər Yan Jijka idi. O, vuruşmalardan birində başından yaralandı və kor oldu. Amma köməkçilərinin köməyi ilə böyük qələbələr qazandı. Düşmənləri onu «Müdhiş kor» adlandırırdı. Roma papası və alman imperatoru qusçuları daxildən parçalamağı qərara aldılar. Onlar mötədilləri öz tərəflərinə çəkdilər. Mötədillər, yəni şəhər varlıları və tacirlər şəhər özünii idarəsini ələ keçirmişdilər. Panlar və cəngavərlər kilsə torpaqlarını tutmuş və istədiklərinə nail olmuşdular. Elə buna görə də taborçuların feodalizmə qarşı çıxmalarından qorxurdular. Onlar Roma papası və imperatorun tərəfinə keçdilər. 1434-cü ildə Praqa yaxınlığındakı Lipani şəhəri ətrafında baş verən döyüşdə taborçular keçmiş müttəfiqlərinin (mötədillərin) xəyanəti nəticəsində məğlub oldular.
Çex xalqı 15 il ərzində apardığı üsyan nəticəsində katolik kilsəsinə böyük zərbə vurdu. Yadellilər Çexiyadan qovuldu, çex dili alman dilini sıxışdırdı, çex dilində danışılır, məhkəmələr çex dilində aparılırdı.

Top