XI-XV əsrlərdə Avropa mədəniyyəti

XI-XV əsrlərdə Avropa mədəniyyəti

Maarif. Qərbi Avropada insanlar xaç yürüşü zamanı dünyanın müxtəlifliyinə və genişliyinə heyran oldular. Onlar bundan sonra yeni ölkələrlə maraqlandılar. XIII əsrdə Venesiya taciri Marko Polo 25 il Uzaq Şərqdə Çində yaşamış, vətənə qayıdandan sonra gördüklərini qələmə almışdı. «Marko Polonun kitabı» uzun müddət coğrafiya xəritələri çəkmək üçün əsas olmuşdu.
İlk orta əsrlərdə xüsusi məktəblər, şəhər şuralarının dünyəvi məktəbləri və kilsə məktəbləri mövcud idi. Kilsə məktəblərindən fərqli olaraq, xüsusi məktəblərdə və şəhər şurasının məktəblərində yazı, hesab, təbiətşünaslıq haqqında biliklər verilirdi. Ticarət, sənətkarlıq belə biliyə malik olan adamlar tələb edirdi. Bu dövrdə dövlət və şəhərlər üçün də savadlı adamlar lazım idi.

XII əsrdə Avropada ilk ali məktəb olan universitetlər yarandı. Burada dərslər latın dilində keçirilirdi. Dərs deyən müəllimlər birləşib universitetlərə özünü idarə hüququ aldılar. Fənlərə görə müəllimlər dekanların rəhbərliyi altında fakültələrdə birləşdilər. Ən qədim universitet olan Paris Universiteti 1200-cü ildə öz hüquqlarını qanuniləşdirmək barədə kraldan fərman aldı. XV əsrdə Avropada 65 universitet var idi. İtaliyada XI əsrdə yaranmış Boloniya ali məktəbi 1158-ci ildə Universitet statusu aldı. Avropanın ən məşhur universitetləri Kembric (1209), Oksford, Paris, Paduya, Praqa, Krakovvə s. idi. Bu dövrdə feodallar və şəhərlilər arasında təhsil almaq dəb düşmüşdü. Kilsə xadimləri hər şeyi Allahın iradəsi ilə bağlayırdılar. Hər şeyə hazır cavabı dini kitablardan tapmaq istəyirdilər. Bununla belə bu dövrdə əkinçilik, sənətkarlıq, ticarətin inkişafı insanların müşahidəsi nəticəsində bir sıra elmlər yarandı. Orta əsrlərdə münəccimlik (Astrologiya) və Əlkimya elmləri meydana gəldi. Münəccim ulduzların vəziyyətinə görə insanların, dövlətlərin taleyindən qabaqcadan xəbər verən adam deməkdir. Əlkimyaçılar sehrli daş axtarır və onun köməyi ilə istənilən metalı qızda çevirməyə çalışırdılar. Onlar bu məqsədlərinə nail olmadılar. Amma astronomiya və kimya sahəsində çoxlu bilik topladılar. Və bir sıra nailiyyətlər qazandılar. Məsələn, əlkimyaçılar boya almaq, metal əridilməsi üsullarını yaxşılaşdırmaq, dərman almaq, kimya cihazları kəşf etməyə nail oldular.
XIII əsrdə İngiltərədə Rocer Bekon sübut edirdi ki,biliyi yalnız müşahidə və təcrübələrin köməyi ilə əldə etmək olar. Avropada barıtın reseptini ilk dəfə Bekon tərtib etmişdi.
Memarlıq, rəssamlıq, ədəbiyyat. XI-XV əsrlərdə Avropada memarlıqda 2 üslub var idi:XI-XV əsrlərdə Roma üslubu üstünlük təşkil edirdi. Bu üslubda ən çox kilsələr tikilirdi. Belə kilsələr sərt görkəmli, hündür və əzəmətli olurdu. XII əsrin sonunda Bələdiyyə binaları (Ratuşalar), ticarət, xəstəxana, qonaq evləri tikilirdi.
XII-XV əsrlərdə memarlıqda Qot üslubu üstünlük təşkil edirdi. Qot üslubunda tikilmiş kilsə qüllələrinin hündürlüyü 150 metrə çatırdı. Orta əsrlərdə memarlığın tərkib hissəsi heykəltəraşlıq idi. Kilsələr müqəddəslərin, kralların, yepiskopları təsvir edən şəkillər və heykəllərlə bəzədilirdi. Kilsələrdə yığıncaqlar keçirilir, dövlətlər arasında müqavilələr imzalanırdı. Bu dövrdə Almaniyada Laax monastırı (XII əsr), Fransada Sen-Serpin kilsəsi (XII əsr), Reyms kilsəsi (XIII-XIV əsr) və digər kilsələr məşhur idi.
XII əsrdə Fransada «Roland haqqında nəğmə» yazıya alınmışdı. Fransada təmsillər və nağdlar əsasında «Tülkü haqqında roman» poeması yaradılmışdı.
Top