Sasanilər dövlətinin yaranması və onun işğalları. III əsrin əvvəllərində Roma ilə Parfiya arasında uzun müddət davam edən müharibə Parfiya dövlətini zəiflətdi. Sasanilər nəslindən olan
I Ərdəşir Babəkan 224-cü ildə Parfiya hakimi V
Arbatanı Suzian döyüşündə məğlub etdi, paytaxt Ktesifonu (Mədaini) tutdu. 226-cı ildə özünü şahənşah elan etdi və Sasanilər dövlətinin əsasını qoydu. IV əsrin sonunda Cənubi Qafqaz romalılar və sasanilər arasında bölüşdürüldü və sasanilər Albaniya ilə İberiyanı öz dövlətinin tərkibinə qatdılar. Atropatena torpağının münbitliyinə və təbii sərvətlərinin zənginliyinə görə Sasani dövlətinin iqtisadiyyatında müstəsna rol oynayırdı.
481-484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanı baş verdi. 485-ci ildə Sasanilər Qafqaz xalqları ilə sülh bağladı. Albaniyada hökmdar hakimiyyəti bərpa edildi, Qafqaz xalqlarına güzəşt olundu.
558-568-ci illərdə Sasanilər Ağ hunlarla müharibədə qalib gəlib. Əfqanıstan və Mərkəzi Asiyanın bəzi əyalətlərini tutdular. Bizans Sasanilərə qarşı ittifaq yaratdı. 589-cu ildə Sasani sərkərdəsi Bəhram türkləri məğlub etdi. 603-628-ci illəri əhatə edən Sasani-Bizans müharibələrinin birinci dövründə təşəbbüs sasanilərin əlində olmuş, onlar Qüdsü və Misiri tutmuş, Konstantinopolu mühasirəyə almışdılar. Lakin 622-ci ildən sonrakı ikinci dövrdə üstünlük Bizansın tərəfində olmuş, sasanilər sülh bağlamağa məcbur olmuşdular.
İranda əhali dörd təbəqəyə bölünürdü: 1) kahinlər; 2) döyüşçülər; 3) əyanlar və mirzələr; 4) vergi verənlər (kəndlilər, sənətkarlar, tacirlər). Kahinlərə ali maq, döyüşçülərə ali baş komandan, məmurlara «böyük mirzə», dördüncü təbəqəyə vastrioşansalar rəhbərlik edirdi. Şahdan sonra dövlətin ikinci rəsmi şəxsi ali maq idi. İdarəçilik işlərinə «böyük bölüşdürücü» adlanan əyan, maliyyə işlərinə vastrioşansalar başçılıq edirdi. Ölkənin ərazisi vilayətlərə (mərzbanlıqlara) bölünürdü. Vilayətləri mərzbanlar idarə edirdi. Mərzbanlıq, əsasən, sasanilər nəslindən olan şəlırdarlara tapşırılırdı.
İranda feodal münasibətlərinin meydana gəlməsi. İranda feodal münasibətləri quldarlıq dövründə yaranmağa başlamışdı. Sasanilər dövlətinin yaranması feodal münasibətlərinin meydana gəlməsini gücləndirdi.
Sasanilər dövründə ucqar əraziləri qorumaq üçün geniş torpaq sahələrini hərbiçilərə paylayırdılar. Bu torpaqlar mülk adlanırdı.
Sasanilərdə iki feodal torpaq mülkiyyəti forması var idi. İri torpaq mülkiyyət forması dastakert adlanır və irsən keçirdi. Orta və xırda feodallara məxsus şərti torpaq mülkiyyəti forması xostak adlanırdı. Geniş torpaq sahəsinə (dastakertə) sahib olan iri feodallar patriklər, xidmət müqabilində verilən torpaq (xostak) sahibi olan orta və xırda feodallar azatlar adlanırdı. Azatlardan ibarət süvari qoşun ordunun əsasını təşkil edirdi.Vergini və borcunu ödəyə bilməyən kəndlilər asılı kəndlilərə çevrilirdilər.
V əsrdə İranda kəndlilər 3 qrupa bölünürdü: 1) icmaçı kəndlilər; 2) kiçik torpaq sahələri olan kəndlilər; 3) feodallardan asılı olan icmaçı kəndlilər; Feodal münasibətləri dini idarələri də əhatə edirdi. Dini ibadət üçün vergi verilirdi. Kahinlərin əlində çoxlu torpaq və kəndli toplanmışdı.
V-VI əsrlərdə təsərrüfatda canlanma baş verdi, əkinçilik və sənətkarlıq inkişaf etdi. Ktesifon, İstəxr, Həmədan, Rey və b. şəhərlər sənət və ticarət mərkəzləri idi. Xarici ölkələrlə ticarət əlaqələri genişlənirdi.
Kəndlilər məhsulun üçdə birini təşkil edən torpaq vergisi xaraq, 20 yaşından 50 yaşına kimi olan kişilər can vergisi - gezit, sənətkarlar və tacirlər bac vergisi verirdilər.
VI əsrdə I Xosrov Ənuşrəvanın keçirdiyi vergi islahatından sonra kəndlilərdən vergi məhsula yox, torpağa görə alınırdı. Şəhər ətrafında və inkişaf etmiş vilayətlərdə vergi pulla ödənilirdi.
Zərdüştlük. Bu din e.ə. VI- eramızın VII əsrlərində bir-birini əvəz edən üç (Əhəməni, Parfiya, Sasani) İran imperiyasının dövlət dini olmuşdu. Sasani şahı Ərdəşirin dövründə «Avesta»nın salamat qalmış hissələri 21 kitabda bərpa edildi. «Avesta» kitabı Atropatenada tamamlandı. Sasanilər dövründə «Avesta» pəhləvi dilinə tərcümə edildi və ona şərhlər yazıldı. Tərcümə və şərhlər «Zənd Avesta» adlanırdı. «Avesta»nın əsasını Xeyirlə Şər, zülmətlə işıq arasında mübarizə təşkil edir. Bu mübarizədə xeyir və işıq qələbə çalır. Xeyir allahı Hörmüz, şər allahı isə Əhriman idi. Zərdüştlüyün baş məbədlərindən biri Atropatenada Qazaka şəhərində yerləşirdi.
Mani təlimi. Məzdəkilər hərəkatı. III əsrdə Arşakilər sülaləsinə mənsub olan Mani öz təlimini yaymağa başladı. Bu təlim xristian, zərdüşt və buddizm ünsürlərini özündə birləşdirmişdi. Bu təlimə görə, işıqla zülmət arasında gedən mübarizə insanlara da təsir edir, ona görə də insan özünü şər qüvvələrdən azad etməli, dünya nemətlərinə həris olmamalıdır. Mani dini təlimi pəhləvi və Suriya dillərində yayılırdı. Bu təlim dövlətə qarşı çevrildiyinə görə II Şapur Manini 276-cı ildə öldürdü, tərəfdarlarını ölkədən qovdu.
VI əsrin ikinci yarısında Cənubi Qafqazda kəndli çıxışları, ağ hunların hücumları Sasanilər dövlətini zəiflətdi. 484-cü ildə Sasani qoşunlarını məğlub edən ağ hunlar Mərv, Bəlx və Heratı ələ keçirdilər. Sasanilər onlara böyük miqdarda xərac verdilər. Ölkə daxilində iri əyanlar mərkəzi hakimiyyətdən uzaqlaşmağa çalışdılar. 481-ci ildə baş verən aclıq İranda Məzdəkilər hərəkatının başlanmasına təkan verdi. Bu hərəkat dövlətin və feodalların zülmünə qarşı çevrilmişdi. Məzdək yaratdığı təlimi ilk dəfə Həmədanda yaymağa başlamışdı. O, mübarizə yolu ilə ədalətli cəmiyyət qurulmasını mümkün hesab edirdi. Onun təliminə görə, varlıların torpağı və əmlakı alınıb kəndlilər arasında bölüşdürülməlidir. Mərkəzi hakimiyyətə tabe olmayan əyanların və kahinlərin nüfuzunu sarsıtmaq və mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün şah I Qubad bu hərəkata qoşuldu. Məzdəkilərin vasitəsilə iri əyanların müqaviməti qırıldıqdan sonra I Qubad hərəkatdan uzaqlaşıb, oğlu Xosrovla birlikdə hərəkata qarşı çıxdı. 529-cu ildə Məzdək edam edildi, onun tərəfdarlarına isə amansız divan tutuldu.