Bağırsaq mikroflorası çox mürəkkəbdir. Araşdırmalar göstərir ki, bağırsaq mikroflorasını minlərlə müxtəlif bakteriyalar təşkil edir. Bağırsaqlarımızda yaşayan mikroskopik bakteriyaların ümumi çəkisi nə az nə çox 3-4 kq-dır. Bağırsaqlarımızda həm faydalı, həm də ziyanlı bakteriyalar yaşayır. Faydalı bakteriyalar çoxluq təşkil etdikdə onlar ziyanlı mikrobların inkişafına və çoxalmasına mane olur. Lakin bu tarazlıq pozulduqda müxtəlif xəstəlik və pozulmaların riski arır. Bağırsaqların faydalı mikroflorası insan sağlamlığında və orqanizmin normal fəaliyyətində çox mühüm rol oynayır.
Mikrofloranın əsas vəzifələri:
1. İnfeksiyalardan qoruma
İnsan immun sisteminin 80%-i bağırsaqlarda yerləşir. Faydalı bakteriyalar bağırsaqların ziyanlı mikroflorasını dəf edir, immun mexanizmləri aktivləşdirir.
2. Qidalı maddələrin mənimsənilməsi
Bağırsaqların mikroflorası vitamin, mineral və s. qidalı maddələrin mənimsənilməsi proseslərində fəal iştirak edir. Bu səbəbdən bağırsaqların mikroflorası müxtəlif səbəblərə görə (xəstəlik, stress, dərmanların qəbulu və s.) pozulduqda orqanizmdə vitamin və mineralların çatışmazlığı yaranır ki, bu da gələcəkdə ciddi pozulma və xəstəliklərin inkişafına səbəb ola bilər.
3. Metabolik proseslər
Maddələr mübadiləsi prosesləri əsasən həzm sistemi tərəfindən tənzimlənir. Bu səbəbdən bağırsaq mikroflorasının pozulması orqanizmdə maddələr mübadiləsinin pozulmasına, bədən çəkisinin artmasına səbəb olur.
4. Əhval və beyinin fəaliyyəti
Araşdırmalar sübut edib ki, bağırsaqların mikroflorası əhvalımıza və hətta beyinin fəaliyyətinə təsir edir. Alimlər sübut edir ki, mikrofloranın pozulması müasir cəmiyyətin bəlası olan depressiyanın inkişafında rol oynayır.
5. Orqanizmin tonusu və iş qabiliyyəti
Bağırsaqlarda faydalı bakteriyaların sayının azalması xroniki yorğunluğun inkişafına, iş qabiliyyətinin azalmasına səbəb ola bilər.