Yeməklərdən 30 dəqiqə əvvəl 1 stəkan ilıq suda 1 çay qaşığı alma sirkəsini 1 çay qaşığı bal ilə qarışdırıb için. Bu qarışıq mədə şişkinliyinin qarşısını alır, həzmi yaxşılaşdırır.
Mədə-bağırsağa zərərli mikroorqanizmlərin təsirinin qarşısını almaq üçün sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə, qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.
Zirə və dəfnə infeksiyaya qarşı çox faydalı bitkilərdir. Onlardan istifadə mədəni təmizləyir, ağrıları sakitləşdirir.
Xörəkdə kərəviz toxumu mədəni qüvvətləndirmək baxımından faydalıdır. Quşüzümü də həzm prosesinə müsbət təsir göstərir.
Mədənin sağlamlığını qorumaq üçün qəhvəni az işlətmək lazımdır. Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıcqırmasının qarşısını ala bilərlər. Bundan başqa, 20-30 qram kəklikotunu 1 litr qaynanmış suda dəmləyib süzdükdən sonra tərkibinə bir qədər bal əlavə edin. Bu çaydan yeməkdən sonra 1 fincan için.
Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək də mədə şirəsinin ifrazına kömək edər. Lakin alternativ üsulları sınaqdan keçirməzdən əvvəl həkiminizlə mütləq məsləhətləşin.