Qıcqırmanın profilaktikası

Qıcqırmanın profilaktikası

Qıcqırma — bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil. Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür. Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:

1. Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım gəlir.

2. Yeməkdən sonra 1-2 saat ərzində uzanmayın, qabağa əyilməyin, və hər hansı ağır fiziki işlə məşğul olmayın. Bütün bu müddət ərzində bədəninizi vertikal vəziyyətdə saxlayın – gəzişin, ayaq üstə durun, əyləşin. Əks halda, mədədəki turşu və öd tez bir zamanda qida borusuna axa bilər. Əgər qida qəbulundan sonra siz mütləq uzanmaq istəsəniz başınızın altına bir neçə balış qoyun. Heç zaman son qida qəbulundan 2 saat keçməmiş yatmayın! Balışsız yatmaq da məsləhət görülmür – mədə şirəsinin yemək borusuna axmaması üçün baş, bədənə nisbətən bir qədər yuxarıda olmalıdır.

3. Dar paltar, qayış geyinməyin. Dar paltar beli əhatə edərək bağırsaqları da sıxır və mədə turşusunu qida borusuna doğru qalxmağa “məcbur edir”.

4. Qızardılmış, konservləşdirilmiş, duzlu, yağlı qidanı, yağlı ət bulyonları, kəskin ədviyyatları (istiot, xardal) minimal miqdara qədər məhtudlaşdırın. Suda və parda bişmiş qidalar, ət və toyuğun (qaz və ördək olmaz!) isə yağsız növlərini yemək daha yaxşıdır. Qida rasionunuzdan təzə çörəyi çıxarın – ya suxari ya da dünəndən qalan bir qədər qurumuş çörək yeyin. Çovdar çörəyi, yağlı və qat-qat hazırlanan xəmir məhsullarıının qəbul edilməsi də əks-göstərişdir. Xiyar, ağ kələm, pomidor, ağ və qırmızı turp, göbələk, çiy soğan və sarımsaq, turşuya və marinada qoyulmuş tərəvəzlər, bütün paxlalı bitkilər, sitrus meyvələri, turş və yetişməmiş meyvə və tərəvəzlər də qıcqırma verə bilər. Bütün bu məhsullar metiorizm (mədədə qazların miqdarının artması) verərək mədənin genişlənməsinə və sfinkterin boşalmasına səbəb olur. Sfinkter bu təzyiqə dözməyərək bir qadər açılır, mədədə olan möhtəviyyatın bir hissəsi qida borusuna keçdiyi üçün qıcqırma baş verir. Tez-tez baş verən qıcqırmalar zamanı bu məhsulların qəbulunu minimal səviyyəyə endirmək lazımdır.

5. Tez-tez qıcqırması olanlara süd içmək də məsləhət görülmür. Çünki, süd də mədə turşuluğunu artıraraq metiorizmə səbəb olur;


6.
 Qazlı suların qəbulundan da imtina edin. Ona görə ki, qaz qabarcıqları da `mədəni genişləndirərək sfinkterin bir qədər boşalmasına səbəb olurlar. Tez-tez qıcqırması olanlar üçün kvas, pivə, çaxır və digər alkoqollu içkilərin qəbul edilməsi əks-göstəriş hesab edilir. Onlara həmçinin, tərkibində sfinkteri zəiflədən kofein maddəsi olan tünd çay, kofe və şokoladın qəbul edilməsi məsləhət görülmür.

7. Hamı bilir ki, siqaret çəkilməsi ürək-damar sistemi və ağ ciyərlər üçün zərərlidir. Ancaq bu vərdiş həmçinin, mədə-bağırsaq sisteminə də  mənfi təsir göstərir. Alkoqol kimi, nikotin də qida borusu ilə mədə arasında olan sfinkteri zəiflədir və bunun nəticəsində də mədə turşusu qida borusuna düşmüş olur.

8. Bəzi dərmanların (antidepressantlar, sakitləşdirici dərmanlar, aspirin və s.)  uzun müddət ərzində qəbul edilməsi qıcqırmanın yaranmasına səbəb ola bilər. Ona görə də, əgər siz hər hansı bir dərmanı uzun müddət ərzində qəbul edirsinizsə və sizdə qıcqırma yaranmışsa, bu barədə öz müalicə həkiminizə məlumat verməyiniz məsləhət görülür.

9. Qıcqırmanın bir “gözlənilməz” günahkarı da – stresdir. Stres zamanı mədə turşuluğu kəskin şəkildə yüksəlmiş olur ki, bu da qıcqırmaya səbəb ola bilər. Ona görə də özünüzü stressdən qorumağa çalışın.

Beləliklə, əgər siz özünüzdə tez-tez qıcqırma hiss etmiş olsanız, mütləq qastroenteroloqun qəbuluna yazılın. Çünki  “zərərsiz” hesab etdiyiniz qıcqırma, mədə-bağırsaq sisteminin ciddi xəstəliyinin əlaməti də ola bilər. O biri tərəfdən isə qıcqırmanın özü də ciddi ağırlaşmalara gətirib çıxara bilər (yemək borusunda eroziyalar, qanaxmalar və s.)

Həmçinin bax: Mədə-bağırsaq xəstəlikləri 

Mənbə: saglamolun.az 

Top