Xroniki qastrit

Xroniki qastrit

Qastrit – mədənin selikli qişasının iltihabi xəstəliyidir. Xroniki qastrit – uzun illər ərzində davam edən, bəzən sakitləşən, bəzən isə — əsasən də yaz və payız aylarında kəskinləşmə verən xəstəlikdir.

Xroniki qastrit – ən çox yayılmış xəstəliklərdəndir.
 

Hal-hazırda xroniki qastritin iki əsas formasını ayırd edirlər – məhdudlaşmış qastrit və yayılmış qastrit. 1-ci halda iltihabi proses yalnız mədənin çıxış hissəsini, 2-ci halda isə bütün mədəni əhatə edir. 
Məhdudlaşmış qastrit – mədənin məhz bu hissəsində yaşamağa uyğunlaşmış xüsusi bakteriyalar tərəfindən törədilir. Bu formanın inkişaf etməsinə həmçinin kimyəvi qıcıqlandırıcılar olan – spirtli içkilərin və ədviyyatların (acı bibər, sirkə) xeyli miqdarda qəbul edilməsi də kömək edir. Məhdudlaşmış qastritin kəskinləşməsi zamanı xəstələrdə kəskin ağrı, gəyirmə, qıcqırma, bəzən isə qusma kimi əlamətlər baş verə bilər. Məhdudlaşmış qastritin əsas təhlükəli fəsadı isə — mədə xorasının inkişaf etməsidir.

Məhdudlaşmış qastritdən fərqli olaraq, yayılmış qastriti olan xəstələrdə — kəskin ağrılar, dispeptik pozğunluqlar (meteorizm, mədədə qurultu və s.) praktiki olaraq qeyd edilmir. Xəstəliyin kəskinləşməsi zamanı belə xəstələrdə gəyirmə, qarınüstü nahiyədə isə ağırlıq hissiyyatı qeyd oluna bilər. Qastritin bu forması zamanı baş verən əsas pozulma – mədə şirəsinin və xlorid turşusu ifrazının get-gedə azalmasından ibarətdir ki, bu da həzm prosesinə çox mənfi təsir edir. Qastritin bu formasının uzun müddət ərzində davam etməsi mədə poliplərinin və mədə şişlərinin əmələ gəlməsinə səbəb ola bilər. Qanyaratma sistemində mənfi təsir etdiyi üçün bu xəstəlik bir çox hallarda qanazlığı (anemiya) ilə müşayiət olunur.

Beləliklə, xroniki qastrit – bir çox insanların fikirləşdiyi kimi, heç də “zərərsiz” xəstəlik deyil. Xroniki qastritin təhlükəliliyi ondan ibarətdir ki, o daha ağır və ciddi mədə xəstəlikləri olan mədə xorası, mədə polipləri və mədə şişlərinin inkişaf etməsi üçün özül (bünövrə) hesab edilir. Xroniki qastriti olan xəstələr daim həkim-qastroenteroloqun nəzarətində olmalı, onun məsləhətlərinə riayət etməli, xəstəliyin kəskinləşməsi zamanı isə müvafiq müalicə kursu almalıdırlar.

Mənbə: saglamolun.az 

Top