Kiçik uşaqlarda allergenlərin əsas “qapısı” bağırsaqlar hesab edilir. Daimi olaraq uşaq orqanizminə daxil olan qida allergenləri burada toplanaraq nəticədə kəskin reaksiya olan allergiyaya səbəb olurlar.
Uşaq həyatının ilk aylarında qida allergeninin qəbul edilməsi çoxsaylı güclü qusmalara və eyni bir zamanda ishala səbəb ola bilər. Bu daha çox kəskin qida zəhərlənməsi və ya bağırsaq infeksiyasının əlamətlərini xatırladır. Bu halda uşağı mütləq həkimə göstərmək tələb olunur. Həkim gələnə qədər allergenlərin qana sorulmasının qarşısını almaq üçün onları bağırsaqdan xaric etmək məqsədi ilə, uşağa təmizləyici imalə etmək, həmçinin onun mədəsini yumaq lazımdır (1 yaşına qədər olan uşaqların mədəsini ev şəraitində yumaq olmaz!). Qida allergiyası zamanı çoxsaylı qusmalar və ishal olduğu üçün uşaq orqanizminin susuzlaşması təhlükəsi də əmələ gəlir.
Bir qədər böyük yaşlı uşaqlarda xəstəliyin əlamətləri o qədər də kəskin olmur, əksər hallarda uşağın bu və ya digər qidanı yeməkdən imtina etməsi “şıltaqlığı” şəklində ifadə olunur. Uşağın davranışındakı bu dəyişikliyə diqqətli olun. Əgər uşaq uzun müddət ərzində hər hansı bir qida qəbulundan kəskin şəkildə imtina edirsə, onu həkim allerqoloqa gəstərməyiniz məsləhət olunur. Analar uşaqlarının nəcis ifrazına da fikir verməlidirlər. Nəcisdə xeyli miqdarda selik, bəzən qan izlərinin olması yoğun bağırsağın allergik zədələnməsi üçün xarakterik hesab edilir. Sonradan bu iltihab bağırsağın ciddi xroniki xəstəliyinə çevrilə bilər.
Nəcis ifrazı pozğunluğu mədə-bağırsaq allergiyasının adi əlamətidir. Sağlam hesab edilən uşaqda adi pəhriz rejimi fonunda “səbəbsiz” olaraq birdən-birə (sonradan qəbizliklə əvəz olunan) ishal başlayır. Bu tədricən mütəmadi xarakter alır. Nəcis ifrazının belə pozğunluqları hətta uşağın özünü yaxşı hiss etməsi fonunda belə, heç də zərərsiz olmayıb bağırsaqda ciddi xəstəliyin olmasından xəbər verir.
Xəstəliyin müddəti qısa olarsa və bağırsaqların allergik zədələnməsi çox da dərinləşməzsə, uşaqda qidanın həzmi və sorulması pozulur. Xəstəlik kifayət qədər uzun müddət davam edərsə, bu hal bağırsaq divarının qalınlaşmasına və nəticə etibarı ilə ağır formalı xroniki qəbizliyə və üzücü qarın ağrılarına səbəb ola bilər.
Allergiyalar bağırsaq dizbakteriozunun əmələ gəlməsi səbəblərindən biri ola bilər. Belə ki, bağırsaq infeksiyaları və antibiotiklər kimi, bağırsaqların allergik iltihablaşması prosesi də bağırsağın təbii mikroflorasını pozur. Bağırsaqların allergik iltihablaşması nəticəsində ciddi xəstəliklər hesab edilən qastrit, qastroduodenit, xora və s. xəstəliklər də inkişaf etmiş olur. Bu xəstəlikləri qastroenteroloq müalicə edir.
Allergiyası olan uşaqları müalicə etmək çox çətin olur. Mədə-bağırsaq sistemi xəstəliklərinin ənənəvi müalicə üsulları əksər hallarda allergik uşaqlarda gözlənilən effekti vermir, bəzi hallarda isə hətta onların vəziyyətinin ağırlaşmasına da səbəb olur. Buna görə də allergik xəstəlikləri ilə yanaşı, mədə-bağırsaq xəstəlikləri də olan bütün uşaqlar, eyni zamanda həm qastroenteroloq, həm də allerqoloqda müayinə və müalicə olunmalıdırlar.