Lyamblioz zamanı xalq təbabəti

Lyamblioz zamanı xalq təbabəti

Hazırda xüsusilə uşaqlar arasında tez-tez təsadüf olunan  qurd xəstəliklərinin yayılması artmaqdadır. Bunun səbəbləri, yaranma şəraiti haqqında çoxları bilir.  Əsas məsələ   profilaktika və müalicədir. Adətən lyamblioz müalicəyə çətin tabe olan xəstəliklərdən sayılır. Mütləq mütəxəssis nəzarəti altında antiparazitar dərmanların qəbul edilməsi vacibdir. Lakin əsas müalicəyə əlavə olaraq xalq təbabəti vasitələrindən istifadə edilməsi xəstəliyin həm profilaktikasına, həm də müalicəsinə kömək edə bilər. Ən çox istifadə edilən vasitələr  aşağıdakılardır:
- 300 q təmizlənmiş balqabaq tumları əzilir (yaşıl örtüyü qalmaq şərtilə), alınan sıyıq bankaya tökülür, üzərinə 1\4 stəkan su və 100 q bal əlavə edilir, qarışdırılır. Səhərlər 1 saat ərzində az-az yeyilir, 3 saat sonra işlədici dərman qəbul edilir.
- 1 litr qaynar suda yulafın təmizlənməmiş dənləri dəmlənir, mayenin 1\4 buxarlanana kimi sobada saxlanılır, sıxılır, süzülür. Dəmləmə  gündə 3-4 dəfə  2 stəkan içilir. Müalicə kursu 1 aydır.
- 2 x.q. adaçayı, çobanyastığı, istiotlu nanə, dağtərxunu, dazıotu,  minyarpaq, solmazçiçək və qarğıdalı saçaqları qarışdırılır. 1 x.q. xırdalanmış kütləni 1 stəkan qaynar suda dəmlənir, 5 dəq. su hamamında qızdırılır, soyudulur, süzülür. Dəmləmədən 1\4 stəkan gündə 3 dəfə 20-30 dəq. yeməkdən əvvəl qəbul edilir. Kurs 7-10 gündür. Sonra 1 ay fasilə edib, yenidən təkrar etmək olar.
Hər gün yeməkdən 30 dəq. əvvəl 1 ç.q. alma sirkəsi və ya 1\2 stəkan pörtlədilmiş kələm qəbul etmək məsləhətdir.  
Ümumiyyətlə, turş meyvələr və göyərti (məsələn, turş alma və s.)xeyirlidir. Salatlara isə kətan və ya xardal yağı əlavə etsəniz daha çox fayda görərsiniz. Çalışın ki, qida rasionunuzda həmişə düyü dəmləməsi və qaragilə kiseli olsun.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Top