Mənəvi borc və vicdan insanın daxili hisləridir. İnsanın cəmiyyət, kollektiv və özü qarşısında mənəvi borcu vardır. Mənəvi dəyərlərə sahib olmaq çox vacibdir. Bu baxımdan əxlaqın rolu əvəzedilməzdir. Əxlaq insanlar arasındakı münasibətləri tənzimləyir. Mənəvi borc müəyyən şərtlərə tabe olmur, ona hər zaman əməl edilməlidir. Onu təkcə yaxınlarına qarşı deyil, bütün insanlarla münasibətdə əsas tutmaq lazımdır. Mənəvi borc şəraitdən, zamandan, milliyyətdən, şəxsiyyətdən və yerindən asılı olmayıb universal xarakter daşıyır.
Mənəvi borc və vicdan anlayışlarına yanaşma müxtəlifdir. Çünki cəmiyyətdə insanlar fərqlidirlər. İnsan öz borcunu yerinə yetirdikdə və ya vicdanla hərəkət etdikdə məmnun olur. Bu borc hissi qəbul edilmiş mənəvi dəyərlərə uyğun gəlməlidir.
O, daim xeyirxahlığa doğru yönəlməlidir. Borcun könüllü surətdə yerinə yetirilməsi həmin şəxsin yüksək mənəvi şüurundan xəbər verir.
Hacı Zeynalabdin Tağıyev öz mənəvi keyfiyyətlərinə
görə tariximizin yaddaşında iz qoyub. Onun xeyirxahlığı məcburi olmamış, yüzlərlə gəncin təhsil almasına kömək etmiş, kasıb və kimsəsizlərə yardım göstərmişdir. Hətta
1901-ci ildə Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbini açmışdır.
Mənəvi borca insanların üzərinə düşən öhdəlikləri (məsələn, vətən, xalq, kollektiv, ailə, valideyn qarşısındakı borc), o cümlədən peşə fəaliyyəti (müəllimlik borcu, həkimlik borcu və s.) ilə bağlı vəzifələri aid etmək olar.
Bizim mənəvi borclarımızdan biri də tarixi abidələrimizin – qoruqların, qalaların və digər milli sərvətlərimizin qorunub saxlanmasıdır.
Ermənistan hərbi qüvvələrinin torpaqlarımızın 20%-ni işğal etməsi — tarixi mədəniyyət abidələrimizin dağıdılması ilə nəticələnmişdir. İşğal nəticəsində yüzlərlə tarixi abidə və muzey məhv edilib, bu təcavüz bu gün də davam etdirilir. Ermənistan tərəfindən tarixi abidələrimizə qarşı bu münasibət “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına ziddir.
Keçmişimizi unutmayıb 20 Yanvar, Xocalı faciəsi, eləcə də Qarabağ uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizi və onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur.
Mənəvi borclarımızdan biri də dinlə bağlıdır. Müxtəlif dinlərə sitayiş edən insanlar öz dini inanclarına uyğun mərasim keçirir və ayinlərə əməl edirlər. Bütün dinlər insanlara bir-birini sevməyi, zərərli vərdişlərdən uzaq durmağı buyurur.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi 7 Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik