Varfolomey gecəsi insanların hər hansı bir fərqinə görə qırğına məruz qaldığı yeganə hadisə deyil. Dünya çox belə qırğınların şahidi olmuşdur. İspaniya katolik olmayanları inkvizisiyaya məruz qoyan, Amerika Birləşmiş Ştatları isə bir neçə yüz il zənciləri və hinduları mənsub olduqları irqlərinə görə təqib edən ölkə kimi tarixə düşmüşdür. Lakin bu kimi qırğınların ən böyüyü 1939-1945-ci illərdə baş vermiş İkinci Dünya müharibəsi illərində milyonlarla yəhudinin yalnız milli mənsubiyyətə görə məhv edildiyi “Holokost”* hadisəsi olmuşdur.
Ümumiyyətlə, dini, milli, irqi, cinsi, siyasi, ideoloji fərqlərinə görə insanların təqiblərə və zorakılıqlara məruz qalması halları əksər ölkələrdə mövcud olmuşdur.
Bu kimi hadisələr, nəhayət ki, XX əsrin ortalarından etibarən dünya xalqlarını və mütərəqqi insanları düşünməyə vadar etmiş və xalqlar bir-birinə qarşı dözümlü olmaq haqqında qərar verməyə məcbur olmuşlar.
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ndə göstərilir: “İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir. İnsan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. Bu Bəyannamədən sonra dözümlülük barəsində çoxlu sayda qərarlar qəbul edilir. Onlardan biri də 1993-cü ildə Avropa Şurasına üzv olan dövlətlərin Vyanada keçirdiyi toplantısında qəbul olunmuş irqçilik, xaricilərə qarşı qərəzli münasibət, dözümsüzlük mühitinin inkişafı və digər hallara qarşı Fəaliyyət Planıdır. 1995-ci ildə isə YUNESKO Baş Konfransı öz sessiyasında dözümlülük prinsiplərinə dair Bəyannamə qəbul etmişdir. Bu sənəddə qeyd olunurdu ki, dözümlülük, ilk növbədə, insan azadlıqlarının və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir.
Dözümlülük anlayışı çox hallarda “tolerantlıq” kimi də işlədilir.
Tolerantlıq — dözümlülük, başqa sözlə, digər inam və əqidələrə olduğu kimi yanaşma, onların varlığına dözümlü olma deməkdir. Dözümlülük başqa dinə, millətə, mədəniyyətə, adət-ənənəyə, baxışlara, xüsusiyyətlərə qarşı sakit yanaşmaq, onun varlığına dözüm nümayiş etdirmək deməkdir.
Tolerantlıq anlayışının ən aydın tərifi Heydər Əliyevə məxsusdur. O demişdir: «Tolerantlıq, dözümlülük çox geniş anlayışdır: O həm insani münasibətlərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir… O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir».
Bir qrup tədqiqatçılar qeyd edirlər ki, dözümlülük ideyası ilk dəfə XVI-XVII əsrlərdə Avropada meydana gəlmişdir. O zaman dözümlülük yalnız din və insanların vicdan azadlığı ilə bağlı olmuşdur.
Dözümlülük haqqında tam dolğun fikirlər yalnız XX əsrin ortalarında, İkinci Dünya müharibəsi bitdiyi zaman formalaşmağa başladı. Lakin bu zaman siyasi liderlər dözümlülüyü yox, insan hüquqlarını və vətəndaş azadlıqlarını önə çəkirdilər.
Bu gün tolerantlıq insan hüquqlarının həyata keçirilməsinin, sülhə nail olmağın ayrılmaz hissəsi kimi qəbul edilir. Tolerantlıq güclü əlaqələr yaradır, daha sıx əməkdaşlığa yol açır, insanların həmrəyliyini möhkəmləndirir. Tolerantlıq ədavəti və fikir ayrılığını aradan qaldırmağa kömək edir, zorakılığa və hədə-qorxuya qalib gəlir, cəmiyyətdə təhlükəsizlik hissinin təminatçısı kimi çıxış edir.
Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlı olub insan azadlıqları və hüquqlarını demokratiya əsasmda formalaşdırır. İnsanların irqçiliyə, terrora və ekstremizmə qarşı olub, bunları qəti şəkildə qəbul etməməsi də tolerantlıq hesab edilir.
olerant insan öz rəqiblərinə və özünə hörmətlə yanaşan şəxsdir. Tolerant insan əks baxışlara dözmək, onlara səbirlə yanaşmaq, öz baxışlarını digərlərinə təzyiq göstərməklə deyil, başa salaraq inandırmaq, insan hüquqlarına riayət etmək, digərlərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə malik olan şəxsdir. Çünki tolerant münasibət qarşılıqlı münasibətdir, yəni sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər. O öz fikir ayrılığını əməkdaşlıq və dialoq prosesində aydınlaşdırır, mübahisəli münasibətlərə yol vermir, münaqişələri müzakirə və inandırma yolu ilə həll etməyə çalışır.
olerant insan öz rəqiblərinə və özünə hörmətlə yanaşan şəxsdir. Tolerant insan əks baxışlara dözmək, onlara səbirlə yanaşmaq, öz baxışlarını digərlərinə təzyiq göstərməklə deyil, başa salaraq inandırmaq, insan hüquqlarına riayət etmək, digərlərinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə malik olan şəxsdir. Çünki tolerant münasibət qarşılıqlı münasibətdir, yəni sizin başqalarını bağışlamağa gücünüz çatırsa, deməli, lazım gəldikdə onlar da sizi bağışlaya biləcəklər. O öz fikir ayrılığını əməkdaşlıq və dialoq prosesində aydınlaşdırır, mübahisəli münasibətlərə yol vermir, münaqişələri müzakirə və inandırma yolu ilə həll etməyə çalışır.
Azərbaycan xalqı da tolerantlığı milli təfəkkürün nəticəsi hesab edir. Bununla belə, Azərbaycan Respublikasının Konstitusiyası ideoloji vo siyasi müxtəliflik, çoxpartiyalılıq mövqeyindən çıxış edir. Bununla da vətəndaşlarımızın tolerantlıq və humanizm ruhunda tərbiyə olunmasına xidmət edir. Elə buna görə də Azərbaycan dövlətinin ümumtəhsil məktəblərinin qarşısına qoyduğu tələblərdən biri də sizin, yəni gələcək vətəndaşların arasında bərabər imkanların və qarşılıqlı əməkdaşlığın yaradılmasıdır.Plüralizm şəraitində hər bir kəs istədiyi baxışlara, dünyagörüşünə malik ola bilir, lakin həm də başqalarının həmin hüquqlarına hörmətlə yanaşır, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət bəsləyir. Demək, tolerant cəmiyyət plüralizmin hökm sürdüyü multimədəni cəmiyyətdir.
Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova
Mənbə: Həyat Bilgisi — 9 Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün «Həyat bilgisi» fənni üzrə DƏRSLİK