Jan-Jak Russo Aydınlanma dövrünün əsas filosoflarından biri hesab olunur. Yazdıqlarından onun “insanlar arasında bərabərlik”lə maraqlandığı aydın olur. Lakin bu məsələdə qadınların bərabərliyi onun diqqətini cəlb etmirdi. 1712-ci ildən 1778-ci ilə qədər yaşamış Russo on səkkizinci əsrin intellektual fikri üzərində böyük təsirə malik olmuşdur. O, fransız inqilabı ilə nəticələnən siyasi aktivizmi alovlandırmış və Kantın etika barədə düşüncələrinə təsir etmiş, etikanın köklərini insan təbiətinə bağlamışdır.
Onun 1762-ci ildə yazdığı “Emil və ya tərbiyə haqqında” traktatı və “Sosial müqavilə” kitabı müvafiq olaraq təhsil və siyasət haqqında fəlsəfələrə təsir göstərmişdir. Russonun əsas arqumentini belə xülasə etmək olar ki, “insan yaxşıdır, lakin sosial institutlar tərəfindən korlanıb”. O həmçinin yazırdı ki, “təbiət insanı xoşbəxt və yaxşı yaradıb, lakin cəmiyyət onu mənəvi cəhətdən korlayır və səfilləşdirir.” Qadınların həyatı isə Russonun düşüncələrini bu dərəcədə ilhamlandırmırdı. O, qadınları kişilərdən asılı olan daha zəif cins kimi görürdü.
Russonun qadınlar haqqında ziddiyyətli fikirləri
Russo insanların bərabərliyi haqqında düşüncələrinə görə mədh edilsə də, əslində o, qadınların bərabərliyə layiq olduğuna inanmırdı. Russoya görə, qadınlar kişilərdən daha az rasional olduqlarına görə, yaxşı yaşamaları, əmin-amanlıqda olmaları üçün kişilərə etibar etməyə məcburdurlar. O bu fikri irəli sürürdü ki, kişilər qadınları arzulaya bilər, lakin sağ qalmaq üçün onlara ehtiyacları yoxdur, lakin qadınlar kişiləri həm arzulayırlar, həm də onlara ehtiyacları var. “Emil”də kişilərin və qadınların təhsil-tərbiyə ethiyacları arasında fərq olduğunu da yazır. Russoya görə, həyatın əsas məqsədi qadın üçün həyat yoldaşı və ana olmaq olduğu üçün, qadınların kişilərin ənənəvi olaraq malik olduğu səviyyədə təhsil almalarına ehtiyac yoxdur. Belə əsaslandırır:
“Kişi və qadının istər xarakter, istərsə də temperament baxımından eyni cür yaradılmadığı və yaradılmamalı olduğu artıq aydındır. Bu o deməkdir ki, onlar eyni cür təhsil də almamalıdırlar. Təbiətin təlimatlarına əsasən onlar birgə hərəkət etməlidirlər, lakin eyni şeyi etməməlidirlər; onların vəzifələrinin ümumi məqsədi var, lakin vəzifələrin özü fərqlidir və nəticə olaraq da, bu vəzifələri yönləndirən həvəslər, meyllər də fərqlidir. Təbii kişi yaratmaq cəhdlərimizdən sonra, gəlin işimizi yarımçıq qoymamaq üçün, bu kişiyə yaraşan qadının da necə yaradılmalı olduğuna baxaq.”
Bəzi tənqidçilər “Emil”i Russonun qadının kişiyə qulluqçu olmalı olduğu haqqında fikirlərinə sübut kimi nəzərdən keçirirlər, digərləri isə onun bunları kinayə ilə yazdığını iddia edir. Bəziləri həmçinin “Emil”də qadınlar və tərbiyə haqqında fikirlərindəki fundamental ziddiyyətləri göstərirlər. Russo öz əsərində qadınların gənclərə təlim-tərbiyə, təhsil verməkdə məsul olduqlarını qeyd edir, lakin eyni zamanda qadınların mühakimə, fikir yürütmək bacarıqlarının olmadığını vurğulayır. “Qadınların bütün təhsili kişilərə uyğun olmalıdır. Onları razı salmaq, onlara faydalı olmaq, özlərini sevdirmək və kişilər tərəfindən şərəfləndirilmək, kişilər gənc olarkən onları öyrətmək, təlib-tərbiyə vermək…” Əgər qadınlar fikirləşmək qabiliyyətindən məhrumdurlarsa, kimisə, hətta gənc uşaqları belə necə öyrədə bilərlər?
Russonun qadınlar haqqında fikirləri yaşlandıqca daha mürəkkəbləşdi. Russo həyatının daha gec dönəmində yazdığı “Etiraflarında”, onun cəmiyyətin intellektual dairələrinə girə bilməsində yardım edən bir neçə qadını xüsusi vurğulayır. Aydın olur ki, onun bir elm insanı kimi yetişməsində ağıllı qadınların rolu olub.
Meri Uolstonkraft Russoya qarşı
Meri Uolstonkraft (18-ci əsr britaniyalı yazıçı, filosof və feminist) “Qadın hüquqlarının müdafiəsi” adlı kitabında və qadınların məntiqli olduqlarına və təhsildən faydalana biləcəklərinə dair digər yazılarında Russonun qadınlar haqqında söylədiyi bəzi məqamlara toxunur. O, qadının yeganə məqsədinin kişiləri məmnun etmək olduğu fikrini sorğulayır. Həmçinin Russoya birbaşa müraciət edərək onun təhsilsiz və cahil bir xidmətçi qıza olan sevgisini böyük istehza ilə yazır.
“Tərifi göylərə qaldırılmış bir qadın xarakterini Russo qədər kim yaradıb indiyədək? Lakin əsərlərinin çoxunda bu cinsi davamlı alçaltmağa cəhd edir. O, niyə belə həyəcanlıdır? Həqiqətdə, həmin səfeh Terezaya olan bağlılığına, ona şəfqət göstərməyə vadar edən öz zəifliyinə və məziyyətinə bəraət qazandırmaq üçün. Russo bu qadını qadın cinsinin ümumi səviyyəsinə qaldıra bilmədi, buna görə də qadınları bu qadının səviyyəsinə endirməyə çalışırdı. O bu qadında öz rahat, sadə tərəf müqabilini tapmışdı. Qüruru isə birlikdə yaşadığı insanın bəzi yüksək məziyyətlərini tapmağa məcbur edirdi onu. Lakin istər Russo həyatda ikən, istərsə də ölümündən sonra bu qadının davranışları, Russonun onu “ilahi məsum” adlandırarkən necə böyük yanlışa uğradığını göstərir.”
Kişilər və qadınlar arasında fərq
Russonun qadınlarla bağlı fikirləri tənqid olunurdu, lakin onun özü də etiraf edirdi ki, cinslərarası fərqlə bağlı mülahizələrinin möhkəm təməli yoxdur. O, qadınları və kişiləri ayıran bioloji fərqlərin nədən ibarət olduğundan əmin deyildi, bu fərqləri yalnız “müəyyən dərəcədə fərqlər” adlandırırdı. Lakin onun inancına görə, bu fərqlər kişilərin “güclü və aktiv”, qadınların isə “zəif və passiv” olduqlarını söyləməyə kifayət edirdi. Russo yazırdı:
“Əgər qadın kişini məmnun etmək və ona tabe olmaq üçün yaranıbsa, o, kişini qıcıqlandırmaqdan daha çox, özünü daha xoşagələn, məmnunedici etməlidir. Qadının xüsusi gücü onun lətafətindədir. Bu vasitələrlə qadın kişini öz gücünü kəşf etməyə və ondan istifadə etməyə vadar etməlidir. Bu gücü oyandırmağın ən etibarlı yolu onu müqavimətlə yönləndirməkdir. Beləcə, qürur arzunu gücləndirir və hər biri digərinin qələbəsində zəfər çalır. Buradan hücüm və müdafiə doğur, bir cinsin cəsurluğu, digərinin qorxaqlığı doğur, nəhayət sanballılıq və güclünü fəth etmək üçün təbiətin zəifi silahlandırdığı utanc doğur. ”
Fürsətlər və qadın qəhrəmanlığı arasında əlaqə
“Emil”dən əvvəl Russo cəmiyyətə təsir etmiş bir sıra qadın qəhrəmanların adlarını sıralayır. O, Zenobia, Dido, Lukretsia, Janna D’Ark, Kornelia, Arria, Artemisia, Fulvia, Elizabet və Tököli qrafinyası haqqında müzakirə açır. Qəhrəman qadınların töhfələri nəzərdən qaçmamalıdır.
“Əgər qadınların biznes və imperiyaların hökumətlərinin idarəedilməsindəki payı bizimki qədər böyük olsaydı, ola bilər ki, onlar daha böyük qəhrəmanlıq və böyük cəsarət göstərə bilərdilər və özlərini böyük ölçüdə digərlərindən fərqləndirmiş olardılar. Dövlətləri və orduları idarə etmək kimi yaxşı şansa sahib olmuş bəzi qadınlar ortabab olaraq qaldılar. Onların, demək olar, hamısı müəyyən dərəcədə parlaq işlər görüb fərqləndilər və bizim heyranlığımıza layiqdilər…Lakin, təkrar edirəm, əgər onların azadlığı ilə bərabər bizim ədalətsizliyimiz talanmış olmasaydı, say nisbəti saxlanıldığı halda, qadınlar kişilərdən daha çox ruh böyüklüyü və məziyyət sevgisi nümunələri yarada bilərdilər.”
Burada Russo açıq-aydın göstərir ki, əgər cəmiyyəti formalaşdırmaq fürsəti kişilərə verildiyi qədər qadınlara da verilsəydi, qadınlar dünyanı çox yaşı dəyişə bilərdilər. Qadınlar və kişilər arasında hansısa bioloji fərqlər mövcud olsa da, zəif cins adlandırılan qadınlar böyüklük gücünə sahib olduqlarını dəfələrlə göstərmişlər.
Con Conson Levis
bilge.az