Bertran Rasselə görə aqnostisizm nədir?

Bertran Rasselə görə aqnostisizm nədir?

“Əslində son günlərdə baş vermiş hadisələrə görə, o qədər də xoşhal deyildim. Ancaq idarəyə çatanda sözün əsl mənasında nəşələnmişdim.

Orada anketimi dolduran növbətçi gizir dini inancımı soruşdu. Sualı soyuqdan uyuşmuş səs tellərimin ciyiltili tembriylə cavabladım: 
— Aqnostikəm.

Öncə nəsə yazmaq istədi, amma yazmağı dayandırıb qələmi vərəqdən çəkmədən başını qaldırdı:
— Mm… Bu söz necə yazılır? Əslində bilirsinizmi, bütün bu dinlər, elə sizin inandığınız da, hamısı sadəcə bir tanrıya “xidmət edir”.

Bu hadisə həbsxana günlərimdə və sonrakı həyatımda məni daimi nəşəli saxladı…” 
Bertran Rassel avtobioqrafiyasını yazarkən ilk dəfə həbs olunduğu zamanın xatirələrini bu cümlələrlə ifadə edib.

Rassel, şübhəsiz, XX əsrin ən yadda qalan filosoflarındandı. “Yadda qalmaq” kəlməsini onun sadəcə fəlsəfi fikirlərinin gücünə görə demirəm. Çünki o, sadəcə fəlsəfəylə məhdudlaşmırdı. Britaniyalı filosof həm də mükəmməl riyaziyyatçı, tarixçi, dilçi, ideyaları uğrunda həbsxanada yatacaq qədər qətiyyətli aktivist və 1950-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı alacaq qədər bacarıqlı müəllifdi...

1970-ci ildə dünyayla vidalaşan bu dəyərli şəxsiyyət yaşadığı 97 ili yetərincə dolu və səmərəli keçirib. Sözün həqiqi mənasında ilham qaynağı sayılacaq qədər vacib şəxsiyyət olub. Teologiya sahəsində insanlara ən çox yol göstərdiyi mövqe isə aqnostisizmdi. Ondan Tanrının varlığı/yoxluğu, ya da hansısa dinlə bağlı soruşulanda özünün aqnostik olduğunu hər fürsətdə vurğulayıb, zamanlasa aqnostik fəlsəfə cərəyanına yön verən filosoflardan birinə çevrilib...

Aqnostisizmi söz olaraq təhlil etsək, qədim Yunan dilində “an” və “bilən” mənasını verən “gnostikos” sözünün birləşməsindən əmələ gəlib. Yəni dünyanı dərk etməyin mümkün olmadığını, insan ağlının məhdudluğunu, insanın duyğu və hisslər xaricində heç nəyi dərk edə bilmədiyini iddia edən fəlsəfi cərəyan. Və bu dediklərimiz də ateizmlə aqnostisizmi tamamilə bir-birindən ayırır.

Bertran Rasselin 1952-ci ildə yazılmış, lakin heç vaxt nəşr olunmamış bir məqaləsində qeyd etdiyi, “Rasselin çaydanı” kimi bilinən məşhur müqayisəsində də açıq şəkildə deyilir:

“Əgər Yer və Mars arasında ellipsvari formada, günəşin ətrafında fırlanan missdən hazırlanmış hansısa çaydanın olduğu fikirini irəli sürsəm, bu fikrə çaydanın varlığının ən yeni və ən güclü teleskoplarla belə təsbit olunmayacağı cümləsini də əlavə etsəm, heç kim bu fikirimin əksini sübut edə bilməzdi. 

Bununla kifayətlənməyib, iddia, həmçinin müdafiə etdiyim bu fikrimin əsla təkzib oluna bilməyəcəyini desəm, hətta bir az da irəli gedib insan oğlunun bu fikirlərimə şübhəylə yanaşmasının nankorluq, axmaqlıq olduğunu vurğulasam, yəqin ki, hamı zırrama olduğumu düşünərdi. Ancaq əgər bu fikirlərim yəni hansısa uçan çaydanın varlığı nəzəriyyəsi, köhnə kitablarda da təsdiqini tapsaydı, hər bazar günü kilsədə müqəddəs “reallıq” olaraq elan edilsəydi, məktəblərdə, univeristetlərdə uşaqların, gənclərin beyninə yeridilsəydi… çaydanımın varlığından heç kim şübhə etməzdi… Şübhə edənlərisə, indiki zamanlarda molla, keşiş, keçmişdəsə inkvizisiya hakimiylə görüşdürəcəkdilər”.

Filosof bu cümlələrlə demək istəyir ki, cəmiyyətin bir qisminin əl üstündə tutduğu müqəddəs dəyərlərin, dini iddiaların necə, hansı şərtlərdə, hansı səbəblərdən yarandığı haqqında dəqiq fikirimiz yoxdur və heç vaxt da olmayacaq. Elə bu naməlum səbəblərə görə, məqaləsində işlətdiyi kiçik, dəxlisiz çaydanı misal çəkir və onu müqəddəsləşdirirdi. Düşünürdü ki, Tanrının mövcudluğu elmi müstəvidə sübut olunmayacağı təqdirdə, onun varlığını dəqiqliklə bilməyimiz heç vaxt mümkün olmayacaq.

Bugünkü gündə belə, bizə gülünc gələn həmin çaydan misalı, Riçard Doukins və Karl Saqan kimi bir çox mütəfəkkir və alimə ilham olmağıyla yanaşı, “Uçan spagetti əjdahası kilsəsi (Pastafaryanizm)” və “İnvisible Pink Unicorn” (“Görünməz çəhrayı təkbuynuz”) kimi dini cərəyanlara da təkan verib. 

Rassel aqnostisizmlə bağlı ən çox diqqət çəkən və maraq doğuran fikirlərini “Look” jurnalının 1953-cü ilin noyabr tirajındakı “What is an Aqnostic?” başlıqlı məqaləsində ifadə edib. Elə mən də öz məqaləmi oradakı son sualın son cavabıyla sonlandırıram.
— Cənab Rassel, sizi Tanrının varlığına nə inandıra bilər?
— Qarşıdakı 24 saat içərisində baş verəcək hər şeyi hansısa səs və ya məktub vasitəsilə mənə göydən ərz edilərsə, deyilənlərin hər biri son detalına qədər yüzdə yüz baş vermiş olarsa, bəlkə dindarlarla razılaşa bilərəm…

Orxan KƏRİMOV
Top